Məhkəmə qərarları › İş №3(049)-1764/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1764/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1764/2023 15.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Şöyşaban kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərtib etdiyi 15 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 15 dekabr 2023-cü il tarixdə saat 12:05 radələrində Lənkəran şəhəri. H.Əliyev prospektində küçədə ictimai yerdə uca səslə ucadan ünvansız nalayiq ifadələr işlətməklə orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü təqsirli bilir. Belə ki, o, 15 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “Xəzər” markalı avtomaşınla hərəkətdə olarkən polis əməkdaşları onu saxladaraq avtomaşına saxta nömrələr taxdığını və qadağan olunmuş fifa siqnalından istifadə etdiyini ona bildirmişlər. Həmin vaxt o, bundan əsəbləşərək ucadan onu polisə satanların ünvanına söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları dəfələrlə onu sakitləşdirməyə çalışsalar da o, söyüşlərini davam etdirmişdir. Sonradan idarə etdiyi avtomaşının açarlarını polis əməkdaşlarına təqdim etmişdir. Özü müharibə iştirakçısıdır və əsəblərini cilovlaya bilməyərək belə bir hərəkət etmişdir. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən onun barəsində cəza tətbiq edilməməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon X11 yol polisi bölməsinin yol patrul xidməti inspektoru X10 izahatında bildirdi ki, 15 dekabr 2023-cü il tarixdə saat 12:05 radələrində polis serjantı Allahşükür İbrahimli ilə birlikdə Lənkəran şəhəri, Heydər Əliyev prospektində xidməti aparan zaman hərəkətdə olan “Xəzər” markalı dövlət qeydiyyat nişanlı avtomaşını saxlatdırmışdır. Həmin zaman həmin avtomaşında qadağan edilmiş çoxavazlı səs siqnalından istifadə edildiyini də müşahidə etmişdir. Qeyd edilənlərlə əlaqədar sürücüyə bildirdikdə sürücü bu qeyd edilənlərə çılğınlıqla reaksiya vermiş və onu polisə satanların ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Bu vaxt sürücü Şəxs dəfələrlə nizam-intizama dəvət etsə də o, polisin bu tələblərinə qəsdən tabe olmayaraq, əhəmiyyət verməmişdir. Həmin vaxt ratsiya ilə əraziyə kömək çağırmış və digər patrul maşını ilə yol patrul xidmətinin əməkdaşları ora köməyə gəlmişlər. Hadisə ictimai yerdə baş vermişdir. Həmin ərazinin yaxınlığında avtobus dayanacağı, yaşayış evləri, xəstəxana və digər ictimai obyektlər mövcuddur və əhalinin çox olduğu yerdir. Hadisə yerində Şəxs işlətdiyi söyüşlər nalayiq olduğundan onları məhkəmə iclasında ifadə edə bilmir. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X1, X6, X2 və X3 da izahatlarında polis əməkdaşı X7 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədilər. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2023-cü il tarixli 001955 saylı aktdan görünür ki, Şəxs “kannabinoid pozitiv” diaqnozu, sidiyində marixuana aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etdiyi əməldən səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İnzibati xətanın narkotik vasitənin təsiri altında törədilməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 15 dekabr 2023-cü il saat 16:25-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar