Məhkəmə qərarları › İş №3(049)-24/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-24/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-24/2025 23.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran ŞRPŞ-nin X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Lənkəran ŞRPŞ-nin X4 X2 Xidməti inspektoru, polis serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs “Mercedes Benz C180” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sərxoşluq vəziyyətinin müayinəsinə dəvət edilmişdir və həkim tərəfindən müayinəsinə dəvət edildiyində Şəxs müayinədən intina etmişdir Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, 03 yanvar 2025-ci il tarixdə idarə etdiyi Mersedes markalı avtomaşınla Lənkəran şəhəri, 4 nömrəli məktəbin qarşısında hərəkətdə olarkən tol patrul xidmətinin əməkdaşları onu saxlamışlar və sərxoşluq müayinəsindən keçməsini ona təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə Lənkəran şəhər mərkəzi xəstəxanasına getmişdir. Həkim ona müayinədən keçməsi üçün sidiyindən analiz nümunəsi verməli olduğunu bildirmişdir. Onu müayinəyə aparan polis əməkdaşları ilə arasında mübahisə yarandığından o, analiz nümunəsu təqdim etməmiş və müayinədən keçməkdən imtina etmişdir. Belə ki, polis əməkdaşları ondan dəfələrlə müayinədən keçməsini tələb etsələr də o, bundan imtina etmişdir. Barəsində sürücülük hüququnun məhdudlaşdırılması cəzası tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs xəbərdar olunmalarına baxmayaraq, onlar məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, AR İXM-nin 343.-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlər və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan müəyyən edilir ki, “Mercedes Benz C180” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 17:25-də duracağa yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 03 yanvar 2025-ci il tarixli, 000006 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında protokolundan görünür ki, 13 iyul 2023-cü il tarixində saat 19:18-də Şəxs müayinədən keçməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs “Mercedes Benz C180” minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sərxoşluq vəziyyətinin müayinəsinə dəvət edilmişdir və o, müayinədən keçməkdən imtina etmişdir. Daha sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinin məzmununa əsasən, Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 343-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Pənahov Anar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar