Məhkəmə qərarları › İş №3(049)-1672/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1672/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1672/2023 27.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər Rayon X8 Patrul Xidmətinin inspektoru X7 tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs özünə məxsus “MERCEDES BENZ A-180” minik markalı **-EZ-*** nömrəli avtomaşınla xx.xx.2023-ci il tarixdə saat 15 radələrində Lənkəran rayon Şilavar kəndində hərəkətdə olduğu zaman fikri yayındığından piyadaçı X3 vurmuş və hadisə yerindən yayınmışdır. X1 yüngül bədən xəsarəti yetirmişdir. Həmin hərəkəti ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışı zamanı Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “MERCEDES BENZ A-180” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən işlədiyi yerdən əsas yola çıxmağa hazırlaşarkən yolun əsas hərəkət istiqamətinə baxmış, digər tərəfə baxmamışdır. Hərəkətə başlayarkən digər tərəfdə olan piyadanı vurmuşdur. Hadisədən sonra hadisəni aydınlaşdırmaq üçün idarə etdiyi avtomaşından düşmüş, piyada isə qaçıb getmişdir. O, həmin piyadanı tanımır. Sonradan onunla polis idarəsində rastlaşmışdır və həmin şəxs ona bildirmişdir ki, onu avtomaşınla vurub. O, hadisədən sonra həmin piyada ilə maraqlanmamışdır və ona heç bir maddi köməklik göstərməmişdir. Özünü təqsirli bilmir. Məhkəmədən ona ən yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən zərərçəkmiş şəxs və inzibati orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. Məhkəmə zərərçəkmiş şəxsin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 1073 nömrəli rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində alın, burun nahiyələrində əzilmiş yaralar, sol dirsək nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23 oktyabr 2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşınının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Həmin qərar əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın aidiyyatı üzrə BDYPİ-ə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. 2.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar