Məhkəmə qərarları › İş №3(049)-1751/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1751/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1751/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlədərək onu nizamintizama dəvət edən həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sonuncunun barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən həmin ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində 07 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində inzibati həbs növündə tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, ona istinad edilmiş maddələrlə özünü təqsirli bilir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində dəmir yolu vağzalının qarşısında hərəkətdə olan toy karvanı dayanmış, o da həmin toy karvanında iştirak etmiş, lakin avtomobil idarə etməmiş, sürücünün yanında əyləşmişdir. Bu zaman üzərində etibarsız qeydi yazılmış dəftərxana ləvazimatları satılan mağazadan aldığı 100 və 200 manatlıq əskinasları avtomaşının pəncərəsindən qolunu çıxararaq çölə səpmişdir. Bu zaman həmin ərazidə olan adının sonradan Tələt Cabbarov olduğunu bildiyi şəxs həmin əskinasların onun üzünə çırpılmasını ona irad tutmuş, bu zaman Tələt adlı şəxslə aralarında sözlü mübahisə yaşanmışdır. Həmin vaxt ərazidə xidmət aparan polis işçiləri onu sakitləşdirməyə çalışmış, lakin o, polis işçilərinin qanuni tələbinə tabe olmamışdır. Törətdiyini əməldan səmimi peşmançılıq hissi keçirir. Məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 15:30 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində dəmir yolu vağzalının qarşısında hərəkətdə olan toy karvanında iştirak edən qara maşından səpilən 100 və 200 manatlıq əskinaslar onun üzərinə dəymiş, o, əskinasları onun üzərinə çırpan şəxsə iradını bildirmiş, sonradan adının Şəxs olduğunu bildiyi şəxs də onun ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Bu əsnada aralarında mübahisə yaranmış, həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları Şəxs sakitləşdirməyə çalışmış, nizam-intizama dəvət etmiş, lakin o, polis işçilərinin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Lənkəran ŞRPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində ŞRPŞ-nin PPXB-nin polis nəfərlərinin xidmət keçmələrini polis nəfərlər X8 və X9 ilə birlikdə yoxlayan zaman həmin vaxt hərəkətdə olan maşınlardan ibarət toy karvanında olan qara rəngli avtomaşının ön oturacağında oturan, sonradan şəxsiyyəti müəyyənləşdirilmiş Lənkəran şəhər sakini Şəxs 100 və 200 manatlıq əskinasları havaya səpmiş, həmin əskinaslar ərazidə olan və sonradan şəxsiyyəti müəyyənləşdirilmiş rayon sakini X4 üzünə çırpılmış, bu hərəkət sonuncunun və həmin ərazi sakinləri sıx olduğu yer olduğundan orada olan digər vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. X13 Məmmədova irad tutmuş, sonuncu onu nalayiq sözlərdə təhqir etmiş, yuxarıda adları qeyd olunan polis əməkdaşları ilə birlikdə dərhal onlara yaxınlaşaraq Şəxs nizam-intizama dəvət etsələr də, o, polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X8 və X9 izahatlarında X2 izahatında qeyd etdiyi xüsusatları təsdiq etmişlər. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. xx.xx.2023-cü il tarixli, 1265 №-li inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 22:45-də inzibati qaydada tutulmuşdur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 dekabr 2023-cü il tarixdən saat 22:45-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar