Məhkəmə qərarları › İş №3(049)-279/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-279/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-279/2024 06.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi (aparıcı məsləhətçi) X16 və inzibati tənbeh vermə haqqında qərardan şikayət verən “X7” ASC-nin qanuni təmsilçisi Qanuni nümayəndə vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X7” ASC-nin qanuni təmsilçisi Qanuni nümayəndə Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan narazı qalan Qanuni nümayəndə şikayət ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abbasov X3 şəhəri, Ləvəngi dairəsi, Nəsimi küçəsində fəaliyyət göstərən “X7” ASC-nin qanuni təmsilçisidir. Sözügedən ASC 1995-ci ildən fəaliyyət göstərir və həmin dövrdən o, ASC-nin qanuni təmsilçisidir. 01 mart 2024-cü il tarixində növbədənkənar yoxlama hayata keçirilmişdir. Növbədənkənar yoxlamanın keçirilməsi üçün har hansı bir əsas ona təqdim olunmamışdır. Yoxlamanın nəticəsi olaraq guya müəssisədə 5000 (beş min) baş kənd çolpası va 2500 (iki min beş yüz) baş əmtəə nişanli “Ləvəngi toyuğu”nun satışa buraxıldığını qeyd etmişlər. Lakin, bununla əlaqədar heç bir sübüt ona təqdim etməmişlər. Yəni, əgər həmin məhsullar hər hansı bir mağazaya və ya iaşə obyektinə satılıbsa, yuxarıda qeyd olunan normalara əsasən həmin mağazanın rəhbərinin şikayəti əsasında yoxlama aparılmalı və ya Agentliyin əməkdaşlarının məhsulların qanunvericiliyin tələblərinin pozulması ilə satışa buraxılmasını əyani şəkildə sübut etməlidirlər. Yəni, daha sadə dilnən desək şərti alıcı olaraq hər hansı şəxsin ondan kənd çolpasını protokolda qeyd olunan şəkildə aldığı sübuta yetməlidir. Sözügedən protokolda yuxarıda qeyd olunan sayda məhsulların müşahidəedici sənəd olmadan mağazalara paylanılması və etiketlənmədən istehlakçılara satılması qeyd olunmuşdur. Bununla bağlı hər hansı mötəbər sübutları olduğu halda məhkəməyə təqdim etsinlər. Həmin məhsulların qablaşdırılacağı qablara (karobkalara) məhsulun istehsal tarixini qeyd edərək saxlanc anbarında saxlamışdır. Məhsulların etikətlənməməsinin səbəbi isə kənd çolpasının qablaşdırılması üçün nəzərədə tutulan sellofan paketlərin hazır olmaması ilə bağlı olmuşdur. Heç bir istehlakçıya toyuqların satışı həyata keçirilməmişdir. Bundan əlavə qanunvericiliyin tələbələrini kobud şəkildə pozmaqla agentliyin əməkdaşları 10 ədəd toyuq götürərək laboratoriyaya göndəriləcəyini qeyd etmişlər. Halbuki, nümunələrin götürülməsi aktlaşdırılmalı və prosedur barədə ona məlumat verilməli idi. xx.xx.2024-cü il tarixdə o, Agentliyə dəvət olunmuş və ona mübahisələndirdiyi qərarı təqdim etmişlər. Lakin, götürülən nümunələrin cavabları bu günə kimi ona təqdim olunmayıb. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlamada Azər Əliyev və Ramin Rəvvaqın iştirak edilməsi qeyd olunmuş, lakin faktiki olaraq yoxlama zamanı həmin əməkdaşlar deyil, Ramin, Şəhriyar və Pərvanə adlı əməkdaşlar iştirak etmişlər. Bu da qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı onun kommersiya sirrinin qorunmasını şübhə altına alır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlamada Azər Əliyev və Ramin Rəvvaqın iştirak edilməsi qeyd olunmuş, lakin faktiki olaraq yoxlama zamanı həmin əməkdaşlar deyil, Ramin, Şəhriyar və Pərvanə adlı əməkdaşlar iştirak etmişlər. Bu da, yoxlamada kimlərin iştirak etməsi barədə qərarın vahid məlumat reyestrində qeydə alınmasını tələb edir. Lakin, Ramin, Şəhriyar və Pərvanə adlı əməkdaşların iştirakı ilə keçirilən yoxlama qərarı reyestrdə qeydə alınmamışdır. Növbədənkənar yoxlamanın hansı əsasla keçirildiyi barədə izah verilməsini istəsə də həmin məlumatların açıqlığı təmin edilməmişdir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas olan heç bir faktı ona bildirmədən qanunsuz olaraq bu yoxlamanı keçirmişlər. Yəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində sadalanan heç bir əsas mövcud olmaya-olmaya bu yoxlama öz maraqlarına uyğun onu qanunsuz olaraq cərimə edilməsinə nail olmaq üçün həyata keçirilmişdir. Əgər həmin məhsullar hər hansı bir mağazaya və ya iaşə obyektinə satılıbsa yuxarıda qeyd olunan normalara əsasən həmin mağazanın rəhbərinin şikayəti əsasında yoxlama aparılmalı və ya Agentliyin əməkdaşlarının məhsulların qanunvericiliyin tələblərinin pozulması ilə satışa buraxılmasını əyani şəkildə sübut etməlidirlər. Yoxlama zamanı Cəmiyyətin normal iş rejimi pozulmuş və baxışın keçirilməsi barədə protokol tərtib edilməmişdir. Məhsulun tədqiqi barədə qərar ümumiyyətlə qəbul edilməmiş və ona verilməmişdir, hüquq və vəzifələrim izah edilməmiş, götüürülən məhsulun dəyəri ödənilməmiş və yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayılması yoxlamanın təyin edilməsinin əsası kimi qeyd edilmişdir. Lakin, belə bir şikayət heç Agentliyə daxil olmamışdır. Yoxlayıcının texniki vasitələrdən istifadəsi ilə bağlı aktda həmin aktın imzalandığı tarix qeyd olunmamışdır və bu da həmin aktın etibarsızlığına səbəb olur. Çünki, həmin aktın yoxlamadan qabaq və ya sonra tərtib edilməsi sual altındadır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 rəisi X6 qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Ona görə də həmin qərardan xx.xx.2024-cü il tarixədək şikayət vermə müddəti vardır. Qeyd olunanları nəzərə alaraq həmin qərarın ləğv edilməsi üçün müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Qanuni nümayəndə vəkili Vəkil şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Qida X4-X15 tərəfindən “X7” ASC-də xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama qanun pozuntularına yol verilməklə keçirilmişdir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlamada Azər Əliyev və Ramin Rəvvaqın iştirak edilməsi qeyd olunsa da, lakin yoxlama zamanı həmin əməkdaşlar deyil, Ramin, Şəhriyar və Pərvanə adlı əməkdaşlar iştirak etmişlər. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinin müvafiq bəndlərinə əsasən, sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə, həmin Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda və sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə plandankənar (növbədənkənar) yoxlama aparılır. Lakin sözügedən orqan anonim müraciət əsasında qanunun tələbini pozmaqla yoxlama keçirmişdir. Halbuki, anonim müraciətlər (məlumatlar) əsasında həmin Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Yoxlamanın nəticəsi olaraq müəssisədə 5000 (beş min) baş kənd çolpası va 2500 (iki min beş yüz) baş əmtəə nişanli “Ləvəngi toyuğu”nun satışa buraxıldığını qeyd edilsə də bununla əlaqədar heç bir sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq, Qanuni nümayəndə barəsində Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida X4- X15 tərəfindən qəbul edilmiş 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 nümayəndəsi (aparıcı məsləhətçi) X16 izahatında göstərdi ki, 29 fevral 2024-cü il tarixli, LRBPK-24/027 №-li “Yoxlamanın aparılması haqqında” Qərara əsasən “X7” ASC-də plandankənar yoxlama keçirilməsi qərara alınmışdır. Yoxlamanın başlanma və bitmə dövrü xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə etmiş, plandankənar yoxlamanın əsası kimi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatlar) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması çıxış etmişdir. Həmin qərarda yoxlayıcı olaraq o, özü və regional bölmənin sektor müdiri X8 adı qeyd edilmişdir. Bu barədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 29 fevral 2024cü il tarixli çıxarışda yuxarıda qeyd olunan məlumatlar öz əksini tapmışdır. Xidməti zərurətdən dolayı regional bölmənin sektor müdiri X11 xx.xx.2024-cü il tarixdə “X7” ASCdə plandankənar yoxlamada iştirak etməmiş, yoxlama onun özü tərəfindən keçirilmişdir. Şikayətdə qeyd olunduğu kimi, Şəhriyar və Pərvanə adlı əməkdaşlar yoxlamada iştirak etməmişdir. Belə ki, həmin şəxslər regional bölmədə stajorluq keçən əməkdaşlar olmaqla təcrübə toplamaq, eyni zamanda sənədlərin qruplaşdırılmasında köməklik etməkdən ötrü onunla birgə “X7” ASC-nin ərazisində olmuş, yoxlamanın heç bir mərhələsində sahibkarlıq subyektinin fəaliyyətinə nəzarətdə iştirak etməmişlər. Bundan başqa, şikayətdə anonim müraciətə əsaslanmaqla plandankənar yoxlama keçirildiyi qeyd edilsə də, plandankənar yoxlamanın əsası kimi X17un xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş elektron müraciəti çıxış etmişdir. Eyni zamanda, Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə verdiyi izahatında, yoxlama zamanı 5000 ədəd kənd çolpasının etiketlənmədən istehlakçıya təqdim edilməsi halının aşkar edildiyini, həmçinin cari ilin yanvar ayında istehsal olunan 2000 baş toyuq məhsulunun ekspertiza sənədi üçün müraciət etmədən müşahidəedici sənədsiz təqdim etdiyini, bir daha belə hallara yol verməyəcəyini, səhhətində yaranmış narahatlığa görə yanvar ayında müraciət edə bilmədiyini göstərmişdir. Həmçinin, onun və “X7” ASC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə “Qida obyektinə baxışın keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli, LRBPK 24/027 №-li Akt tərtib edilmişdir. Baxış nəticəsində istehsal müəssisəsində müəyyən edilmiş digər nöqsanlarla yanaşı, müəssisədə 2000 kq toyuq məhsulunun istehsal edilib mağazalara satıldığı, bununla bağlı AQTA-ya müraciət edilmədiyi, heç bir müşahidəedici sənəd alınmadan satışa çıxarıldığı, qida müəssisəsində emal edilən 5000 ədəd, hər biri 1 kq 100 qr olan toyuq məhsulunun satışa üzəri etiketlənmədən çıxarıldığı, üzərində heç bir istehsalçı məlumatı, yararlılıq müddətinin qeyd edilmədiyi aşkar olunmuşdur. Göstərilənlərə əsasən tərəfindən xx.xx.2024-cü il tarixdə “X7” ASC-nin qanuni təmsilçisi Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələri MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli inzibati xətalar haqqında işlər üzrə bildiriş ünvanlanaraq ona tərtib edilmiş inzibati xəta haqqında protokolla əlaqədar xx.xx.2024-cü il tarixdə regional bölmədə inzibati xətaya dair işə baxılacağı bildirilərək, iş üzrə bütün sübutların təqdim edilməsi təklif edilmiş, lakin sonuncu heç bir sübut təqdim etməmiş və onun barəsində regional bölmənin rəisi Xalid Ələkbərli tərəfindən 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan: 29 fevral 2024-cü il tarixli, LRBPK-24/027 №-li “Yoxlamanın aparılması haqqında” Qərardan görünür ki, “X7” ASC-də plandankənar yoxlama keçirilməsi qərara alınmışdır. Yoxlamanın başlama və bitmə dövrü xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə etmiş, plandankənar yoxlamanın əsası kimi insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatlar) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması çıxış etmişdir. Həmin qərarda yoxlayıcı olaraq o, özü və regional bölmənin sektor müdiri X8 adı qeyd edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 29 fevral 2024-cü il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “X7” ASC-də müddəti xx.xx.2024-xx.xx.2024-cü ili əhatə edən plandankənar yoxlamanın keçirilməsi, yoxlayıcı şəxslərin X1 sektor müdiri X11 və aparıcı məsləhətçi X13 olması, yoxlamanın təyin edilməsi üçün əsasının insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatlar) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması olması qeyd olunmuşdur. Qanuni nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-44-8/2-A-459/2024 №-li inzibati xətalar haqqında işlər üzrə bildiriş ünvanlanmış bildirişdən görünür ki, ona tərtib edilmiş inzibati xəta haqqında protokolla əlaqədar xx.xx.2024-cü il tarixdə regional bölmədə inzibati xətaya dair işə baxılacağı bildirilərək, iş üzrə bütün sübutların təqdim edilməsi təklif edilmişdir. Qanuni nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, yoxlama zamanı 5000 ədəd kənd çolpasının etiketlənmədən istehlakçıya təqdim edilməsi halının aşkar edildiyini, həmçinin cari ilin yanvar ayında istehsal olunan 2000 baş toyuq məhsulunun ekspertiza sənədi üçün müraciət etmədən müşahidəedici sənədsiz təqdim etdiyini, bir daha belə hallara yol verməyəcəyini, səhhətində yaranmış narahatlığa görə yanvar ayında müraciət edə bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Agentliyin X2 ünvanlanmış xidməti məktubdan görünür ki, X17 tərəfindən Agentliyə daxil olmuş müraciətin xx.xx.2024-cü il tarixədək araşdırılması, nəticəsi barədə Agentliyə və müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. X17 tərəfindən mailto:malik.hmdov@mail.ruElektron ünvan 1 elektron poçtundan mailto:info@afsa.gov.azElektron ünvan 2 elektron poçtuna ünvanlanmış 25 fevral 2024-cü il tarixli elektron müraciətin məzmunundan görünür ki, marketdən aldığı Lənkəran rayonu, “Ləvəngi dairəsi” adlanan ərazidə yerləşən “X7” ASC-yə məxsus toyuq məhsulunun tarixi yeni olmasına baxmayaraq toyuğu doğrayarkən qan laxtaları və bişirilən zaman gələn qoxu həmin toyuğun öləndən sonra kəsilməsi fikri yarandığına görə araşdırılması xahiş edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, emal müəssisəsində emal edilən 5000 ədəd kənd çolpası və 2500 ədəd “Ləvəngi” əmtəə nişanlı toyuq məhsulu müşahidəedici sənəd olmadan mağazalara paylanıldığına, həmçinin 5000 ədəd toyuq markalanmadan istehlakçılara təqdim edildiyinə görə Qanuni nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun “Qida və yem məhsullarının istehsalı və emalı zamanı onların təhlükəsizliyinə dair tələblər”dən bəhs edən 16-cı maddəsinin müvafiq bəndlərinin (16.1-16.4) tələblərinə görə qida və yem məhsullarının istehsalı və emalı zamanı qida və yem məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida və yem xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır. Qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Qida və yem məhsullarının istehsalı, emalı, saxlanması, satışı üçün istifadə edilən binaların, habelə yardımçı və sanitar-məişət binalarının avadanlığı, ərazisi, su təchizatı və kanalizasiya sistemi, qızdırılması, ventilyasiyası (havalandırılması), işıqlandırılması və işçi heyətinin iş şəraiti qida təhlükəsizliyinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. HACCP-a əsaslanan prosedurlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.15-ci maddəsinə əsasən anonim müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət hesab olunur. Həmin Qanunun 6.4-cü maddəsinə görə müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası Yeyinti X9 5-ci maddəsinə əsasən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra standartlar və tələblər) vasitəsi ilə həyata keçirilir. Qida məhsullarında istifadə olunan xammala, onların istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə standartlar və tələblər, habelə onların təkmilləşdirilməsi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən işlənilir və müəyyən edilmiş qaydada təsdiq edilərək dövlət qeydiyyatından keçəndən sonra qüvvəyə minir. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə görə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Şikayətçi Qanuni nümayəndə hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını, plandankənar yoxlamanın qanun pozuntuların yol verilməklə keçirildiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və ya şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmiş, formal mülahizələrə söykənən dəlillərini şikayətdə göstərmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək şikayətçi Qanuni nümayəndə şikayətdə göstərdiyi dəlillərə tənqidi yanaşır, onun xx.xx.2024-cü il tarixdə verdiyi izahatında göstərdiyi xüsusatları daha inandırıcı hesab edir, hazırki şikayətdə göstərdiyi dəlillər məsuliyyətdən yayınmaq məqsədi güdməklə və işin faktiki halları ilə ös təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qanuni nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 11 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qanuni nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 inzibati tənbeh vermə haqqında 11 mart 2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar