Məhkəmə qərarları › İş №3(049)-219/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-219/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-219/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-1562/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 27 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qətnaməsindən məlumatı olsa da icra məmurunun onu icra şöbəsinə çağırmasından məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən onu bildirilmişdir ki, barəsində axtarış verilmişdir. O hazırda borcu ödəməkdən imtina etmir. Hazırda banka olan borcundan 130 manatını ödəmiş, borcun ödənilməsindən yayınmır. Mütəmadi olaraq borcunu ödəyəcəkdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-1562/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs tələbin könülllü icrası barədə bildiriş göndərilsə də, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Buna görə də barəsində axtarış elan edilmişdir. Onun "xxxx" ASC-yə 1768,42 manat ödənilməmiş borcu olmuş, lakin hazırda borcundan 130 manatını ödəmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1562/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 14 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 1738,42 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İcraata başlamaq haqqında 10 avqust 2020-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1562/2020 saylı, 16 iyun 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1562/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lakin borclunun bildirişi alıb-almaması barədə sənəd əlavə edilməmişdir. Borclunun axtarışı barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Təqdim edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkar "xxxx" ASC-nin hesabına 130 manat köçürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, icra sənədindən inzibati xəta törətmiş şəxsin yalnız axtarış verilməsi nəticəsində polis əməkdaşları gətiriləndən sonra, yəni xx.xx.2023-cü il tarixə məlumatı olmuşdur, ona tələbin 10 gün ərzində könüllü olaraq icra etməli olması izah olunmuşdur. Belə olan halda sonuncu əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin mövcudluğu istisna olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar