Məhkəmə qərarları › İş №3(049)-31/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-31/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-31/2025 15.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə tərtib edilmiş 08 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-nin 100.1.7-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Eyni Məcəllənin 100.3-cu maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». İXM-nin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati xəta haqqında material qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Belə ki, “Şəxs” barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin bu barədə məlumatlandırılmasına dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından irəli gələn prosessual hüquqları pozulmuşdur. İXM-nin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiala “Şəxs”nə inzibati xətanın törədilməsi zamanı mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın təqdim edilməsi barədə sorğu əlavə edilsə də həmin sorğunun Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə əsasən “Şəxsnə rəsmi qaydada çatdırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş 08 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar