Məhkəmə qərarları › İş №3(049)-278/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-278/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-278/2024 15.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.25 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, təqdimat verən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxx 1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən 15 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3386/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkarı fərdi yaşayış evinə köçürülmə tələbini icra etməkdən boyun qaçırır və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3386/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. İcra tədbirləri qismində bugün, yəni 15 mart 2024-cü il tarixdə icra məmurları Vüsal Qasımov və Elvin Babayevlə birlikdə ünvan 2 ünvanına getdikdə borclu çox kobud şəkildə icra məmurlarına müqavimət göstərərək icra məmurlarına mane olmuşdur. Həmin vaxt tələbkar da orada olmuşdur. O, həmin vaxt borclunu sakitləşdirməyə çalışsa da, razı olmadığı halda məhkəmənin yekun qərarından şikayət vermək hüququnun olduğunu bildirmiş, lakin borclu sakitləşməmiş, “məhkəmə karuseldi” demişdir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, borclunun onun doğma qardaşıdır və onu atasından qalma evinə buraxmır. O, neçə ildir ki, kirayədə qalır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3386/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Lakin borclu buna imkan vermir. Bugün, yəni 15 mart 2024-cü il tarixldə icra məmurları Elşad Əhmədov, Vüsal Qasımov və Elvin Babayevlə birlikdə ünvan 2 ünvanına getdikdə borclu çox kobud şəkildə icra məmurlarına müqavimət göstərərək mane olmuşdur. Həmin vaxt o, da orada olmuşdur. Göstərilənlərə əsasən Şəxs təyin ediləcək inzibati tənbeh tədbirini məhkəmənin mülahizəsini buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, tələbkar onun bacısıdır, lakin onun münasibəti yoxdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3386/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən bacısı ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. O, qətnamənin icrasından yayınmır, sadəcə evinin ikinci mərtəbəsi yox birinci mərtəbəsində tələbkarın yaşamağına şərait yaradır. Bugün, yəni 15 mart 2024-cü il tarixdə icra məmurları onun evinə gəlmiş, lakin evdə gəlin, arvad və uşaq olduğu üçün icra məmurlarını ikinci mərtəbəyə buraxmamış, birinci mərtəbəyə baxmalarını bildirmişdir. Göstərilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X4 hüquqularını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qətnamənin icrasından yayınmadığını, icra məmurlarının qətnamədə qeyd edilən ünvanda olduqlarını bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-3386/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə başlanılmış, borclu Şəxs Tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. O tələbin könüllü icrası haqqında bildirişi imzalayaraq qəbul etmişdir. Həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 15 mart 2024-cü il tarixli aktdan görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Elşad Əhmədov, Vüsal Qasımov və X6 şəhər Koroğlu küçəsi ev 58 ünvanına getdikdə borclu Şəxs çox kobud şəkildə icra məmurlarına müqavimət göstərərək icra məmurlarına mane olmuşdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xəta üzrə tələbkarın mənafelərinin pozulduğunu nəzərə alaraq, həmçinin şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 mart 2024-cü il tarixdən, saat 18:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Lənkəran Rayon İcra və Probasiya şöbəsinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar