Məhkəmə qərarları › İş №3(049)-1782/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-1782/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-1782/2023 29.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Lənkəranda rayonu Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 17 noyabr 2023-cü il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz A160» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol nəqliyyat hadisəsi törətdiyinə görə sonuncunun barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, qaynının arvadı Nübar Əliyevanın adına olan “Mercedes Benz A 160” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. B kateqoriyalı sürücülük vəsiqəsi var. 13 ildir ki, nəqliyyat vasitəsi idarə edir. 17 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Ələt-Astara magistralının Lənkəran rayonu Şilavar kəndi ərazisindən keçən hissəsində üzü Astara rayonu istiqamətində hərəkətdə olarkən həmin yolda sol tərəf istiqamətində dönmək üçün sürətini 20 km/saat sürətə qədər azaltmışdır. Bu zaman o, əks istiqamətdən mopedin gəldiyini görürmüş, lakin ona elə gəlmişdir ki, həmin moped uzaqdadır. Bu səbəbdən də manevr etməyə başlamışdır. Lakin manevri yekunlaşdırmamış həmin moped onun döndüyü yerə gəlib çatmış və toqquşma baş vermişdir. Toqquşma nəticəsində mopedin sürücüsü mopedin üzərindən düşüb yıxılmış, o da maşını sol döngənin girişində saxlamışdır. Maşından düşmüş, həmin sürücü xəstəxanaya çatdırılmışdır, sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. Toqquşma həmin şəxsin hərəkət zolağında baş vermişdir. O, mopedi onu ilk dəfə görəndə onunla moped arasında, təxminən, 50 metr məsafə olmuşdur, bu səbəbdən də o, manevri yekunlaşdıracağını zənn edib manevrə başlamışdır, lakin yekunlaşdıra bilməmişdir. Əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Lənkəran rayonu Kərgəlan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Motorunun həcmi 49 kubmetr olan moped idarə edir. 17 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi mopedlə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Şilavar kəndindən keçən hissəsində üzü Lənkəran şəhəri istiqamətində saatda, təxminən 45 km/saat sürətlə hərəkətdə olmuşdur. Yol sürüşkən olmuşdur. Bu zaman əks istiqamətdə hərəkətdə olan ağ rəngli bir maşın anidən maşınını sağa istiqamətləndirmiş və yolun ona aid olan hissəsində toqquşma baş vermişdir. Onun mopedi sürüşmüş, o, mopedin üzərindən yıxılmışdır. Sonra isə ətrafda olan şəxslər vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Toqquşma onun hərəkət zolağında baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində tənbeh tətbiq edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, iş üzrə alınmış izahatlar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs əməlini etiraf edib peşman olmasını İXM-nin 32.1.1-ci, ilk dəfə inzibati xəta törətməsini həmin Məcəllənin 32.2-ci və törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar