Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-286/2024 27.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Hazırki işin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı protokolda öz əksini tapmamışdır. Həmin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə, habelə, inzibati işin materialları ilə tanış edilməsi qanunauyğun şəkildə rəsmiləşdirilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin sənədləri imzalamaqdan imtina etdiyi təqdirdə, bu aktla rəsmiləşdirilməli olduğu halda, “Şəxsin barəsində başlanılmış inzibati iş üzrə materialdan imza edilməsindən imtina etməsi barədə” adlı qeyri-müəyyən məzmunlu protokol tərtib edilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin haqqında Lənkəran şəhərrayon Polis Şöbəsindən verilmiş arayışda tarix və nömrə göstərilməli yerdə göstərilməmiş, yalnız tarix arayışın aşağı hissəsində göstərilmiş, bununla da həmin arayışın hansı dövrü əhatə etdiyi və hansı nömrə ilə qeydiyyata alındığı müəyyən edilmir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təqdim edilməsi barədə protokol tərtib edilməmiş, yalnız vəkillərin siyahısı işə əlavə edilmiş, bu da müdafiəçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə real olaraq təqdim edilmədiyini deməyə əsas verir ki, bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulan müdafiə hüquqları kobud surətdə pozulmuşdur. Eyni zamanda, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs tərəfindən qanunsuz saxlanıldığı qeyd edilən silahın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatda olub-olmamasını müəyyən edən, habelə, həmin silahın növü, markası və digər xüsusi əlamətlərini özündə göstərən rəsmi sənədlər işə əlavə edilməmişdir. Qeyd olunan silahın yivli və ya yivsiz olmasının müəyyən edilməsi ilə bağlı müvafiq sənəd (rəy, mütəxəssis arayışı və sair) də işə əlavə edilmədiyindən törədildildiyi ehtimal edilən hüquq pozuntusunun cinayət və ya inzibati hüquqpozmaya aid olub-olmadığı da müəyyən edilmir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran şəhər-rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-286/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-286/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver