Məhkəmə qərarları › İş №3(049)-283/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-283/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-283/2024 18.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Hüquqi ünvanı: Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən 12 mart 2024-cü il tarixdə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edimiş sənədlərdə qeyd edilmişdir ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti 15.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 28 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan iki ildən artıq müddət keçməsinə baxmayaraq, 15.000 ABŞ dolları məbləğind vəsait hesabına alınan malları (xidməti) ölkəyə etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 fevral 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə 12 mart 2024-cü il tarixdə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, “X5” MMC-də menecer vəzifəsində işləyir. Həmin MMC tərəfindən xarici Türkiyə şirkətinə köçürülmüş 15.000 ABŞ dolları vəsaitə dair mallar onlardan asılı olmayan səbəblərdən göndərilməmişdir. Qeyd edilən malların onlara göndərilməsi barədə dəfələrlə qarşı tərəfin səlahiyyətli nümayəndələri ilə telefonla danışmışlar. Aralarında bu barədə rəsmi yazışma olması barədə məlumatı yoxdur. Sonradan qarşı tərəflə bağlanmış müqavilənin müddəti uzadılmışdır. Qeyd edilən köçürülmüş vəsaətə dair 14.500 ABŞ dolları dəyərində mallar 15 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. Həmin vəsaətə dair qalmış 550 ABŞ dolları dəyərində mallar isə 2024-cü ilin sonunadək ölkəyə idxal ediləcəkdir. Odur ki, hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 fevral 2022-ci il tarixli köçürmə ərizəsinin surətindən, müqavilənin surətindən və qaimənin surətindən görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin tarixdə 15.000 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “YAVUZ FEVORJE VE DEMİR TİC.SAN. A.S.” şirkətinin hesabına həmin şirkətlə bağlanmış xx.xx.2022-ci il tarixli 08/0222 saylı müqaviləyə əsasən malların alınması üçün qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 04 mart 2024-cü il tarixli RB-02/851 saylı məktubundan görünür ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 28 fevral 2022-ci il tarixdə 15.000 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin iki il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3 bəndinə və 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmçinin iş materiallarına əlavə edilmiş **********1582 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “X5” MMMC tərəfindən xx.xx.2022-ci il tarixdə tarixdə “YAVUZ FEVORJE VE DEMİR TİC.SAN. A.S.” şirkətinin hesabına həmin şirkətlə bağlanmış xx.xx.2022-ci il tarixli 08/0222 saylı müqaviləyə əsasən malların alınması üçün qabaqcadan ödənilmiş 15.000 ABŞ dolları məbləğində vəsaitə dair 14.500 ABŞ dolları dəyərində mallar 15 aprel 2024-cü il tarixdə (iki il keçdikdən sonra) Azərbaycan Respublikasına idxal edilmişdir. Eyni zamanda yuxarıda qeyd edilən köçürülmüş 15.000 ABŞ dolları vəsaitə dair 550 ABŞ dolları məbləğində vəsait hələ də ölkəyə idxal edilməmiş və vəsait geri qaytarılmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın obyekti olmuş 15.000 (on beş min) ABŞ dolları vəsaitin 20 (iyirmi) faizi miqdarında, 3.000 (üç min) ABŞ dolları məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar