Məhkəmə qərarları › İş №3(049)-287/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-287/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-287/2024 27.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlunun iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlunun tərtib etdiyi 27 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4651/2023 saylı, 06 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qeyd edilmişdir. Hazırda borclunun tələbkara ümumilikdə 2.640 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlu məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədə getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Borclu həmin axtarış qərarı əsasında polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir və onunizahatı alınmışdır. Borclu hal-hazıradək qeyd edilən icra sənədinə əsasən, tələbkara heç bir vəsait ödəməmişdir və onun aliment borcu hazırda 2.640 manat təşkil edir. Tələbkar dəfələrlə şöbəyə müraciət edərək aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Protokolun təmin edilərək, borclu Şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədi barədə məlumatlıdır və dəfələrlə icra şöbəsinə çağırılaraq bu barədə ona xəbərdarlıq edilmişdir. Hazırda iş yeri yoxdur. Əlavə olaraq aliment də ödəməlidir. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə borcu ödəyə bilər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək tələbkara aliment borcundan heç bir vəsait ödəməmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4651/2023 saylı, 06 dekabr 2023-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qeyd edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar 19 dekabr 2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 06 mart 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-4651/2023 saylı, 06 dekabr 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs barəsində “axtarış elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs polis əməkdaşları tərəfindən şöbəyə tehvil verilmişdir. Borclu Şəxs barəsində olan axtarış işinə xitam verilməsi polis orqanından xahiş edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək borclu icra sənədinə dair tələbkara heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 27 mart 2024-cü il saat 16.50-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar