Məhkəmə qərarları › İş №3(049)-1701/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1701/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1701/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işsiz, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla, rayonun Şürük kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində gəlini Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı döydüyünə görə barəsində İXMnin 157-ci maddəsi ilə 22 noyabr 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində gəlini Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı döydüyünə görə sonuncunun ərizəsi əsasında Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən aparılmış araşdırma zamanı, Şəxs və X2 əməlində cinayət tərkibi olmadığından 13 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxslər barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmiş və Şəxs və X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Fidan azyaşlı uşağı ilə birlikdə onlarla yaşamış, bir müddət əvvəl uşağı ilə birlikdə atası evinə getmişdir. 28 sentyabr 2023-cü il tarixdə 16 radələrində gəlini Fidan azyaşlı uşağı və atası Seymurlə birlikdə onun evinə gəlmişdir. Fidan evə keçmək istəyərkən o Fidani evə buraxmamış, evin həyətinin qapısında mübahisələri olmuş, Fidan onu yerə yıxmışdır. O və qızı Leyla Fidanı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qayınanasıdır. Münasibətləri pozulduğundan o azyaşlı uşağı ilə birlikdə atası Seymura məxsus evə getmişdir. 28 sentyabr 2023-cü il tarixdə 16 radələrində azyaşlı uşağı və atası Seymurlə birlikdə qayınanasına məxsus evə getmişdir. Həmin vaxt əri Əli evdə olmamışdır. Evin həyətinin darvazasında qayınanası Esmira onu evə buraxmamış, onun bədənin sol tərəfini, qolunu qapının arasında sıxmışdır. Həmin vaxt azyaşlı uşağı da qucağında olmuşdur. Esmiraya qızı Leyla da köməklik göstərmiş, Leyla da ona xəsarət yetirmişdir. O, Şəxs yerə yıxmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində sərt tənbeh görülməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 HK-1-3614 saylı yoxlama materialı üzrə qəbul etdiyi 13 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda Şəxs və X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxslər barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 29 sentyabr 2023-cü il tarixli, 998 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol bazu, sol bud nahiyələrində qançırlar, sol əlin İV barmağı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı X1 xx.xx.2023-cü il tarixli, 3-17-1/2-267011/2023 nömrəli arayışından görünür ki, Şəxs heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1-3614 saylı yoxlama materialı üzrə qəbul edilmiş 13 oktyabr 2023-cü il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar