Məhkəmə qərarları › İş №3(049)-225/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-225/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-225/2025 19.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vdadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidmətinin X Tağımının Yol patrul xidmət inspektoru, polis baş serjantı X5 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidmətinin X Tağımının Yol patrul xidmət inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə tərtib edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində saat 16:15 radələrində idarə etdiyi Mercedes Benz E220 CDİ minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol polisi tərəfindən avtomobili saxlanılmış və barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2025 tarixli TP seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarla 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinin dizpozisyasında xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Ona isə heç bir əsas olmadan cərimə yazılmışdır. X9 əməkdaşından nə səbəbə İXM-nin 331-ci maddəsinə əsasən barəsində cərimə tətbiq olunduğunu soruşduqda, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinə yol verməli olduğu halda, yol vermədiyini, bu səbəbdən də cərimə yazıldığı kimi absurd bir cavab vermişdir. Belə olan halda o, yol versə idim, cərimə olunmalı idi. Həmçinin polis əməkdaşı özü avtomobildən enmədən və nəqliyyat vasitəsini idarə edən şəxs vasitəsi ilə cərimə yazdırmışdır. Göründüyü kimi, cərimə qanunsuz və əsassız olaraq yazılmışdır. Bu da onu deməyə əsas verir ki, barəsində heç bir araşdırma aparılmadan protokol tərtib edilmişdir. Odur ki, həmin protokolun ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, Ələt-Astara magistral yolunda “Salyan” postuna çatmamış ərazidə avtomaşınla hərəkətdə olarkən arxadan gələn YPX-yə məxsus patrul avtomaşının gəldiyini görmüşdür. Həmin patrul avtomaşını uzaq, yaxın vuran işıqlarını və üstünd olan qırmızı, sarı sayrışan işıqlarını yandıraraq, ondan yol verməsini istəmişdir. Lakin həmin YPX avtomaşını siren səs siqnalı vermədiyindən belə hesab etmişdir ki, ona yol verməməlidir. Həmçinin həmin ərazidə düz xəttin tələbi olmuşdur ki, o, hərəkət etdiyi cərgəni dəyişə bilməzdi, o, bunu etsəydi baş bir inzibati xəta edəcəkdi. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisələndirilən inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxs Baş X9 İdarəsinin Yol Patrul Xidmətinin X Tağımının Yol patrul xidmət inspektoru, polis baş serjantı X7 şikayəti qəbul etməyərək, izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində YPX-yə məxsus patrul xidməti avtomaşını ilə hərəkətdə olarkən zərurət yarandığında qarşısında hərəkətdə olan Mercedes Benz minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilə üzərində olan sayrışan işıqları və yaxın-uzaq işıq cihazını yandırmaqla işarə verməklə ondan yol verməsini istəmişdir. Həmçinin ona yol verməsi üçün həmin avtomaşına siren səs siqnalı da vermişdir. Həmin avtomaşının sürücüsü isə buna imkanı olduğu halda ona yol verməmişdir. İlkin olaraq həmin avtomaşından cərgəni dəyişməyə icazə olan, yəni düz xəttin tələbi olmayan yerdə yol istəmişdir. Bu səbəbdən həmin avtomaşının sürücüsü barədə tədbir görülərək, İXM-nin 331-ci maddəsi ilə 100 manat inzibati cərimə edilmişdir. Qeyd edilən inzibati xəta hadisəsinin qeydə alındığı videogörüntüləri sübut kimi məhkəməyə təqdim edir. Belə ki, Mübariz İsmayılovun həmin vaxt inzibati xəta törətməi tam sübuta yetirilir. Odur ki, şkayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Qərarı mübahisələndirilən inzibati orqan tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edildi ki, magistral yolda hərəkətdə olan Mercedes Benz minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca gələn YPX-yə məxsus patrul xidməti avtomaşını üzərində olan sayrışan işıqları və yaxın-uzaq işıq cihazlarını yandırmaqla işarə verərək, həmin avtomaşından yol verməsini istəyir. İlkin olaraq həmin avtomaşından cərgəni dəyişməyə icazə olan yerdə yol istəyir. Mercedes Benz minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə buna imkanı olduğu halda, yəni sağ zolaqda buna dair maneə olmadığı halda, avtomaşını sağa çəkərək YPXyə məxsus patrul xidməti avtomaşınına yol vermir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 7-ci bəndinə əsasən, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edildi ki, X1 Benz minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən arxasınca gələn YPX-yə məxsus patrul xidməti avtomaşını üzərində olan sayrışan işıqları və yaxın-uzaq işıq cihazlarını yandırmaqla ona işarə verərək, ona yol verməsini istəməsinə baxmayaraq, buna imkanı olduğu halda həmin patrul xidməti avtomaşınına yol verməmişdir. Bu hərəkəti ilə də X3 İXM-nin 331-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Bütün qeyd olunanları nəzərə alaraq, habelə tərəflərin izahatını, inzibati xəta haqqında qərarı, videogörüntünü, və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol Patrul Xidmətinin X Tağımının Yol patrul xidmət inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 12 fevral 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar