Məhkəmə qərarları › İş №3(049)-1686/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1686/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1686/2023 17.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Şəxs, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonu Digah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məmmədov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-116/2018 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən Məmmədov Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 17 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Şəxs məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qətnaməsindən məlumatı olsa da maddi imkanı olmadığı üçün ödəyə bilmir. Hazırda zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 bildirmişdir ki, oğlu Lənkəran Rayon Məhkəməsinin 2(049)-116/2018 saylı, 05 fevral 2018-ci il icra sənədi üzrə borclu Məmmədov Şəxs ilə barışıblar və onun ondan heç bir aliment tələb yoxdur. Onun barəsində olan inzibati işin icrasına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Məmmədov Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-116/2018 saylı, 05 fevral 2018-ci il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Məmmədov Şəxs dəfələrlə tələbin könülllü icrası barədə bildiriş göndərilsə də, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini tam şəkildə yerinə yetirməmiş, nəticədə 1950 manat borcu yaranmışdır. Lakin buna baxmayaraq Şəxs Məmmədov mütəmadi olaraq onun çağırışlarına gəlir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-116/2018 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, Məmmədov Şəxs 18 iyun 2010-cu il tarixdə doğulmuş Məmmədova Əfşan Şəxs qızı və 31 may 2011-ci il tarixdə doğulmuş Məmmədov Amin Şəxs oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə sabit pul məbləğində ayda 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment alınıb X1 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-116/2018 saylı, 05 fevral 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-116/2018 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Məmmədov Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lakin borclunun bildirişi alıb-almaması barədə sənəd əlavə edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-116/2018 saylı, 05 fevral 2018-ci il tarixli icra sənədinin icrası məqsədilə xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu Digah kəndində doğulmuş, Lənkəran rayonu Digah kəndində qeydiyyatda olan və yaşayan borclu Məmmədov Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Lənkəran Rayon Məhkəməsinin 3(049)-1094/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Məmmədov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Məmmədov Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, borclu Məmmədov Şəxs ilə barışıblar və onun ondan heç bir aliment tələb yoxdur. Onun barəsində olan inzibati işin icrasına xitam verilməsini xahiş edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-1-ci maddəsinin dispozisiyasına görə «məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Məmmədov Şəxs əməlində o halda İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Məmmədov Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, o icra məmurunun çağırışlarına mütəmadi olaraq gəlmiş, məhkəmənin icra sənədi üzrə yaranmış aliment borcunu qismən də olsa ödəmişdir, yəni onun qərəzəli olaraq icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Məmmədov Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Məmmədov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar