Məhkəmə qərarları › İş №3(049)-1673/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1673/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1673/2023 14.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu Narbağı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 511.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 noyabr 2023-cü il tarixdə saat 15:47 radələrində «Man TGX 18.480 yük» markalı ** HJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirdiyinə görə barəsində İXM-nin 511.1.1-ci maddəsi ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Narbağı kənd yolunda «Man TGX 18.480 yük» markalı ** HJ *** dövlət qeydiyyat nömrə nişanlı maşınla dostunun toy karvanında hərəkətdə olan zaman ardıcıl kobud qayda pozuntuları etdiyi üçün yol polis əməkdəşları onu saxlayb polis şöbəsinə gətiriblər. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəkdir. Əlilliyi yoxdur. Barəsində aşağı həddə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Lənkəran ŞİHB-nın Qurumba kənd inzibati ərazi dairəsində nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu Narbağı kəndində anadan olmuşdur, tam orta təhsillidir, evlidir, beş uşağı var. Abışov X1 yaşadığı müddətdə özünü sakit aparmış, yaşlılarla, qonşularla daim səmimi münasibətdə olmuş, kənddə nümunəvi davranışı ilə seçilmişdir. Kənd sakinlərindən onun haqqında heç bir şikayət numayəndəliyə daxil olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə saat 15:47 radələrində «Man TGX 18.480 yük» markalı ** HJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirmişdir. Belə ki, İXM-nin 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə, yəni aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 68.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edib peşiman olmasını və ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, himaysində beş azyaşlı uşağının olmasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1(bir) il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar