Məhkəmə qərarları › İş №3(049)-353/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-353/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-353/2025 18.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 və zərərçəkmiş X1 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərtib etdiyi 18 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 18 aprel 2025-ci il tarixdə saat 11:50-də Lənkəran ŞRPŞnın inzibati binasinda uca səslə küçə söyüşləri söyərək, nalayiq ifadələr işlətməklə, orada xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə riayət etməmişdir. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, Şəxs izahatında və şikayət ərizəsində X2 tərəfindən təhqir olunmasını qeyd etmişdir. Təhqiqat bölməsində hazırda həmin xüsusatla əlaqədar araşdırma gedir. Hadisə də Məmmədov Ceyhun polis şöbəsinə izahatı alınması üçün çağırıldığı vaxtda olmuşdur. O, özü də hadisə yerində olmuşdur. Belə ki, Elmira Əkbərova ilkin olaraq polis şöbəsinin dəhlizində uca səslə nalayiq ifadələr işlədərək Ceyhun Məmmədovla mübahisə etməyə başlamışdır. Sonradan onlar həmin mübahisəni şöbənin rəis müavini İltifat Yusifovun iş otağında davam etdirmişlər. Elmira Əkbərova rəis müavinin iş otağından çıxdıqdan sonra da qeyd edilən hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları dəfələrlə Elmira Əkbərovanı v Ceyhun Məmmədovu sakitləşdirməyə çalışsalar da onlar uzun müddət polis əməkdaşlarının bu qanuni tələblərinə məhəl qoymayaraq şöbənin inzibati binasında uca səslə və nalayiq ifadələr işlətməklə öz qeyd edilən hərəkətlərini davam etdirmişlər. Nəticədə şöbənin iş fəaliyyəti bir müddət pozulmuş, orada xoşagəlməz hal baş verərək, polisin nüfuzuna xələl gəlmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü qismən təqsirli bilir. Belə ki, o, 18 aprel 2025-ci il tarixdə saat 11-50 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsində rəis müavinin otağında olarkən Ceyhun da orada idi. Bu zaman aralarında sözlü mübahisə yaranmışdır. O, həmin vaxt Ceyhunun nalayiq sözlərlə onu təhqir etdiyinə görə ona cavab qaytararaq, həmin sözləri onun ünvanına səsləndirmişdir. Həmin vaxt əsəbi olduğu üçün həmin ifadələri ilkin olaraq polis şöbəsinin dəhlizində, sonradan da rəis müavinin iş otağında Ceyhunun ünvanına səsləndirmişdir. Polis əməkdaşları onu sakitliyə dəvət etsələr də o, əsəbi olduğu üçün bir müddət sakitləşməmişdir. Rəis müavinin iş otağından çıxdıqdan sonra da qısa müddət Ceyhunla mübahisə etmişdir. O, törətiyi əmələ görə peşmandır. İş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, Şəxs. Onun keçmiş dostu Cavid Mehdiyevin həyat yoldaşıdır. Uzun müddətdir ki, o, Elmirəni görməmişdir. 18 aprel 2025-ci il tarixdə saat 11-50 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gələrkən Elmirə də orada olmuşdur. Elmirə onun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. İlkin olaraq onların mübahisəsi şöbənin dəhlizində olmuşdur. Sonradan rəis müavininin iş otağında və oradan çıxdıqdan sonra da dəhlizdə yenidən Elmirə onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, da sözlə Elmirənin dediklərinə ona qaytarmışdır. Polis əməkdaşları onları sakitliyə dəvət etsələr də Elmirə sakitləşməmişdir. İş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin rəisi X6 izahatında bildirdi ki, 18 aprel 2025-ci il tarixdə saat 11-50 radələrində xidmətdə olarkən Lənkəran ŞRPŞ-nin inzibati binasında Elmira Əkbərova ilə Ceyhun Məmmədov arasında mübahisə baş vermişdir. Onlar qarşılıqlı olaraq bir-birlərini uca səslə və nalayiq ifadələrlə təhqir etmişlər. Onların mübahisəsi sonrada rəis müavini İltifat Yusubovun xidməti otağında da davam etmişdir. Bu zaman o. və digər polis əməkdaşları onları nizam intizama dəvət etmişlər, lakin Elmirə və Ceyhun polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək, şöbənin inzibati binasında uzun müddət qeyd edilən qanunsuz əməllərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Lənkəran ŞRPŞ-nin rəis müavini X5 da izahatında şahid X3 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədi. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etdiyi əməldən səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar