Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1740/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan oğlunun iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Kərgəlan Kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində şəxsi münasibətləri zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs2 vurub ona soltəpə nahiyyəsində qançır, Zərərçəkmiş şəxs1 vurub ona sol qulaq nahiyəsində qançırdan ibarət xəsarət yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 06 dekabr 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, ondan şikayət etmiş Siyavuş və Səxavət onun qayınları, Xatirə isə qardaşı arvadıdır. Aralarında torpaq sahəsinə görə münaqişə olduğundan onlar onu məhkəməyə vermiş və məhkəmə də onun xeyrinə qərar çıxarmışdır. Lakin onlar məhkəmənin qərarına əməl etməmişlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o Əbilağa və Ekologiya idarəsinin əməkdaşları ilə birlikdə Səxavətin şikayəti ilə bağlı mübahisəli yerə baxış keçirmək üçün ora getmişlər. Səxavət tövlənin üfunət iyinin onun evinə girdiyini bildirsə də, ekologiya əməkdaşları baxış keçirəndən sonra heç bir qoxunun olmadığını demişlər. Bu zaman Səxavət və arvadı Xatirə ona hücum etmiş, onu vurmağa başlamış, onlar əlbəyaxa olmuş və o nə Səxavəti, nə də ki, arvadı Xatirəni vurmamış, onlara toxunmamışdır. Münaqişəni qızışdıran qardaşı Siyavuş da video çəkiliş aparmışdır. Həmin vaxt Əbilağa Xatirəni vurmamış, onun barəsində qərəzli şikayət etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, şikayət etdiyi Şəxs qardaşı və Əbilağa isə bacısının əridir. Uzun müddətdir ki, Seyranla münasibətləri yaxşı deyildir. Belə ki, Seyran onun evinin qarşısında üzun müddət bundan əvvəl atası tərəfindən tikilən tövləni götürmüş, ondan qabaq başqa bir tövlə tikib orada qoyun saxlamış, üfunət iyi onun evinə girmişdir. Bununla bağlı məhkəməyə müraciət etmiş və hələlik iş dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə o Ekologiya şöbəsinə Seyranın tövləsindən gələn üfunət iyinə görə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə ona zəng edilib Seyran və Əbilağanın Ekologiya şöbəsinin əməkdaşları ilə baxış keçirmək üçün evin qabağına gəldiklərini demişlər. Bu səbəbdən o həmin yerə gəlmişdir. Evə gələndən sonra Əbilağanı görüb Ekologiya şöbəsinin rəisinə onun burda nə etdiyini, kimin onu gətirdiyini soruşduqda o Əbilağanın vəkil olduğunu, icra hakimiyyətinə gedib işin düzgün aparılmaması barədə şikayət etdiyini, ona görə baxış keçirməyə gəldiklərini demişdir. O da Əbilağaya həyətdən çıxıb getməyini tələb etdikdə o çıxmayacağını deməklə üstünə gəlmiş, Seyran da onun və arvadı Xatirənin üstünə hücum çəkmiş, onları vurmağa başlamış, onlar əlbəyaxa olmuşlar. O da özünü və arvadını müdafiə etmək üçün Seyranı vurmuşdur. Əbilağa da aranı qarışdırıb Xatirənin başından yumruqla vurmuşdur. Digər qardaşı Siyavuş da münaqişənin bir hissəsini telefonla çəkmişdir. Qeyd olunanlara əsasən Şəxs maksimum həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, uzun müddətdir ki, Seyranla münasibətləri yaxşı deyildir. Belə ki, onların evinin qarşısında üzun müddət bundan əvvəl qaynatası tərəfindən tikilən tövləni götürmüş, ondan qabaq başqa bir tövlə tikib orada qoyun saxlamış, üfunət iyi onun evinə girmişdir. Bununla bağlı məhkəməyə müraciət etmiş və hələlik iş dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə onlar Ekologiya şöbəsinə Seyranın tövləsindən gələn üfunət iyinə görə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə evdə olan zaman Seyran və Əbilağanın Ekologiya şöbəsinin əməkdaşları ilə baxış keçirmək üçün evin qabağına gəldiklərini görüb zəng edib bu barədə əri Səxavətə dediyindən bu səbəbdən o həmin yerə gəlmişdir. Evə gələndən sonra əri Səxavət Əbilağanı görüb Ekologiya şöbəsinin rəisinə onun burda nə etdiyini, kimin onu gətirdiyini soruşduqda o Əbilağanın vəkil olduğunu, icra hakimiyyətinə gedib işin düzgün aparılmaması barədə şikayət etdiyini,ona görə baxış keçirməyə gəldiklərini demişdir. Əri də Əbilağaya həyətdən çıxıb getməyini tələb etdikdə o çıxmayacağını deməklə onların üstünə gəlmiş, Seyran da onun və əri Səxavətin üstünə hücum çəkmiş, onları vurmağa başlamış, onlar əlbəyaxa olmuşlar. Əbilağa da aranı qarışdırıb onun başından yumruqla vurmuşdur. Qeyd olunanlara əsasən Şəxs maksimum həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 HK-1-3840, 3841 və 3844 saylı material üzrə 28 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 1059 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol qulaq seyvanı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vuraraq xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 1060 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində təpə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vuraraq xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heçbir məlumat qeydiyyata alınmamışdır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri HK-1-3840, 3841 və 3844 saylı material üzrə 28 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam təsdiq olunur. Belə ki, Şəxs 18 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində şəxsi münasibətləri zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs2 vurmaqla ona soltəpə nahiyyəsində qançır, Zərərçəkmiş şəxs1 vurmaqla ona sol qulaq nahiyəsində qançırdan ibarət xəsarət yetirmişdir. Məhkəmə Şəxsn barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini (inzibati xətanın məhz Şəxs təşəbbüsü il törədilməsini, məhz onun zərərçəkmiş şəxslərin yaşadığı evə gələrək səs küy yaratması), əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15(on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-1740/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1740/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver