Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-308/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin vəzifəli şəxsinin 07 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4.000 (dörd min) manat miqdarında cərimə edilmişdir. X5 həmin qərardan şikayət verib. Şikayətdə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin vəzifəli şəxsinin 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarında qeyd edilmişdir ki,: “AQROMALL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 1D********** nömrəli müraciəti əsasında, xx.xx.2024-cü il istehsal tarixli, xx.xx.2025-ci il son istifadə tarixli ümumi çəkisi 16575 kq, istehsalçısı “X4” müəssisəsi olan qabıqlı qoz məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina olunsun və məhsul partiyasının toxunulmazlığı təmin olunsun. Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda həmin məhsul partiyası 10 (on) gün müddətində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilsin və ya sahibkarın əsaslandırılmış müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv və ya utilizasiya edilsin. AQTA-nın Bakı RB-nin rəis v.i.e X2 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı Qərarı ilə X5 AQTA-nm Bakı RB-nin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli qərarını icra etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə uyğun olaraq 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Adıçəkilən Qərar 16 mart 2025-ci il tarixdə MMC-nin ünvanına göndərilmişdir. AQTA-nın Bakı RB-nin rəis v.i.e X2 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı Qərarı ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarda qeyd olunmuşdur ki, X5 AQTA-nm Bakı RB-nin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli qərarını icra etmədiyi üçün cərimə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən, İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında, yaxud qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasında göstərilən qərar qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” Qərarından mübahisələndirmə haqqında iddia ərizəsi (qərarın ləğv edilməsinə dair) ilə 27 fevral 2025-ci il tarixdə Şirvan İnzibati məhkəməsinə müraciət edilmişdir. İddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin hakimi Hilal Nəcəfovun icraatın dadır və xx.xx.2025-ci il tarixə saat 09:50-ə hazırlıq iclası təyin edilmişdir. AQTA-nın Bakı RB-nin rəis v.i.e X2 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı Qərar Azərbaycan Respublikası İXM-nin maddələrinin kobud surətdə pozulması ilə qəbul edilmişdir. Belə ki, İnzibati xəta haqqında işə baxmış AQTA-nın vəzifəli şəxsi işə baxılmasında iştirak etmək üçün vəzifəli şəxsi çağırmamışdır. Qeyd edilən hal İXM-nin 61.3 maddəsinin tələblərinin pozulmasıdır. İşin məhkəmə baxışında iştirak edən şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında icraat aparan orqan Azərbaycan Respublikasının X1 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, hazırda mübahisələndirilən inzibati tənbehvermə haqqında qərara aid X1 Bakı Regional Bölməsində aparılan inzibati xəta haqqında icraat çərçivəsində inzibati orqanda işə baxılmasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə qanunamüvafiq qaydada məlumat verilmişdir. Bundan sonra işə baxılaraq X5 İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 manat cərimə edilmişdir. Belə ki, X5 “AQROMALL" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olaraq, X1 Bakı Regional Bölməsinin vəzifəli şəxsinin 10 yanvar 2025-ci il tarixli 003 nömrəli qərarını yerinə yetirməməyə görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilərək, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edlmiş Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin rəisi vəzifəsini icra edən Elşad Cəbrayılov tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, 003 saylı qərarında qeyd edilmişdir ki,: “AQROMALL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 1D********** nömrəli müraciəti əsasında, xx.xx.2024-cü il istehsal tarixli, xx.xx.2025-ci il son istifadə tarixli ümumi çəkisi 16575 kq, istehsalçısı “X4” müəssisəsi olan qabıqlı qoz məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina olunsun və məhsul partiyasının toxunulmazlığı təmin olunsun. Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Bu qərarın 2-ci bəndində göstərilmiş müddət ərzində qida və yem məhsulları, qida ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda həmin məhsul partiyası 10 (on) gün müddətində Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilsin və ya sahibkarın əsaslandırılmış müraciəti əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv və ya utilizasiya edilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli müşayiət məktubundan görünür ki, 10 yanvar 2025-ci il tarixli, 003 saylı qərar həmin məktuba qoşma edilərək, icra edilməsi üçün "xxxx" MMC-yə göndərimişdir. İş materiallarına əlavə edilmiş TA011540664AZ saylı poçt xəbərnaməsindən görünür ki, 10 yanvar 2025-ci il tarixli, 003 saylı qərar poçt rabitəsi vasitəsilə "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş X1 Bakı Regional Bölməsindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həmin məktubla 10 yanvar 2025-ci il tarixli, 003 saylı qərarın icra edilməməsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması qeyd edilməklə nümayəndəsinin xx.xx.2025-ci il tarixdə saat 14:00-da inzibati orqana gəlməli olduğu bildirilmişdir. Həmin məktubda xx.xx.2025-ci il tarixli 003 nömrəli qərarın son icra müddətinin xx.xx.2025-ci il olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsinin və bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X1 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli, 003 saylı qərarının ləğv edilməsinə dair iddia tələbi ilə 27 fevral 2025-ci il tarixdə Şirvan İnzibati məhkəməsinə müraciət edilmişdir. İddia ərizəsi Şirvan İnzibati Məhkəməsinin hakimi Hilal Nəcəfovun icraatındadır və xx.xx.2025-ci il tarixə saat 09:50-ə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə şikayət ərizəsini iş üzrə təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında araşdıraraq müəyyən etdi ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında icraat aparılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 Bakı Regional Bölməsinin 10 yanvar 2025-ci il tarixli, 003 saylı qərarı icra edilməsi üçün "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə çatdırılmasına baxmayaraq, bundan 6 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə həmin qərarın icra edilməməsi ilə əlaqadar inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə məktub ünvanlanmışdır. Halbuki həmin qərarın nəticə hissəsinin 2-ci bəndi üzrə icra müddəti 10 gün, 3-cü bəndi üçün də bundan sonrakı icra müddəti 10 gün müəyyən edilmişdir. Qeyd edilənlərdən belə müəyyən edilir ki, həmin qərarın icra edilməsi üçün ümumi müddət 20 gün müəyyən edilmişdir. Həmin qərar icra edilməsi üçün MMC-yə çatdırıldığı gündən icra müddətinin axımı başlanmalı idi. Qərar MMC-yə xx.xx.2025-ci il tarixdə çatdırıldığından icra müddəti xx.xx.2025-ci il tarixdə sona çatmalı idi. Qeyd edilən müddət gözlənilmədən inzibati xəta haqqında iş üzrə icraatın başlanması qanunvericiliyin tələblərinə uyğun deyildir. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinə göndərilməlidir. Ona görə də şikayət qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-308/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-308/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver