Məhkəmə qərarları › İş №3(049)-311/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-311/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-311/2024 30.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X5, Tələbkar (zərərçəkmiş şəxs) "xxxx" firmasının direktoru X1 iştirakı ilə Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X5 barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-92/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23.600,47 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat - cəmi 23.930,47 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" firmasına ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, həmin qətnamə üzrə icra sənədi hazırda Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən borclu "xxxx" MMC-nin rəhbəri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-92/2023 nömrəli qətnaməsinin icrasına dair icra vərəqəsi xx.xx.2023-cü il tarixdə onun icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətinin yoxlanılması zamanı elektron informasiya sistemində "xxxx" MMC-nin "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-nin Lənkəran filiallarında bank hesablarının olduğu məlum olmuş, borclunun bank hesablarına inkasso qoyulmuşdur. Lakin müsbət nəticə əldə olunması mümkün olmadığından borclu (nümayəndəsi) Lənkəran rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş və borclu "xxxx" MMC-nin rəhbəri X7 xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gələrək izahat vermişdir. O, izahatında tələbkar "xxxx" firmasına olan borcu tam şəkildə ödəməyə borclunun maddi imkan olmadığını, həmin borcdan 5000 manatı xx.xx.2023-cü il tarixdə ödəyəcəyini, qalan borcun da qısa müddətdə hissə-hissə ödənilə biləcəyini qeyd etmişdir. Borclu "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin Lənkəran filialındakı hesabından xx.xx.2023-cü il tarixdə tələbkar "xxxx" firmasının hesabına 1000 manat ödəniş edilmişdir. Qalan borc isə ödənilmədiyi üçün tələbkar icra şöbəsinə şikayətlər etmiş və bu səbəbdən də borclu "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar qəbul olunandan sonra da borclu tələbkara olan borcunu ödəmədiyindən tələbkar yenidən icra şöbəsinə şikayətlər etmiş və xx.xx.2024-cü il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra "xxxx" firmasının hesabına xx.xx.2024-cü il tarixdə 3000 manat vəsait köçürülmüşdür. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" MMC-nin tələbkar "xxxx" firmasına Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-92/2023 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş borcu olduğunu qəbul edir. Belə ki, rəhbəri olduğu müəssisə 2017-2019-cu illərdə fəaliyyətdə olmuş, sonra isə fəaliyyətini dayandırmışdır. 2018-ci ildə "xxxx" MMC "xxxx" firmasından İstisu qəsəbəsində istirahət mərkəzinin tikintisi ilə əlaqədar ağır tonnajlı texnikaların yanacaqla təmin edilməsindən ötrü borc almış, lakin sonradan həmin borcu qaytara bilməmişdir. Həmin borcdan xx.xx.2023-cü il tarixdə tələbkar "xxxx" firmasının hesabına 1000 manat ödəniş edilmişdir. Sonradan "xxxx" firmasının hesabına xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə isə 3000 manat vəsait köçürülmüşdür. Qalan borc da qısa müddətdə hissə-hissə ödəniləcəkdir. Qeyd etdiklərinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar (zərərçəkmiş şəxs) "xxxx" firmasının direktoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(121)-92/2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclu tərəfindən tələbkarın hesabına xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat və xx.xx.2024-cü il tarixdə 3000 manat olmaqla, indiyədək cəmi 9000 manat vəsait ödənilmişdir. Ödənilməmiş qalan borc məbləğinin hissə-hissə olmaqla müntəzəm ödəniləcəyi barədə tərəflər arasında razılaşma əldə edilmişdir. Hazırki vəziyyətdə onun borcludan heç bir şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-92/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23.600,47 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat cəmi 23.930,47 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda qeyd edilmişdir ki, borclunun tələbkara olan borcu 23.930,47 manat təşkil edir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, borclu tərəfindən tələbkarın hesabına xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə isə 5000 manat vəsait köçürülmüşdür. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib edildikdən sonra da xx.xx.2024-cü il tarixdə tələbkarın hesabına 3000 manat vəsait ödənilmiş, lakin borcun tam şəkildə ödənilməsi təmin edilməmişdir. Borclunun tələbkara ödəməli olduğu məbləğ də kifayət qədər böyük məbləğdir və onun hazırda da müəyyən miqdar borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra sənədini indiyədək tam şəkildə icra etmədiyinə görə icra məmuru tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin protokolda borclunun öz borcunu ödəmədiyi qeyd edilmişdir. Lakin həmin protokolda və ona əlavə edilmiş sənədlərdə borclunun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun konkret olaraq hansı tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsi halları qeyd edilməmişdir. Belə hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması hlında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirli şəxslərə münasibətdə yaranır. Hazırki inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən, həmçinin, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda borclu hüquqi şəxsin fəaliyyət göstərdiyi və stabil gəlirlərinin, borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakın olduğu müəyyən edilməmiş, borclunun bank hesablarına inkasso qoyulması isə icra məmuru tərəfindən təmin edilmişdir. Borclunun maddi imkanlarının olmaması onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranması ilə nəticələnmişdir. Ancaq hazırki vəziyyətdə borclu tələbkara olan borcun hissə-hissə də olsa, ödənilməsi ilə bağlı müəyyən hərəkətlər etmişdir. Borclunun maddi imkansızlığı üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədinin vaxtında icra edilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Qanunvericiliyin tələbinə əsasən icra sənədi könüllü icra müddətində bir dəfəyə ödənilməlidir. Tələbin hissə-hissə icra edilməsi isə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla mümkündür. Borclunun icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra edə bilməməsi, onun tələbin yönəldilə biləcəyi hər hansı əmlakının və ya gəlirlərinin olmaması isə hazırki halda icra məmurunun özü tərəfindən müəyyən edilmişdir. Borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyi və təqsirli olduğu iş materialları ilə təkzib olunmuşdur. İcra məmuru tərəfindən tərtib edilmiş hazırki protokolda borclunun icra sənədinin icrasını tam şəkildə təmin etmədiyi qeyd edilsə də, onun təqsirinin nədən ibarət olması və nədə ifadə olunması protokolda öz əksini tapmamış, borclunun icra sənədinin icra olunmamasında təqsiri müəyyən olunmamışdır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından həmin hüquqi şəxsin barəsində qeyd olunan maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-92/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə dair icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri X5 barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar