Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-218/2025 28.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu Ləj kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsili, subay, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-2843/2022 nömrəli qətnaməsinə əsasən Şəxs 5120 manat maddi ziyan məbləği tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına, 71,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə izahat verərək göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-2843/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun həmin icra sənədi üzrə borcu ödənilməmiş qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, işsiz olduğuna və maddi vəziyyəti imkan vermədiyinə görə icra sənədində qeyd edilən məbləği indiyədək ödəyə bilməmişdir. Həmin məbləği hissə-hissə ödəməyə çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə tələbkar - zərər çəkmiş şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi hazırki işə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə tələbkar maddi ziyan məbləğinin tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-2843/2022 nömrəli qətnaməsinə əsasən Şəxs 5120 manat maddi ziyan məbləği tutularaq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına, 71,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclunun tələbkara olan borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. İş materiallarından görünür ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati cərimə növündə inzibati tənbehə məruz qalmamış, onun barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol mülki iddia tələbindən irəli gələn icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi nəzərdə tutulur. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol, həmin protokol üzrə qəbul ediləcək qərar üçün əsas olmaqla, iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməlidir. Belə olan halda, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını deyil, mülki iddia tələbindən irəli gələn icra sənədini üzrsüz səbəbdən icra etmədiyindən Şəxs barədə protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 528.1-ci maddəsi ilə tərtib olunmalı idi. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Şəxs barəsində inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edildiyi halda, hazırki vəziyyətdə məhkəmə tərəfindən onun əməlinə İnzibati Xətalar Məcəlləsində digər maddəsi, habelə, fərqli dispozisiyaya malik və fərqli inzibati tənbeh növü nəzərdə tutulan maddə ilə baxılması isə qanunvericiliyin tələbinə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-218/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-218/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver