Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-228/2024 13.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 23 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün 5 mart 2024-cü il tarixli müşayiət məktubu ilə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Hazırki işin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı protokolda öz əksini tapmamışdır. Həmin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə, habelə, inzibati işin materialları ilə tanış edilməsi qanunauyğun şəkildə rəsmiləşdirilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin sənədləri imzalamaqdan imtina etdiyi təqdirdə, bu aktla rəsmiləşdirilməli olduğu halda, “Şəxsin barəsində başlanılmış inzibati iş üzrə materialdan imza edilməsindən imtina etməsi barədə” adlı qeyri-müəyyən məzmunlu protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təqdim edilməsi barədə protokol tərtib edilməmiş, yalnız vəkillərin siyahısı işə əlavə edilmiş, bu da müdafiəçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə real olaraq təqdim edilmədiyini deməyə əsas verir ki, bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulan müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Eləcə də, İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Hazırkı iş materiallarında isə protokolun əsli və surəti birlikdə əlavə edilmişdir ki, bu da inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə protokolun surətinin verilmədiyini göstərir. Göstərilənlərdən əlavə, məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, 23 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qanunsuz saxlanıldığı qeyd edilən silahın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatda olub-olmamasını müəyyən edən, habelə, həmin silahın növü, markası və digər xüsusi əlamətlərini özündə göstərən rəsmi sənədlər işə əlavə edilməmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li qərarının 1- ci bəndinin 3-cü hissəsində göstərilir ki, “Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir.” 23 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan silahın yivli və ya yivsiz olmasının müəyyən edilməsi ilə bağlı müvafiq sənəd (rəy, mütəxəssis arayışı və sair) də işə əlavə edilmədiyindən törədildildiyi ehtimal edilən hüquq pozuntusunun cinayət və ya inzibati hüquqpozmaya aid olub-olmadığı da müəyyən edilmir. Həmçinin hazırki inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati xəta haqqında protokol 23 fevral 2024-cü il tarixdə tərtib edildiyinə baxmayaraq, protokol məhkəməyə 05 mart 2024-cü il tarixdə təqdim edilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1 maddəsinə əsasən, İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra 48 saat müddətində məhkəməyə təqdim edilmədiyindən bu barədə yuxarıda qeyd edilən qanunun normasının tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş 23 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər- Rayon Polis Şöbəinə qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-228/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-228/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver