Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-239/2025 15.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1 iştirakı ilə, Hüquqi ünvanı Lənkəran rayonu, Göyşaban kəndi olan, VÖEN: ********** "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində EP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən "xxxx" MMC 30000 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 06 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricə köçürmüş və 02 il müddət keçsə də, 30000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanına göndərilmişdir. Nəticədə Makita Bakı MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə gömrük bəyannamələri göndərərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə "xxxx" MMC-nin barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli köçürmə ərizəsinin, müqavilənin və qaimənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin tarixdə 30000.00 ABŞ dolları məbləğində vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə köçürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ödəniş tapşırığından görünür ki, 40xxxx/0123 saylı müqavilə üzrə satıcı “Ege Plastik Ticarət ve Sanayi AS” ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə qiymət 30000.00 ABŞ dolları alıcı tərəfindən satıcının FİNANSBANK AS hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 40xx-xx/0123 saylı müqavilədən görünür ki,tərəflər arasında ümumi qiyməti 96.228.94 manat olan plastik inşaat materiallarının satışı ilə bağlı müqavilə bağlanmışdır. Makita Bakı” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 40xx-xx/0123 saylı müqaviləyə əsasən invoys dəyəri 16908,07 ABŞ dolları, ümumi gömrük dəyəri 28743,72 ABŞ dolları olan 27106,16 manat dəyərində 8973,08 kq çəkidə mallar "xxxx" MMC-ə göndərilmişdir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlərin mövcud olması ilə əlaqədar İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə “Ege Plastik Ticarət ve Sanayi AS” şirkətinin hesabına bağlanmış müqavilə əsasında xx.xx.2023ci il tarixdə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq avans şəkildə köçürülmüşdür "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, gömrük bəyannaməsindən isə görünür ki, 04/0123 nömrli müqavilə üzrə mallar Ege Plastik Ticarət ve Sanayi AS” şirkəti tərəfindən Azərbaycan Respublikasına – Makita Bakı MMC-yə göndərilmişdir. Bununla da, "xxxx" MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2025-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-cü il tarixli, EP ******* nömrəli inzibati inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-239/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-239/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver