Məhkəmə qərarları › İş №3(049)-21/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-21/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-21/2024 23.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasivev tərəfindən qəbul edilmiş EQ seriyalı, 18572124 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı, 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət verib. Şikayətdə Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı, 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, heç bir inzibati xəta törətməmişdir, belə ki, xx.xx.2023-cü il tarixdə avtomobili o, idarə etməmişdir. ünvan 1 ünvanında yaşadığından və qeydiyatda olduğundan, eyni zamanda məhkəməyə dəvət edəcəyi şahidlər Lənkəran rayonunda yaşadıqlarından hesab edir ki, şikayətə Lənkəran Rayon Məhkəməsində baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 məhkəmə icasında iştirak edərək izahatında bildirdi ki, mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən X12 markalı 99ME996 dövlət qeydiyyat nişanlı avtomaşın onun deyil, X5 mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitəsini idarə etməsi üçün ona etibarnmə verilmişdir. Lakin o, bir neçə dəfə həmin avtomaşını idarə etmişdir. Avtomaşın daimi olaraq X2 istifadəsində olmuşdur. Sonuncu etibarnamə onun adına olduğundan həmin avtomaşınla törədilən bütün inzibati xətalara dair bütün protokol və qərarlar onun adına tərtib edilir. 18 dekabr 2023-cü il tarixdə o, həmin avtomaşını idarə etməmişdir. Bu səbəbdən də onun barəsində tərtib edilmiş həmin qərar tamamilə əsassızdır. Ərizəsinin təmin edilərək, barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib edən orqanın – AR DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, X12 markalı 99ME996 dövlət qeydiyyat nişanlı avtomaşın X5 mülkiyyətində olmasına baxmayaraq, daimi olaraq onun istifadəsində olur. Belə ki, 18 dekabr 2023-cü il tarixdə saat 16:13 radələrində də həmin avtomaşını Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində özü idarə etmişdir. Həmçinin avtomaşını idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. BDYPİ-nin elektron sistemində yerləşdirilmiş EQ seriyalı, 18572124 nömrəli qərara əlavə edilmiş fotoşəkilə diqqətlə baxdıqda da avtomaşının onun tərəfindən idarə edildiyi və təhlükəsizlik kəmərindən istifadə etdiyi aşkar görünür. Həmin vaxt gödəkçə geyindiyindən və təhlükəsizlik kəmərinin aşağı hissəsinin gödəkçənin altında qaldığından nəzarət kamerası bu halı inzibati xəta kimi qeydə almışdır. İş materiallarına əlavə edilmiş Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı, 18572124 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Qərarda və ona əlavə edilmiş fotoşəkildə inzibati xətanın 18 dekabr 2023-cü il tarixdə saat 16:13-də Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində törədildiyi qeyd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin vəzifəli şəxsinin EQ seriyalı, 18572124 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində qeyd edilmişdir ki, Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarına əlavə edilmiş ƏN-İV seriyalı, 337604 nömrəli xx.xx.2017-ci il tarixli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, “X12” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək xx.xx.2025-ci il tarixli X3 etibar edilmişdir. X7 məhkəmə iclasında şahid qismində ifadədəsində sözügedən avtomaşının xx.xx.2023-cü il tarixdə saat 16:13-də onun tərəfindən idarə edildiyi bildirilmişdir. İş materiallarında olan EQ seriyalı, 18572124 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkilə məhkəmə iclasında baxış keçirilərək tədqiq edildikdə müəyyən edildi ki, “X12” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs təhlükəsizlik kəmərindən istifadə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X1 əməlində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, xx.xx.2023-cü il tarixli EQ18572124 nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından xx.xx.2023-cü il tarixli EQ18572124 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasivev tərəfindən qəbul edilmiş EQ seriyalı, 18572124 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar