Məhkəmə qərarları › İş №3(049)-200/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-200/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-200/2024 18.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına 77KF430/99YD430 nömrəli yük nəqliyyat vasitəsilə gələn ultrasəs nəmləmə sistemi yükü xx.xx.2024-cü il tarixdə Qırmızı-Körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl mallara dair elektron qaydada qısa idxal bəyannaməsi verilmədiyinə görə Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən Şəxs MMC-nin barəsində 20 fevral 2024-cü il tarixli, 00400-00244/24 №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş (elektron kabinetə məhkəmə bildirişi yerləşdirilmişdir) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ İCRAAT MATERİALLARİNDA OLAN: Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, 77KF430/99YD430 nömrəli yük nəqliyyat vasitəsilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına 77KF430/99YD430 nömrəli yük nəqliyyat vasitəsilə gələn ultrasəs nəmləmə sistemi yükü xx.xx.2024-cü il tarixdə Qırmızı-Körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. İXM-nin 485.2-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 485.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozsiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hal yoxdur. İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsi yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində 1500(bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar