Məhkəmə qərarları › İş №3(049)-25/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-25/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-25/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, hərbi qulluqçu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:03 radələrində «Ford Focus minik» markalı **-BY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 342.6 və 333.1-ci maddələri ilə İXP ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə aid hərbi hissədə gizir rütbəsində xidmət edir. Ailəsi Lənkəran şəhərində qayınanasına məxsus evdə olduğundan ailəsini Gəncə şəhərinə aparmaq üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Lənkəran şəhərinə gəlmişdir. Gecəni Lənkəran şəhərində qayınanasına məxsus evdə qalıb, xx.xx.2025-ci il tarixdə ailəsi ilə birlikdə etibarnamə əsasında idarə etdiyi «Ford Focus minik» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə köhnə Ələt-Astara magistral yolunda hərəkətdə olarkən sükan arxasında mobil telefonla danışdığı üçün Lənkəran DYPB-nin YPX inspektoru ona saxla işarəsi vermiş, o da avtomobili saxlamışdır. YPX inspektoru sənədləri yoxlayan zaman ondan spirtli içki qəbul edib-etmədiyi soruşmuş, o da qəbul etmədiyini bildirmişdir. Özünə əmin olduğundan YPX inspektorunun təklifi ilə razılaşmış və alkotesterə üfləmişdir. YPX inspektoru alkotesterə onun sərxoş olduğunu bildirmiş, o, bu müayinənin nəticəsi ilə razı olmadığı üçün YPX inspektorundan onu həkim-narkoloqa aparmasını xahiş etmişdir. Lakin YPX inspektoru onu həkimə aparmamış, avtomobilin duracağa yerləşdirilməli olmasını bildirərək onun ardıyca Lənkəran ŞRPŞ-yə gəlməsini tələb etmişdir. O da avtomobillə Lənkəran ŞRPŞ-nin DYPB-yə gəlmişdir. DYPB-də səlahiyyətli şəxslərdən də hakim-narkoloqa onu aparmalarını xahiş etmiş, lakin onun xahişinə əhəmiyyət verilməmiş, ondan pul tələb edilmişdir. O qısa müddət sonra öz təşəbbüsü ilə həkim-narkoloqa müraciət etmiş, müayinə zamanı onda sərxoşluq vəziyyətinin olmadığı müəyyən edilmişdir. Həmin tibbi sənədi YPX əməkdaşlarına təqdim etsə də, ona əhəmiyyət verilməmişdir. Lənkəran ŞRPŞ-nin DYPB-də ondan pul istənilməsi ilə bağlı DİN-in 102 Xidməti zəng mərkəzinə məlumat vermişdir. Lənkəran ŞRPŞ-nin DYPB-də izahatında qeyd etdiklərini YPX əməkdaşlarının diqtəsi ilə yazmışdır. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli məktubu ilə inzibati xəta haqqında işin araşdırılması ilə bağlı Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi zamanı qeydə alınmış videogörüntülərin məhkəməyə təqdim edilməsi, eyni zamanda, sərxoşluq vəziyyətinin hansı markalı alkotester cihazı ilə müəyyən edilməsi, bunun üçün istifadə edilmiş alkotester cihazının sonuncu dəfə nə vaxt metroloji yoxlamadan keçirilməsi ilə bağlı məhkəməyə rəsmi məlumat verilməsi, həmçinin Şəxs barəsində xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib etmiş Lənkəran DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı X1 məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş edilmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ tərəfindən qəbul edilməsinə baxmayaraq icrası təmin edilməmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. İş materiallarında olan protokollaşdırma olması ehtimal edilən sənəd üzərində yazılan silindiyi üçün oxunması mümkün olmamışdır. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən tərtib edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan” 000004 №-li Tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:30-da öz təşəbbüsü ilə tibbi müayinədən keçmiş, alkotester vasitəsi ilə aparılmış müayinə zamanı onda alkoqol sərxoşluğu aşkar edilməmişdir. Nəticə 0.00%. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən qanunvericiliyin göstərilən tələbinə riayət olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. X2 Məcəlləsinin 82-1.1-ci maddəsində qedy edilir ki, inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 82-1.3-cü maddəsinə əsasən ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir. Göründüyü kimi, qanunvericilik tərəfindən hazırkı işin hallarına münasibətdə şəxsin öz təşəbbüsü ilə tibbi müayinədən keçməsinə, öz təşəbbüsü ilə sübutlar toplamasına, həmin sübutların mötəbər sübut kimi qəbul edilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Məhkəmə onu da xüsusilə vurğulayır ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qaydalarının tələbinə əsasən sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinənin yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi, Şəxs sərxoşluq vəziyyətinin müəyyən olunması məqsədilə aparılmış tibbi müayinə Lənkəran şəhər narkoloji xəstəxanasının həkim-narkoloqu tərəfindən həyata keçirilmişdir. Odur ki, məhkəmə həmin müayinə nəticəsində tərtib olunmuş protokolu daha mötəbər sübut kimi qəbul edir. Məhkəmə iş materiallarını, tədqiq edilmiş sübutları nəzərdən keçirib belə qənaətə gəlir ki, hazırki inzibati xəta haqqında iş üzrə əldə edilmiş sübutlarla Şəxs təqsirli bilinməsində əsaslı şübhələr vardır və bu şübhələr qanunvericiliyin tələbinə əsasən onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunanlara məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtməsi təsdiq edən hər hansı bir mötəbər sübutun mövcud olmaması və iş materiallarında olan sübutların ziddiyyətli olması Şəxs qeyd olunan inzibati xəta üzrə təqsirli olması barədə şübhələr kimi qiymətləndirilməli və onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmir. Belə olduğu halda, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar