Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-31/2023 21.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, şikayət vermiş şəxs: X2 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 18 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət ərizəsinə baxaraq məhkəmə, müəyyən etdi: X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən inzibati tənbeh vermə haqqında 18 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi diş həkimidir və hazırda təqüddə olduğu üçün öz evində təkbaşına dosta-tanışa və qohumlara stamatoloq kimi arabir xidmət edir. 16 noyabr 2022-ci il tarixdə Səhiyyə Nazirliyindən onun evinə gələrək yoxlama aparılmış və müəyyən edilmşdir ki, o, stamotoloq kimi fəaliyyət göstərir. Onun stamotoloq kimi fəailiyyət göstərməsi üçün lisenziyası olmaması əsası ilə haqqında protokol tətrib edilmişdir. Bundan sonra isə xəbəri olmadan 18 noyabr 2022-ci il tarixdə Səhiyyə Nazirinin müavini X4 tərəfindən 5000 manat məbləğində cərimə edilmişdir. O, həkim kimi fəaliyyət göstərir, və bununla bağlı vergi ödəyicisi kimi vergi ödəyir. Ona görə də hesab edir ki, qeyd edilən qərar ləğv edilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 məhkəmə baxışı iclasında izahatında bildirdi ki, Səhiyyə Nazirinin müavini X4 tərəfindən 18 noyabr 2022-il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassızdır. Bu səbəbdən də qeyd eilən qərar ləəğv edilməklə inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 18 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 210.1-ci maddəsinə əsasən 5000 manat məbləğində cərimə edilmişdir. İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İXM-nin 210.1.-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi X3 vergi ödəyicisi olmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Şikayətçinin adına olan VÖEN stomatoloq fəaliyyətini həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, inzibatı tənbeh vermə haqqında hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün İXM-in 135.1.1.-135.1.6.-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 18 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-31/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-31/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver