Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-171/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:15 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, 09 avqust 1987-ci il tarixdə Lənkəran rayonu, Xarxatan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)- 161/2020 saylı icra sənədində əsasən borclu Şəxs 4700 manat borcu tələbkar şəxsə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1617/2023 saylı qərara əsasən 500 manat dövlət büdcəsinə ödənilməlidir. Bu tələbini icra etməkdən boyun qaçırır və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən X1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-161/2020 saylı icra sənədində əsasən borclu Şəxs 4700 manat borcu tələbkar şəxsə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1617/2023 saylı qərara əsasən 500 manat dövlət büdcəsinə ödənilməlidir. Hər iki icra sənədləri üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş və eyni zamanda xəbərdarlıq göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda faktiki olaraq işləmir. Borclu pul tələbini icra etməkdən boyun qaçırır və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclunun Lənkəran Rayon Məhkəməsinin 2(049)-161/2020 saylı icra sənədində əsasən aliment borcu 4700 manat, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1617/2023 saylı qərara əsasən isə dövlət büdcəsinə borcu 500 manat təşkil edir. İcra sənədini icra etmədiyi üçün borclu barəsində xx.xx.2024-cü il tarixli qərarı ilə borculun axtarılması ilə bağlı qərar qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə borclu Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Borcludan izahat alınan zaman o, icazəsi olaraq icra şöbəsini tərk etmiş və borclunun olduğu ünvana getdikdə borclu icra məmurlarının üzərinə silah çəkərək icra məmurlarını və özünü öldürəcəyi ilə hədələmişdir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-1 və 529.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, 03 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə boşanmış və məhkəmə tərəfindən iki uşağa görə ona 200 manat aliment müəyyən edilmişdir. Alimenti hər dəfə ödəmiş, lakin son vaxtlar imkanı olmadığı üçün ödəməmişdir. Alimenti ödəyə bilmədiyi üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500 manat inzibati cərimə edilmişdir. İcra məmuru tərəfindən ona zəng edilmiş, həmin vaxt pulu olmadığından icra şöbəsinə gəlməmişdir. Daha sonra isə icra məmurları onun evinə gələrkən artıq bezdiyi üçün silah çıxartmışdır, lakin onun məqsədi kimisə öldürmək olmamışdır. Hazırda onun maddi imkanı olmadığından borcunu tam ödəyə bilmir, əgər ona vaxt verilərsə borcundan 1000 manatı ödəyə bilər. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəxs ona hazırda 4700 manat aliment borcu var, həmin pul uşaqlarının puludur. Dəfərlərlə bildirməsinə baxmayaraq Şəxs aliment borcunu ödəməmiş, uşaqları ilə maraqlanmamışdır. Aliment borcunu tam olaraq tələb edir, hissə-hissə ödənilməsinə qəti razı deyil. Göstərilənlərə əsasən Şəxs aliment borcunu ta ödəmədiyi üçün inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində tərkib olmadığını, maddi vəziyyətinə görə borcunu ödəmək imkanı olmadığını, buna görə qərəz müəyyən edilmədiyini, bu səbəbdən də icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXMnin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-161/2020 saylı qətnaməsindən görünür ki, X5 ilə Şəxs arasında Lənkəran Rayon Qeydiyyat Şöbəsində 23 iyul 2010-cu il tarixdə, 482 sayla rəsmiləşdirilmiş nikah aktı qeydi pozulması, nikah pozulduqdan sonra cavdehdən iki uşağın yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay bir uşağa 100 manat olmaqla iki uşağa hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin 3(049)-1617/2023-cü il tarixli qərarından görünür ki, borclu Şəxs İXM-nin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş İcraata başlamaq haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-161/2020 saylı, xx.xx.2020-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş İcraata başlamaq haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1617/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Portaldan çıxarışdan görünür ki, Şəxs inzibati cərimə olan 500 manat pulu dövlətin xeyrinə ödəməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Elektron icra sistemindən çıxarışdan görünür ki, Şəxs adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 21 fevral 2024-cü il tarixli aktlardan görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları icra hərəkətləri qismində borclu Şəxs evinə getdikdə borclu ov tüfəngi ilə onları hədələyərək özünü və icra məmurlarını öldürəcəyini bildirmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, qanunvericilik inzibati cərimə növündə qərarın icra edilməsi müddətini 25 gün müəyyən etməsinə baxmayaraq, borclu Mehdiyev X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-1617 nömrəli qərarının icrasını uzun müddətdir, təxminən dörd aydır ki, həmin cərimədən heç bir ödəniş etməmiş, eləcə də bu cərimə ilə bağlı icra məmuru tərəfindən icra şöbəsinə dəvət edilməsinə, məlumatlandırılmasına baxmayaraq inzibati cərimə növündə məhkəmə qərarını icra etməmiş, eyni zamanda, Mehdiyev X2 Rayon Məhkəməsinin 2(049)-161/2020 nömrəli qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədini icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati cərimənin uzun müddətdir ödənilməməsini, həmçinin bir il ərzində təkrarən yetkinlik yaşına çatmayan şəxsrin saxlanılam xərcli ilə bağlı olan aliment borcunu ödəməməsini, eləcə də borclunun barəsində axtarış elan edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ictai işlər və ya cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. İXM-nin 31.4-cü maddəsinin tələbinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.3-cü maddəsinin tələbinə görə, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulmadığından onun inzibati həbs müddətinin əvvəli hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən, saat 15.15-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Lənkəran Rayon İcra və Probasiya şöbəsinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-171/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-171/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver