Məhkəmə qərarları › İş №3(049)-240/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-240/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-240/2025 12.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələkbərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili X1, X7 və protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-in polis sahə rəisi, polis kapitanı X3 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 mart 2025-ci il tarixdə saat 10:00 radələrində Alışov X6 ŞRPŞ-nin inzibati binasında rəis müavini İltifat Yusibovun xidməti otağında əvvəllər tanıdığı X2 ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmiş daha sonra Lənkəran ŞRPŞ-nin TB-nin rəisi Babək Hacıyev və digər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq yenidən ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud formada pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-in polis sahə rəisi, polis kapitanı X9 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 12 mart 2025-ci il il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-in polis sahə rəisi, polis kapitanı X9 məhkəmə iclasında bildirmişdir ki, Şəxs ilə X7 arasında təxminən iki ildir ki, pul mübahisəsi vardır. Belə ki, X15 Alışovun ona faizlə pul verdiyini, həmin pulun faizlərinin artması səbəbindən bankdan kredit pul götürüb Şəxs qaytardığını buna görə həmin pulu geri qaytarmasını tələb edir. Şəxs isə əksinə Səadət Əliyevanın ona borclu olduğunu və pulu qaytarmadığını bildirir. Bununla bağlı adları çəkilən şəxslər arasında dəfələrlə mübahisə olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə adları çəkilən hər iki şəxs polis şöbəsinə dəvət edilmişdir. Onlar Lənkəran ŞRPŞ-in rəisi tərəfindən qəbul edilmişlər. Ardınca TB-in rəisi Babək Hacıyev onları qəbul etmişdir. Orada həmin şəxslər mübahisə etdiklərinə görə xidmət üzrə rəis müavini İltifat Yusibovun qəbuluna aparılmışlar. Həmin otaqda S.Əliyeva pulun qaytarılmasını tələb etdikdə Elxan Əliyev əvvəlcə birincinin qızının ünvanına sonra öz ünvanına nalayiq söyüşlər söymüş, S.Əliyevanı əvvəllər əxlaqsız qadın olmaqda ittiahm etmiş, orada səs-küy salmış, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadan şöbənin iş rejmini pozmuşdur. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, X4 borc kimi pul vermiş və verdiyi pulu ondan tələb etmişdir. Bu səbəbdən də aralarında uzun müddətdir ki, mübahisə vardır. Səadət Əliyevaya verdiyi pulu geri ala bilmir, sonuncu isə əksinə özünün ona borclu olmasını bildirib pul tələb edir. xx.xx.2025-ci il tarixdə onu və X8 RŞPŞ-ə dəvət etmişlər. Şöbədə olduğu zaman Səadət Əliyeva onu söyüb, təhqir etmişdir. O isə Səadətə cavab vermiş, lakin onu söyməmişdir. Onlar arasında ilk mübahisə təhqiqat bölməsinin rəisi Babək Hacıyevin otağında olmuş, ardınca isə rəis müavini İltifat Yusibovun xidməti otağında mübahisə etmişlər. Məhkəmə tərəfindən ona inzibati həbslə bağlı olmayan inzibati cərimə tənbeh tədbirinin təbiq edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş X7 bildirmişdir ki, Şəxs ilə aralarında pul mübahisəsi vardır. Elxan ona faizə pul verib sonra isə 7000 manat pul tələb etmişdir. O isə məcbur qalıb bankdan kredit pul götürüb həmin pulu Şəxs qaytarmışdır. Buna görə də həmin pulun ondan alınıb qaytarılmasını tələb edir. Bu səbəbdən dəfələrlə polisə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə poli şöbəsində əvvəlcə təhqiqat bölməsinin rəisi Babək Hacıyevin otağında, ardınca isə xidmət üzrə rəis müavini İltifat Yusibovun xidməti otağında Elxanla mübahisə etmişdir. İltifat Yusibovun otağında Şəxs onu təhiqr etmiş, qızının və özünün ünvanına nalayiq ifadələr işlətmiş, səs küy salıb onun üstünə hücum etmişdir. Orada olan polis əməkdaşları bu hadisəni görmüşlər. Həmin zaman otaqda İltifat Yusibov və Babək Hacıyev olmuşlar. Məhkəmə iclasında dindirilmiş X10 bildirmişdir ki, Şəxs ilə X7 arasında təxminən iki ildir ki, pul mübahisəsi vardır. Bununla bağlı 12 mart 2025-ci il tarixdə adları çəkilən şəxsləri qəbul etmiş, həmin şəxslərin izahatları alınmışdır. Bundan sonra onlar otaqda mübahisə etdiklərinə görə hər iki şəxsi xidmət üzrə rəis müavini İltifat Yusibovun xidməti otağına aparmışdır. Orada olduqları zaman Şəxs Səadət Əliyevanın və sonuncunun qızına nalayiq ifadələr işlədib, səs-küy salmış, təxminən 10 dəqiqə ərzində şöbənin iş rejmini pozmuşdur. Həmin zaman o və digər əməkdaşlar adları çəkilən şəxsləri sakitləşdirmiş və bu barədə tərəfindən raport yazılmışdır. Məhkəmə iclasında iştirak etmiş müdafiəçi X5 bildirmişdir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “AZEMİS” elektron məhkmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 2ci qrup əlilliyi vardır və 393,33 manat pensiya alır. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, Şəxs şöbənin xidmət üzrə rəis müavini İltifat Yusibovun xidməti otağında X2 ünvanına əxlaqi dəyərlərə zidd ifadələr səsləndirmiş, ictimai qaydanı pozduğuna görə ona irad bildirilsə də o polisin qanuni tələbinə qəsdən tabe olmadan şöbənin iş fəaliyyətini pozmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün qimən etirafedici izahatı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-in 30.2-ci maddəsinə əsasən inzibati həbs, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından göründüyü kimi Şəxs 2-ci qrup əlilliyi (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) vardır. Bu isə onun barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar