Məhkəmə qərarları › İş №3(049)-338/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-338/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-338/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Neftçala rayonunda doğulmuş, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və yaşayan, "xxxx" ASC-də sürücü işləyən, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərtib etdiyi 22 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 22 aprel 2024-cü il tarixdə saat 23 radələrində Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində xidmət aparan polis əməkdaşlarının ünvanına nalayq ifadələri işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şəxs müvafiq inzibati xətaları törətməsi şahidlərin izahatları, sərxoşluq vəziyyətinin müayinəsi haqqında protokol və digər iş materialları ilə də tam sübuta yetir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü qismən təqsirli bilir. Belə ki, o, 20 aprel 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə qonşusunun toyuna getmişdir. Toydan qayıtdıqdan sonra idarə etdiyi avtomaşını həyətinə salmışdır. Avtomaşın idarə edəcəyi üçün toyda heç bir spirtli içki qəbul etməmişdir. Toydan qayıtdıqdan sonra evdə olan arağından 2 rumka içmişdir. Bundan sonra polis əməkdaşlarının onun ünvanına gələrək onu çağırdıqlarını görmüşdür. Küçəyə çıxdıqda polis əməkdaşları ona bildirmişlər ki, o, sərxoş vəziyyətdə avtomaşın idarə edib və idarə etdiyi avtomaşını polis şöbəsinə aparmalıdırlar. Ünvanına gələn polis əməkdaşlarının heç biri özlərini ona təqdim etməmişlər və avtomaşınının polis şöbəsinə aparılmalı olduğunu təkid etmişlər. O, bütün bu tələblərin qanunsuz olduğunu polis əməkdaşlarına bildirərək, buna etiraz etmişdir. Lakin əsəbi olduğundan polis əməkdaşları ilə uca səslə danışmışdır və kobud, nalayiq ifadələr işlətmişdir. Hadisə vaxtı 102 Polis xidmətinə şikayət etmişdir. Hadisə yerinə X9 polis əməkdaşları gəlmişlər və onu polis bölməsinə dəvət etmişlər. O, X9 əməkdaşlarına qarşı heç bir kobudluq etməmişdir və onların tələblərinə riayət edərək onlarla birlikdə polis bölməsinə getmişdir. Etdiyi əməldən çox peşmandır. Heç bir əlilliyi yoxudr. Məhkəmədən onun barəsində ən yüngül cəza təyin etməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon X10 X12 Yol Patrul Xidmətinin polis nəfəri X8 izahatında bildirdi ki, xx.xx.2024 cü il tarixində saat 22:50 radələrində polis baş serjantı X17 birlikdə ** YP *** nömrə nişanlı patrul xidməti avtomobili ilə xidmətdə olarkən hərəkətdə olan 42 CE 376 dövlət qeydiyyat nişanlı mersedes markalı avtomobilə uzaq vuran işıq cihazından istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir, sürücü verilən işarəyə məhəl qoymuyaraq hərəkətinə davam etmişdir. Səs gücləndirici və sayrışan işıqlar vasitəsi ilə dəfələrlə işarə verməklərinə baxmayaraq sürücü öz qanunsuz əməlini davam etdirərək polisin saxla əmrinə tabe olmayaraq məhəllə daxlili torpaq yola girərək toz boğanaq yaradaraq pəncərədən onlara işarə edərək nəsə dediyini görmüşdür, onlar asta-asta arxasınca onu təqib edərək sürücü bilmədən təhlükəli manevrlər edərək qəsdən polisin qanuni tələbinə tabe olmurdu, birinci onlardan yayınmağa çalışıb avtomobili həyətinin girişində saxlayıb üzərlərinə hücum çəkərək küçə söyüşləri ilə onları təhqir etməyə başlamış, onun yanındakı tanımadığı qadınlar və özünü onun yeznəsi kimi təqdim edən şəxs onu sakitləşdirməyə başlamışlar, lakin buna baxmayaraq sürücü yəni sonradan adını bildikləri Əli adlı şəxs onlara bildirmişdir ki, 12 il türmə həyatı yaşayan adamdır, bizi vurmaqla təkrar tutulma]a hazırdır, qanundan qorxmur. Onlar çətinliklə də olsa sürücünü bir az nizam intizama dəvət edib sakitləşdirməyə çalışsalar da o, bunlara məhəl qoymamışdır. Ratsiya ilə kömək istəmişlər. Liman polis bölməsindən onlara kömək gəlmişdir və həmin vaxt sürücü cibindən 50 manat pul çıxarıb onlara təklif etmişdir və demişdir ki, pulu götürüb cəhənnəm olun, kim gəlir gəlsin mənə heç nə edə bilməz. Hadisə küçədə baş vermişdir və əraziyə digər şəxslər də toplaşmışlar. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X5, X3 və X7 da izahatında X4 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədilər. İş materiallarına əlavə edilmiş videodiskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilərkən müəyyən edildi ki, Şəxs Yol Patrul Xidmətinin 2 nəfər polis əməkdaşı ilə uca səslə danışaraq, nalayiq ifadələr işlədir, yumruğunu göstərməklə onları hədələyir, polis əməkdaşlarının onu sakitliyə və nizam-intizama dəvət etmələrinə baxmayaq Şəxs polisin bu tələblərinə əhəmiyyət vermədən qeyd edilən hərəkətlərini davam etdirir. Hadisənin küçədə baş verdiyi və ətrafa digər şəxslərin toplaşdığı müşahidə edilir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq keçirməsi və yaşlı şəxs olduğu iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İnzibati xətanın sərxoş halda törədilməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar