Məhkəmə qərarları › İş №3(049)-187/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-187/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-187/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad ğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində X4 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Lənkəran şəhəri (Bakı-Astara şossesində) fəaliyyət göstərən «Pal Süd» zavodunun reklamlarını açıq məkanda yayımladığına görə X4 İdarəsi tərəfindən onun barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə 13 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyildir. Belə ki, «Pal Süd» əmtəə nişanı onlara məxsus deyildir. Həmin əmtəə nişanı adı altında "xxxx" MMC fəaliyyət göstərmişdir. Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus Lənkəran şəhəri, Bakı-Astara magistralı, Ləvəngi dairəsi ünvanında yerləşən ümumi sahəsi 244,4 kv.m(əsas sahə 223,3 kv.m və köməkçi sahə 22,1 kv.m) və 1 saylı əlavə təhəvil-təslim protokolunda qeyd olunan qeyriyaşayış sahəsi Şəxs MMC-yə icarəyə verilmişdir. Bundan sonra onlar həmin qeyri-yaşayış sahəsindən istifadə etməyə başlamışlar. İcarəyə götürdükləri qeyri-yaşayış binasının üzərindəki «Pal Süd» reklam lövhəsi onlara məxsus deyildir. İcarəyə götürməmişdən əvvəl "xxxx" MMC-dən həmin reklam lövhəsi qoyulmuşdur, lakinorada artıq "xxxx" MMC fəaliyyət göstərmir. X4 İdarəsi tərəfindən onlara həmin reklam lövhəsinin aradan qaldırılması barədə göstəriş verilsə də, Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icra müqaviləsinin 4.1-ci bəndinə əsasən binanın konstruksiyasına dəyişikliklər edilməsi onlara qadağan edildiyindən göstərişə əməl edə bilməmişlər. Quraşdırılmış reklam lövhəsi ilə onların heç bir əlaqəsi yoxdur. Buna görə də barələrində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında icraat materiallarından görünür ki: İRY 000761 №-li xx.xx.2022-ci il tarixli Akt və İMG 000761 saylı xx.xx.2022-ci il tarixli Göstərişdən görünür ki, X4 İdarəsinin əməkdaşları tərəfindən müvafiq icazə sənədləri olmadan Lənkəran şəhəri (Bakı-Astara şossesində) fəaliyyət göstərən «Pal Süd» zavodunda qanunsuz reklam yayımı aşkar edilmiş, pozuntuların 5 gün ərzində aradan qaldırılmalı olması tələb olunmuşdur. Əks təqdirdə İXM-nin 428.7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı izah olunmuşdur. Teleqramdan görünür ki, qeyd olunan göstəriş Şəxs MMC tərəfindən 05 dekabr 2022-ci il tarixdə alınmışdır. 13 dekabr 2022-ci il tarixli 01 saylı Baxış aktından görünür ki, X4 İdarəsinin əməkdaşları tərəfindən 29 noyabr 2022-ci il tarixli göstərişin yerinə yetirilib-yetirilməməsini yoxlamaq məqsədilə baxış keçirilmiş və baxış zamanı göstərişin icra olunmadığı qanunsuz reklam yayımının dayandırılmadığı müəyyən olunmuşdur. İnternet vergi idarəsinin portalından çıxarışdan görünür ki, Şəxs MMC 6 saylı Vergilər Departamentində qeydiyyatdadır. X4 İdarəsi tərəfindən İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş 13 dekabr 2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Lənkəran şəhəri (Bakı-Astara şossesində) fəaliyyət göstərən «Pal Süd» zavodunun müvafiq icazə sənədləri olmadan açıq məkanda qanunsuz reklamlar yayımladığına görə məsulliyyət daşıyır. Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 3(049)-1167/2022 saylı qərarı ilə, Şəxs MMC İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000(beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 3(049)-1167/2022 saylı qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 3(106)-12/2023 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 3(049)-1167/2022 saylı qərarı həmin şikayətə əsasən ləğv edilərək, yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi» Qaydalarının 1.4-cü bəndinə əsasən açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları nəzərdə tutulur. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. İXM-nin 428.7.1-ci maddəsində açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin əməlindən İXM-nin 428.7.1-ci madəsinin tərkibi mövcud deyildir. Belə ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus Lənkəran şəhəri, Bakı- Astara magistralı, Ləvəngi dairəsi ünvanında yerləşən ümumi sahəsi 244,4 kv.m(əsas sahə 223,3 kv.m və köməkçi sahə 22,1 kv.m) və 1 saylı əlavə təhəvil-təslim protokolunda qeyd olunan qeyri-yaşayış sahəsi Şəxs MMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verəni yazılı razılığı olmadan icarəyə verilən əmlaklar və avadanlıqlarda hər hansı əsaslı bərpa, abadlaşdırma, təmirtikinti, kovtrktiv təmir işləri və dəyişiklikləri həyata keçirilə bilməz. Göründüyü kimi Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus Lənkəran şəhəri, Bakı-Astara magistralı, Ləvəngi dairəsi ünvanında yerləşən ümumi sahəsi 244,4 kv.m(əsas sahə 223,3 kv.m və köməkçi sahə 22,1 kv.m) və 1 saylı əlavə təhəvil-təslim protokolunda qeyd olunan qeyri-yaşayış sahəsi Şəxs MMC-yə icarəyə verilmişdir. Bundan sonra onlar həmin qeyri-yaşayış sahəsindən istifadə etməyə başlamışlar. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan «Pal Süd» reklam lövhəsinin Şəxs MMC tərəfindən quraşdırılıb-quraşdırılmaması ilə bağlı hər hansı araşdırma aparmamış, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki İXM-nin 8.1-8.3-cü maddələrinin tələbi baxımından həmin halları sübut etmək vəzifəsi inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana aiddir. İXM-nin 53.1 və 53.1.1-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əməlində xəta tərkibi olmadığından Şəxs MMC barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar