Məhkəmə qərarları › İş №3(049)-1649/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1649/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1649/2023 16.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında 30 oktyabr 2023cü il tarixli, MN № ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Lənkəran rayonu Vilvan kəndi ərazisində keçirilən monitorinq zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X6» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsində mişar daşından təqribən 700 kv.m. ölçüdə yarımçıq tikili inşa olunduğu aşkar edilmişdir. Bununla da, «X6» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7izahatında bildirdi ki, Lənkəran rayonu Vilvan kəndində yerləşən «X6» MMC-yə məxsus olan torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Qanunvericiliyin tələbinə əsasən, qeyd edilən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə müvəqqəti tikililərin tikintisinə icazə verildiyinə baxmayaraq «X6» MMC tərəfindən beton dayaqlar və mişar daşından istifadə ediməklə əsaslı tikinti işi aparımışdır. Tkintidə istifadə edilən beton qatı torpaq sahəsinin münbit qatını zədələmişdir. Həmçinin qeyd edilən torpaq sahəsində hər hansı qeyri yaşayış təyinatlı tikilinin tikintisinə dair müvafiq qaydada sənədləşdirmə aparılmamışdır. Belə ki, bu barədə tikintiyə arxitektura komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan icazə alınması tələb edildiyinə baxmayaraq bu barədə həmin orqanlardan icazələr alınmadan tikilinin layihəsinin razılaşdırlmasına dair Lənkəran Şəhər İcra Hakimiyyətinin baş memarı Axundovun imza və möhürü ilə kiyafətlənərək tikinti işləri aparılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində kənd təsərrüfat təyinatlı torpaq sahələrindən istifadə qaydası dəqiq müəyyənləşdirilmişdir və bu sahədə qanunvericilikdə heç bir qeyri müəyyənlik yoxdur. «X6» MMC tərəfindən həmin torpaq sahəsindən təyinatı üzrə istifadə qaydaları pozulmuşdur. 30 oktyabr 2023-cü il tarixdə «X6» MMC barəsində tərtib olunmuş protokol əsaslıdır, odur ki, MMC inzibati qaydada cərimələnməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X6» MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, “X10” MMC barəsində tərtib olunan protokol qanunsuz və əsassızdır. Belə ki, tikintinin aparıldığı torpaq sahəsi “X6” MMC-nin mülkiyyətindədir və orada talvar tikintisi üçün xüsusi razılıq alınmışdır. Tikintilər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinə uyğun olaraq aparılmalıdır və bununla bağlı “X6'’ MMC tərəfindən də tikintinin aparılması üçün razılıq alınmışdır. Tikintinin təyinatı kənd təsərrüfatı təyyinatlı olduğundan bu əsaslı bir tikinti deyildir. Sadəcə dəmir konstruktiv quraşdırmadır ki, onun da oturacaqlarının bərkidilməsi üçün müəyyən həcmdə beton qatına ehtiyac vardır. Bununla bağlı da Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmışdır. Hesab edir ki, “X6” MMC olaraq halhazırda apardıqları tikinti və torpaq sahəsindən istifadə tamamilə qanunidir. Görülən işlər və aparılan tikinti ölkənin milli iqtisadiyyatına tövhə vermək üçün əlverişli işlərin aparılmasından ibarətdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Eyni məcəllənin 79.2-ci maddəsində isə göstərilir ki, bu Məcəllənin 79.1.1. 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Bununla əlaqədar “X6" MMC də öz növbəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsindən kənd təsərrüfatı məhsullarının saxlanılması üçün metal konstruksiyalı talvarın tikintisinin aparılması ilə bağlı razılıq almışdır və bununla bağlı layihə də mövcuddur ki, sözügedən tikintinin qanun çərçivəsində olduğunu sübut edir. Odur ki, protokol əsassız olduğundan qanunamüvafiq qaydada qərar qəbul edilərək icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən ümumi sahəsi 1,557 ha olan torpaq sahəsi “X6” MMC-nin xüsusi mülkiyyətindədir. Qeyd edilən çıxarışda həmin torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ƏMDX-nin Lənkəran ərazi şöbəsinin əməkdaşları X7, X8, X3, FHN-nin Cənub Regional Tikinti Müfəttişliyinin əməkdaşı X9 və "X6 MMC-nin nümayəndəsi (hüquqşünas) Nümayəndə iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, İiqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsı’ni və “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnaməsini rəhbər tutaraq torpaq sahəsinin istifadə vəziyyəti, qanunsuz olaraq tikintisi aparılan obyektlər və davam edən tikintilər, eləcə də torpaq qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olan digər halların qarşısının alınmasından ötrü, Lənkəran rayonu Vilvan kəndi ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı Lənkəran rayonu Vilvan kəndi ərazisində ‘X10” MMC (VÖEN **********) tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması halı aşkar olunmuşdur. Belə ki. təqdim olunmuş sənədlərə əsasən araşdırma zamanı məlum olmuşdur ki, **********29 reyestr nömrəli çıxarış əsasında Lənkəran rayonu Vilvan Kəndi ərazisində yerləşən 1.557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "X6” MMC- nin mülkiyyətindədir. “X10” MMC tərəfindən mülkiyyətində olan 1.557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mişar daşından təqribən 600 kv.m yarımçıq tikili inşa olunmuşdur. “X6” MMC-nin nümayəndəsi X1 yarımçıq tikilinin qeyri-yaşayış binası (soyuducu-anbar) tikmək məqsədi ilə inşa etdiyini bildirmiş və kənd təsərrüfatı məhsullarının saxlanılması üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlı və Tikinti şöbəsi tərəfindən təsdiq olunmuş metal konstruksiyalı talvarın layihəsini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş sifarişçi “X10” MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə Lənkəran rayonu, Vilvan kəndində kənd təsərrüfatı məhsullarının saxlanılması üçün metal konstruksiyalı talvarın layihəsi əks olunmuşdur. Qeyd edilən layihənin üzlüyündə “Razılaşdırılmışdır: Lənkəran şəhərinin baş memarı: M.Axundov, imza, möhür” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, torpaq sahəsində beton bünövrənin üzərində beton dayaqlardan və mişar daşından ibarət 7 ədəd mişar daşı hündürlüyündə tikili mövcuddur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin məcəllənin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, "X6” MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən ümumi sahəsi 1,557 ha olan torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı” olmasına baxmayaraq həmin torpaq sahəsində mülkiyyətçisi tərəfindən “müvəqqəti tikili” deyil təyinatına uyğun olmayaraq beton bünövrədən və mişar daşından ibarət əsaslı qeyri yaşayış tikilisi inşa edilmişdir. Həmçinin qeyd edilən qeyri yaşayış tikilntisinə dair qanunamüvafiq qaydada iczənin alınması işin məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. "X6” MMC-nin təqsiri tərəflərin izahatları və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə-fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında əsasnamənin 3-cü bəndində qeyd edilmişdir ki, Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirirlər. Həmin əsasnamənin 4-cü bəndində qeyd edilmişdir ki, Torpaqlardan istifadə və onların mühafizəsinə Dövlət nəzarəti orqanlarının tərkibinə həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələri daxildir. Eyni əsasnamənin 8-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerli bölmələrinin rəhbərləri vəzifələrinə görə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə rayon, şəhər dövlət müfəttişləridir, yerli qurumların (bölmələrin) dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş işçiləri isə müvafiq rayon və şəhər torpaqlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişlərdir. Həmin əsasnamənin 9.1-ci bəndində qeyd edilir ki, öz səlahiyyətli daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi ölkə ərazisində bütün torpaqların səmərəli istifadəsinə və onların mühafizəsinə dövlət nəzarətini təşkil edir və həyata keçirir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta hqqında protokol əsaslıdir. Odur ki, "X6” MMC inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. "X6” MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə "X6” MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ :

1. "X6” MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin.

2. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın

3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar