Məhkəmə qərarları › İş №3(049)-27/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-27/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-27/2025 21.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən Ələt- Astara avtomobil yolunun Ürgə kəndindən keçən hissəsində yolun kənarında qovaq cinsli diametri 44 sm olan 1 (bir) ədəd qurumuş ağac gövdə hissəsindən qanunsuz olaraq kəsilmişdir. Həmin qərardan verilmiş şikayətdə göstərilmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Ürgə kəndində yaşayır, iş olanda fəhləliklə məşğul olub ailəsini dalondırmağa çalışır. 2024-cü ilin noyabr ayında maddi imkanı olmadığından evi qızdırmaq üçün odun tədarükü edə bilməmiş və kəndin bələdiyyəsinə (Ürgə kəndi Göyşaban Bələdiyyəsinin tərkibinə daxildir) müraciət edərək ona odun almaqda köməklik göstərilməsini xahiş etmiş Göyşaban bələdiyyəsi də Ələt Astara avtomobil yolunun Lənkəran rayonunun Ürgə kəndi ərazisindən keçən hissəsində yolun kənarında olan bələdiyyənin torpağında olan qurumuş qovaq ağacını kəsib odun kimi evi qızdımağını bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə həmin ərazidə olan qovaq ağaclarından qurumuş halda olan ağaclardan birini kəsib odun şəklində doğrayaraq yaşadığı evi qızdırmaq üçün evə aparmışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət edərək orada araşdırma aparmış kəsdiyi ağacın quru ağac olması və bələdiyyənin göstərişi ilə həmin ağacı kəsib odun kimi yaşadığı evə aparmağı müəyyənləşəndən sonra cinayət işini başlamaqdan imtina edərək sənədləri Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmiş və həmin idarənin rəisi Ceyhun Hüseynov tərəfindən onun barəsində İXM-nin 253.2-ci maddəsi ilə 26 dekabr 2024-cü il tarixli M№ ******* saylı inzibati tənbehvermə haqında qərar qəbul edərək 2000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Həmin cərimə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəfindən kəsilmiş ağac qurumuş ağac olmuş, həmin ağacı da bələdiyyənin göstərişi ilə kəsib evi qızdırmaq üçün odun kimi doğrayıb evə aparmağı, həmin qurumuş ağacı bələdiyyənin göstərişinə əsasən kəsməyini nəzərə alınmamış, ən əsası isə həmin kəsilmiş ağacın yaş kök üstə deyil qurumuş ağac olmasını nəzərə almamışlar. Lakin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin maddənin məzmunundan görünür ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati xəta tərkibi yaranır. Həmin maddənin özündə və birinci bəndində isə yaş halda olan ağac və kol bitkiləri nəzərdə tutulsa da inzibati orqanın rəhbəri qanunvericiliyin tələbini pozaraq quru halda kəsilmiş ağaca inzibati tənbeh tətbiq etmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin qərar ləğv edilməlidir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 qəbul etdiyi 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Verilən suallaraq cavab olaraq Fuad Şıxcanov bildirdi ki, həqiqətən də o qeyd edilən qovaq cinsli quru ağacı kəsmiş, bununla bağlı bələdiyyə sədrinin şifahi icazəsini almış, inzibati xətanı törətmiş və protokolda göstərilənlərlə razıdır. Lakin maddi imkansızlıqdan belə bir addım atmışdır. Tətbiq edilmiş 2000 manat cəriməni ödəyə bilməyəcəkdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, Lənkəran ŞRPŞ-dən xx.xx.2024-cü ildə X1 qanunsuz ağac kəsməsi ilə bağlı material 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuşdur. X10 icraatında olmuşdur. Həmin ağac Lənkəran rayonu Ürgə kəndində yaşıllıq zolaqda olmuşdur. Ağac bələdiyyəyə aid ərazidə yerləşir. Şıxcanov Fuad idarəyə dəvət olunmuş, material ona təqdim edilmişdir. Ona qərarda göstərilən məlumatlar bildirib, ona təqdim etmişlər. Qərarı imza etməkdən imtina etmişdir. Daha sonra tərəfindən protokol tərtib olunmuşdur. Fuad Şıxcanov yaş və quru olmasından aslı olmayaraq ağac kəsərkən mütləq Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsindən rəy aldıqdan sonra ağacı kəsə bilərdi. Bunun üçün başqa hər hansı şəxs və orqan icazə verə bilməzdi. Məhkəmədən şikayət ərizəsinin təmin edilməməsini xahiş edir. İş materiallarında olan: Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X5 tərəfindən xx.xx.2024-cü il tarixli, HK-1-89 nömrəli materialı üzrə qəbul edilmiş qərardan görünür ki, X3 barəsində cinayət işinin başlanılması rədd edilmiş və inzibati qaydada tədbirlər görülməsi üçün materiallar 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. X2 xx.xx.2024-cü il tarixdə 13 dekabr 2024-cü il tarixli 88148 saylı akt və inzibati protokola baxılmasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli 88148 saylı aktdan görünür ki, Lənkəran RŞPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli qərarla əlaqədar Ələt-Astara yolunun Ürgə kəndindən keçən hissəsindəki torpaq sahəsinə və Liman PB-in ərazinə baxış keçirilmişdir. Baxış zamanı sözügedən ərazidə qovaq cinsinə mənsub diametri 44 sm 1 (bir) ədəd quru ağacın 1 metr hündürlükdə gövdədən kəsilməsi, həmin ağacın gövdə və çətir hissələrinin doğranmış quru halda Liman polis bölməsinin həyətində qalaqlanmış şəkildə yığılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən Ələt-Astara avtomobil yolunun Ürgə kəndindən keçən hissəsində yolun kənarında qovaq cinsli diametri 44 sm olan 1 (bir) ədəd qurumuş ağac gövdə hissəsindən qanunsuz olaraq kəsilmişdir. O, İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. 01 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Ürgə kəndindən keçən hissəsində 1 (bir) ədəd ağac kötüyünə baxış keçirilən zaman zolaqda 1 metr hündürlükdə gövdə hissədən kəsilmiş ağac 44 (qırx dörd) sm diametrdə olan qovaq cinsinə aiddir cə kötük hissəsi quru halda olmaqla inkişafdanqalmışdır. Kəsilmiş qovaq cinsinə aid ağac quru halda olduğu üçün təbiətə ziyan vurulmuş hesab edilmir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 №-li Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə görə yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin Qaydanın 2.4-cü bəndinə görə fiziki və hüquqi şəxslər (bundan sonra ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qaydanın 2.9 və 2.11-ci bəndlərinə görə İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. Həmin Qaydanın 3.1-3.4-cü bəndlərinə əsasən bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin(kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsi barədə müraciətlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır, dərhal təqdim olunmuş sənədlər yoxlanılır, yerli qurumlar tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirərək nəticəsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar