Məhkəmə qərarları › İş №3(049)-333/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-333/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-333/2024 02.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X6 İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 19 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini Şəxs Xəzər dənizində qanunsuz balıq ovu edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin X3 X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “19 fevral 2024-cü il tarixdə saat 16:00 radələrində X7 regional şöbəsinin «Balıqçılar» sahil nəzarəti bölməsinin 16-cı yanalma körpüsündə «BA-555» bort nömrəli, «Kazanka-5» tipli və «Yamaha-48» mühərrikli üzmə vasitəsi Xəzər dənizindən qayıdıb sahilə yan alarkən həmin üzmə vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsində çəkisi təxminən 3 (üç) kiloqram olan 1 (bir) ədəd «Xəzər qızıl balığı» aşkar olunmuşdur. Üzmə vasitəsinin heyət üzvüləri Lənkəran rayonu Nərimanabad qəsəbə sakinləri Şəxs və X2 ovladıqları balığı təhvil verməkdən və bölməyə gəlməkdən imtina etmişlər.” İş materiallarında olan “Gəmi bileti”ndən və “texniki talon”dan görünür ki, «Kazanka- 5» tipli və «Yamaha-48» mühərrikli üzmə vasitəsi Lənkəran rayonu, Nərimanabad qəsəbə sakini Mustafayev Zaman Vəkil oğlunun adına reyestrdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, qeyd edilən üzmə vasitəsinə dair Mustafayev Zaman Vəkil oğlu tərəfindən Şəxs etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Sahil Mühafizəsinin rəisinə ünvanlanmış raportda qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində “Balıqçılar” sahil nəzarəti bölməsinin 16-cı yanalma körpüsündə “ÜVR/ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadının başçısı Cənub regional şöbəsinin rəis müavini polkovnik-leytenant Səbuhi Cavadov, üzvləri “Balıqçılar” SNB-nin rəisi v.i.e leytenant Fərid Abbaslı və kiçik gizir Maşallah Mirzəliyev tərəfindən “BA-555” bort nömrəli, “Kazanka-5” tipli, “Yamaha-48” mühərrikli, heyət üzvü 2 (iki) nəfərdən ibarət olan üzmə vasitəsi dənizdən qayıdıb sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı qayığın bortunda ovlanması qadağan edilmiş təxmini çəkisi 3 kq olan 1 (bir) ədəd “Xəzər qızıl” balığı aşkar olunmuşdur. Bununla əlaqədar olaraq qayığın heyət üzvləri Lənkəran rayonu, Nərimanabad qəsəbə sakinləri xx.xx.1975-ci il təvəllüdlü Şəxs (ŞA/ AZE № 0*******) və xx.xx.1980-cı il təvəllüdlü X2 (ŞA/ AZE № ********) “Balıqçılar” SNB-yə dəvət olunmuş və ovladıqları balığı müvafiq qaydada təqdim etməkləri tələb edilmişdir. Lakin vətəndaşlar SNB-yə gəlməkdən və ovlanması qadağan olunmuş balığı təhvil verməkdən imtina etmişdirlər.” Şəxs inzibati araşdırma zamanı verdiyi izahatında da inzibati xəta haqında protokolda qeyd edilən əməli törətdiyini etiraf etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş diskdə olan videoçəkilişə baxış keçirilərkən də Şəxs ov qaydalarını kobud şəkildə pozduğu müəyyən edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsi olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXMnin 272.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məmiyev X1 haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub çəkisi təxminən 3 (üç) kiloqram olan 1 (bir) ədəd «Xəzər qızıl balığı “BA-555” bort nömrəli, “Kazanka-5” tipli, “Yamaha-48” mühərrikli qayıqla Lənkəran rayonundan Xəzər dənizinə daxil olaraq ovlamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 272.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1.000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar