Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1766/2023 28.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran şəhəri, Göyşaban kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidməti inspektoru polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 342.9-cu maddələri ilə tərtib edilmiş İXP seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqlnda protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2023-cü il tarixdə Xəzər markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs avtomaşını dövlət nişanı olmadığı üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, avtomaşına baxış zamanı avtomaşında çoxavazlı səs siqnalı aşkar olunmuş və sürücünü Lənkəran narkoloji xəstəxanasına müayinəyə aparılmış müayinə nəticəsinə əsasən məlum olmuşdur ki, sürücü Şəxs narkotik vasitənin təsiri altında avtomaşın idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1 və 329.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etdi ki, qeyd olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilir. Belə ki, 15 dekabr 2023-cü il tarixdə tarixdə Xəzər markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən həmin avtomaşında çoxavazlı səs siqnalı olmuşdur. Həmin siqnal ona hədiyyə edilmişdir və istifadəsi ona xoş olduğu üçün avtomobilinə quraşdıraraq ondan mütəmadi olaraq istifadə etmişdir. Həmçinin polis onun barəsində protokol tərtib etməmişdən bir neçə gün əvvəl dostunun toy məclidində narkotik vasitə marixuanadan istifadə etmişdir və müayinə zamanı bədənində həmin maddə aşkar edilmişdir. Etdiyi əməldən çox peşmandır. Bu səbəbdən də məhkəmədən barəsində ən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə barəsində inizibati xəta haqqında icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməllərində AR İXM-nin 333-1.1 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, Şəxs özünün izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2023-cü il tarixli 001955 saylı aktdan görünür ki, Şəxs “kannabinoid pozitiv” diaqnozu, sidiyində marixuana aşkar edilmişdir. İş materiallarında olan “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan müəyyən edilir ki, “KHAZAR SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə duracağa yerləşdirilmişdir. İş materiallarında olan yol patrul xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş “”nəqliyyat vasitəsinə baxış haqqında” və “izahat verməkdən imtina barədə” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, həmin tarixdə “KHAZAR SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir və baxış zamanı avtomaşında çoxavazlı səs siqnalı aşkar olunmuşdur. İş üzrə maddi sübut olan çoxavazlı səs siqnalı hazırki işə dair inzibati xəta haqqında protokolla birlikdə Lənkəran Rayon Məhkəməsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Şəxs “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Xəzər markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs avtomaşını dövlət nişanı olmadığı üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, avtomaşına baxış zamanı avtomaşında çoxavazlı səs siqnalı aşkar olunmuş və sürücünü Lənkəran narkoloji xəstəxanasına müayinəyə aparılmış müayinə nəticəsinə əsasən məlum olmuşdur ki, sürücü Şəxs narkotik vasitənin təsiri altında avtomaşın idarə etmişdir. Daha sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Həmin məcəllənin 34.3 maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs səmimi peşmançılığı, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini və həmin məcəllənin 342.9-cu maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində inzibati xətanın törədilməsində alət olmuş çoxavazlı səs siqnalı müsadirə edilməklə 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-1766/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1766/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver