Məhkəmə qərarları › İş №3(049)-1727/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1727/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1727/2023 01.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, zərərçəkmiş şəxslər X5, X6 və X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ağsu rayonu, Pirhəsənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Hacı İsgəndərov küçəsi döngə 2, ev 31-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilçiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Girdəni kənd sakini X2 işə düzəltmək adı ilə aldadaraq 205 manat, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, V.Həsənov küçəsi ev 3Ada yaşayan sakini X3 işə düzəltmək adı ilə aldadaraq 360 manat və xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Girdəni kənd sakini X4 işə düzəltmək adı ilə aldadaraq 255 manatı ələ keçirməklə dələduzluq etdiyinə görə Şəxs barəsində Lənkəran ŞRPŞ-nin İTBnin polis sahə rəisi, polis kapitanı Toğrul Əzizli tərəfindən İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli, MN 1858425, MN ******* və MN ******* saylı protokollar tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokollar üzrə ona istinad edilən əməllərin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, etdiyi hərəkətindən peşmandır. Zərərçəkmiş şəxslər X5, X6 və X3 şəxsən tanımamışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxslərdən pul alarkən məqsədi onları işə düzəltmək olmamışdır. İnzibati xəta haqqında protokolda yazılanlarla razıdır. Əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yeməkxanada işləyən tanışı Ülvi ona nazirliyin işçisi kimi özünü təqdim edən şəxsin ona zəng edərək rəisin sürücüsü kimi bir nəfər şəxsi işə götürmək istədiyini, telefon nömrəsini götürüb özü onunla danışmağını demişdir. O da Ülvinin ona verdiyi ***-***-**-** nömrəyə zəng edib həmin şəxslə danışmış, həmin şəxs özünü Departamentin işə düzəldən şəxsi kimi təqdim etmişdir. Həmin şəxs onu 640 manat maaşla sürücü kimi onu işə düzəldə biləcəyini, buna görə 300 manat verməli olacağını, ancaq bu barədə heç kimə deməməyini və sənədləri özü düzəldəcəyini demişdir. Onun da işə ehtiyacı olduğundan həmin şəxslə razılaşmışdır. Həmin şəxs ondan sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətini istədiyindən o da telefon vasitəsi ilə ona göndərmişdir. Sonra da həmin şəxs yaxınlıqdakı Emanat aparatına yaxınlaşmasını, dediyi proqrama girməyini və 205 manat pulu göndərməyini dediyindən o da Lənkəran şəhərində yerləşən Qulamov marketdə Emanat aparatından onun adına açdığı və telefonuna göndərdiyi ********** saylı hesab nömrəsinə köçürtmüş,qəbzi də çəkib ona göndərmişdir. Həmin şəxs pulu alandan sonra ona zəng edib Lənkəran RMX-na getməyini,həkimin ona zəng edərək komissiyadan keçirəcəyini demiş və o da xəstəxanaya gedib 1 saat gözləsə də,ona heç kim zəng etməmişdir. Həmin şəxsə zəng etdikdə artıq telefonun söndürüldüyünü görmüş,həmin şəxsin onu aldatdığını başa düşmüşdür.Ona görə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində tanışı Amid ona nazirliyin işçisi kimi özünü təqdim edən şəxsin ona zəng edərək sürücü kimi bir nəfər şəxsi işə götürmək istədiyini, telefon nömrəsini verib özü onunla danışmağını demişdir. O da Amidin ona verdiyi ***-***-**-** nömrəyə zəng edib həmin şəxslə danışmış, həmin şəxs özünü Departamentin işə düzəldən şəxsi kimi təqdim etmişdir. Həmin şəxs onu 640 manat maaşla sürücü kimi onu işə düzəldə biləcəyini, buna görə 255 manat verməli olacağını, ancaq bu barədə heç kimə deməməyini və sənədləri özü düzəldəcəyini demişdir. Onun da işə ehtiyacı olduğundan həmin şəxslə razılaşmışdır. Həmin şəxs ondan sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətini istədiyindən o da telefon vasitəsi ilə ona göndərmişdir. Sonra da həmin şəxs yaxınlıqdakı Emanat aparatına yaxınlaşmasını, dediyi proqrama 255 manat pulu göndərməyini dediyindən o da Lənkəran şəhərində yerləşən Bazarstore marketdə Emanat aparatından onun adına açdığı və telefonuna göndərdiyi ********** saylı hesab nömrəsinə köçürtmüş, qəbzi də çəkib ona göndərmişdir. Həmin şəxs pulu alandan sonra ona zəng edib Lənkəran RMX-na getməyini, həkimin ona zəng edərək komissiyadan keçirəcəyini demiş və o da xəstəxanaya gedib 1 saat gözləsə də, ona heç kim zəng etməmişdir. Həmin şəxsə zəng etdikdə artıq telefonun söndürüldüyünü görmüş, həmin şəxsin onu aldatdığını başa düşmüşdür.Ona görə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. Özünü Azad müəllim kimi təqdim edən şəxs Nəqliyyat İdarəsində sürücü vəzifəsinin vakant olduğunu bildirmişdir. X11 Azad adlı şəxsin dediyi vəzifəyə düzəltmək məqsədi ilə sonuncunun ona telefonda verdiyi ***-***-**-** saylı mobil nömrənin hesabına xx.xx.2023-cü il tarixdə saat 11:51-də Lənkəran şəhəri, H.Nəsirli küçəsində yerləşən “Bazar Store" adlı dükanda olan Milliön vasitəsi ilə “Kassam” xidməti ilə 205 manat, daha sonra 12:19-da isə Lənkəran rayonu Girdəni kəndində yerləşən “Dəmirağac” adlı dükanda olan Milliön vasitəsi ilə yenə “Kassam” xidməti ilə 155 manat, ümumilikdə 360 manat məbləğində pul köçürmüşdür. Daha sonra Azad adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamağa çalışmış, lakin müsbət nəticə əldə etmədiyinə görə aldadıldığını başa düşmüşdür. Bundan sonra o dərhal Lənkəran ŞRPŞ-nə yollanaraq baş verən hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Ümumilikdə ona 360 manat məbləğində maddi ziyanlıq vurulmuş, pulunu ələ keçirən şəxsin kim olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, zərər çəkmiş şəxslərin ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmlakları talamış şəxsin və ya şəxslərin barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarların surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin arayışından görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İş materiallarına əlavə olunmuş tutma protokolundan görünür ki, Şəxs 30 noyabr 2023-cü il tarixdən saat 21:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin izahatını, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmişə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2(iki) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 30 noyabr 2023-cü il tarixdən saat 21:55-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar