Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1665/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində protokol tərtib edilmiş Şəxs, onun müdafiəçisi Lənkəran Vəkil bürosunun vəkili Vəkil, iştirakı, xx.xx.1994-ci il tarixdə Lənkəran rayonu, Gərmətük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Lənkəran rayonu, Gərmətük kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 333.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına 08 dekabr 2023-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10.55-də «MERCEDES 230 Minik» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sərxoş halında idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 333.1-1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında protokolu tərtib etmiş Lənkəran RŞPŞ-nin YPX-nin inspektoru X1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, Şəxs idarə etdiyi avtomobildə, Velədi kəndində işıqforu keçmiş, onlar onun avtomobilini saxlayaraq xidməti avtomobillərinə dəvət etmiş, orada alkotestr vasitəsilə onun sərxoşluğu müayinə olunmuş, onda yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. Bu zaman o narazılıq etsəydi hal şahidlərinin iştirakı ilə müayinə olunardı. O, hal şahidlərini tələb etməmişdir. Çünki narazılıq etməmişdir. Bundan sonra Şəxs onlara 100 manat təklif edərək onu buraxmasını xahiş etmişdir. Bu anı onlar öz mobil telefonlarına çəkmişlər, çünki xidməti avtomobillərinin kamerası çölü çəkir, işərini çəkmir. Onlar onunla razılaşmayıb onu şöbəyə aparmışlar. Protokol xidməti otaqda tərtib edilərək təqdim edilir. Onu özü tərtib etmişdir. Şəxs alkotestrin nəticəsindən narazı olduqda, inzibatçı onu tibbi müayinədən keçmək üçün ona göndəriş verməlidir. Onlara təqdim olunmuş alkotestrləri inzibatçılar 03 aydan bir yoxlamadan keçirməlidirlər. Alkotestrə qoşulan müştüqləri inzibatçı onlara verir. Onlardan istədiyi qədər götürürlər. Hər bir müştüq bir dəfə istifadə olunur. Müştüqlər iki cür olur. Onlardan bəzilərinə uzaqdan üfürülür. Məhkəmədən protokoun təmin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü o, avtomobilini işıqforda saxlayan zaman polis əməkdaşları ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirib onu saat 10:55-də xidməti avtomobillərinə əyləşdirmişlər. Ona bildirmişlər ki, o içklidir. Avtomobildə alkotestrlə yoxlama aparılmış və bu zaman onda 0,354 promil sərxoşluq aşkar olunmuşdur. Müayinədən qabaq alkotestrin müştüqünü dəyişməmiş və sterelizə etməmişlər. Əslində o, spirtli içki içməmiş və çox ehtimal ki, müayinədən qabaq inspektorlar ösləri müştüqə spirt damcılamışlar. Bundan sonra onlar 10 dəqiqə onunla avtomobildə söhbət etmişlər. Ona demişlər ki, elə yerində danışaq, başqa yerə getsə 1000-1500 manat pulu çıxacaqdır. O, onlarla razılaşmayıb təkid etmişdir ki, onu həkimə aparsınlar. Buna baxmayaraq onu şöbəyə aparmışlar. Şöbədə onun üzərinə qışqıraraq məcburi qaydada izahat yazdırmışlar. Bundan sonra onu şöbədən buraxmışlar. Şöbədən çıxandan dərhal sonra həkimin yanına gedərək təxminən 20-30 dəqiqədən sonra müayinədən keçmişdir. Müayinə nəticəsində bədənində spirtin olması aşkar olunmamışdır. O, inspektorların hərəkətlərindən 102 Xidmətinə zəng etmişdir. Məhkəmədən inzibati iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İclas iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati materialdan görünür ki, inzibati hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş və inspektor alkotestr vasitəsilə müayinə apararaq Şəxs yüngül dərəcəli sərxoşluq aşkar etmişdir. Məhkəmə həmin alkotestrin nəticələrini etibarsız sayır. Belə ki, inzibati materiala əlavə edilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında” RN seriyalı 012117 saylı Şəhadətnamənin surətindən görünür ki, sonunsu dəfə alkotestr yoxlamadan xx.xx.2023-cü il tarixdə keçirilmiş, növbəti yoxlama isə xx.xx.2023-cü il tarixdə olmalı idi. Lakin məhkəmə iclasında müəyyən olundu ki, sonrakı yoxlama xx.xx.2023-cü il tarixdə olunmalı olsa da, olunmamışdır. Yəni, alkotestr sərxoşluğu müayinə etmək üçün yarasız olmuşdur. Bu səbəbdən də məhkəmə həmin alkotestrin xx.xx.2023-cü il tarixli nəticələrini etibarsız hesab edir. Bundan əlavə yuxarıda qeyd olunan protokol tərtib edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının bir çox tələbləri pozulmuşdur. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Lakin şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 1 nüsxədə tərtib olunmuş və həmin şəxsə protokolun surəti təqdim edilməmişdir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə iclasında inspektor bildirmişdir ki, müayinə zamanı Şəxs narazılıq etsəydi hal şahidlərinin iştirakı ilə müayinə olunardı. O, hal şahidlərini tələb etməmişdir. Çünki narazılıq etməmişdir. Məhkəmə inspektorun bu fikri ilə razılaşmır. Belə ki, İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Lakin Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcbur olunduğu halda, onların iştirakı təmin edilməmişdir. Bundan əlavə Şəxs protokolu imzalaya zanam “yazılmış protokolla razı deyiləm” sözlərini qeyd etmişdir. Bu hal ona dəlalət edir ki, ona mütləq olaraq tibbi müayinədən keçmək üçün göndəriş verilməli idi. Lakin materiala “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” xx.xx.2023-cü il tarixli protokol əlavə edilsə də, həmin protokol formal olaraq, görüntü üçün tərtib edilmişdir. Belə ki, həmin protokol DYP əməkdaşı və inzibati xətanı törətməkdə təqsirləndirlən şəxs tərəfindən imzalanmamışdır. Bu hal ona dəlalət edir ki, Şəxs alkotestrin nəticəsindən narazı qalsa da, o, tibbi müayinəyə göndərilməli olduğu halda, göndərilməmiş, həmin protokol sonradan tərib edilmişdir. Onun sərxoş olmaması “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli 000842 saylı protokolla təqsiq olunur. Həmin protokoldan görünür ki, müayinə saat 12:00-da , inzibati hadisədən 01 saat 05 dəqiqədən sonra aparılmış və onda alkogol sərxoşluq müəyyən olunmamış, müayinənin nəticəsi 0,00% olmuşdur. Nəzərə alınsa ki, hər bir saatda bədəndə 0,15 % spirt azalır, onda inspektorun saat 10:55-də alkotestrnin nəticəsi olan 0,354%-dən saat 12:00-a 0,204 % qalmalı idi. Lakin həmin saata spirtin aşkar olunmaması ona dəlalət edir ki, Şəxs ümumiyyətlə sərxoşluğun əlamətləri olmamışdır. Bundan əlavə protokola video və səs yazısı əks olunan disk əlavə olunmalı olduğu halda, protokolu tərtib etmiş şəxs qanunda nəzərdə tutulmayan mobil telefonu ilə aparılmış görüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin görüntüləri, qanuna zidd yolla əldə olunduğundan, sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunmuş İXM-nin 69.2 və “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının bir neçə bəndinə riayət olunmadığından, eləcə də müayinə vaxtı ötmüş alkotestrlə aparldığından Şəxs təqsirsiz nesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə Şəxs əməlində qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə məhkəmə hesab edir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(049)-1665/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1665/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver