Məhkəmə qərarları › İş №3(049)-26/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-26/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-26/2024 10.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: 26 oktyabr 2023-cü il tarixdə saat 01:00 radələrində Lənkəran rayon Şilavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs idarə etdiyi VAZ 21074 markalı, **-LR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla, Ələt-Astara yolunun Lənkəran rayon Digah kəndinin mərkəzində hərəkətdə olan zaman, arxadan onunla eyni istiqamtdə hərəkətdə olan Lənkəran rayon Gərmətük qəsəbə sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi Kia-Rio markalı, **-PX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında sürət həddini aşmadan ötmə əməliyyatını həyata keçirən zaman, Şəxs arxadan ötmə əməliyyatında olan avtomobilin hərəkətini başa vurmalı olduqdan sonra yolu sola dönməli olduğu halda bunu etməmiş, anidən Lənkəran rayon Digah kəndində yerləşən Refem marketin qarşısına dönmüş, arxada hərəkətdə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilinin qarşısına çıxmış və nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi Kia-Rio markalı, **-PX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön hissəsi, Şəxs idarə etdiyi VAZ 21074 markalı, **-LR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol yan mühərrik hissəsi ilə toqquşmuş və Zərərçəkmiş şəxs1 idarəetməni itirərək yolun solunda olan dəmir dirəyə çırpılaraq dayanmış, həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilində ön oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti almışdır.Bununla əlaqədar olaraq Lənkəran ŞRPŞ-nin YPX inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-nin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda isə həmin şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması, Şəxs qızının bədəni üzərində aşkar edilmiş, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlərin Şəxs tərəfindən yetirilmə üsulu öz əksini tapmamışdır. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən sübutlar əsasında baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Ancaq iş materiallarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan qərarın aidiyyəti şəxslərə rəsmi qaydada çatdırılmasının təmin edilibedilmədiyi, qərardan şikayət verilib-verilmədiyi, verilmişdirsə, şikayətin nəticəsi, şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan hər hansı şəxs tərəfindən şikayət veriləcəyi və qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş olacaqdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar