Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-393/2025 23.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi, polis leytenantı X4 tərəfindən məhkəməyə təqdim olunmuş 27 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanında qardaşı arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı qəsdən sonuncunun sağ sağrı nahiyəsində qançır yaratması ilə ona sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 izahat verərək bildirdi ki, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X2 qəbul etdiyi 02 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Şəxs və X3 barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş onlar barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi, X10 barəsində isə İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün həmin qərarın surəti şöbənin İTB-yə göndərilmişdir. Şəxs 23 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanında qardaşı arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı qəsdən sonuncunun sağ sağrı nahiyəsində qançır yaratması ilə ona sağlamlığına zərər vurmayan xəsarət yetirməsi tərəfindən müəyyən edildiyindən sonuncu barəsində İXM-nin 157-ci maddəsi ilə 27 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 22 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhərində yaşayan xalası Solmaz Pişanova ona zəng edib, ona nə səbəbə yaşlı xəstə anası ilə maraqlanmadığını deyib, irad bildirmişdir. Belə ki, qardaşı arvadı Günay özü xalasına zəng edib, onun və bacılarının gedib anaları ilə maraqlanmadıqlarını, anasının xəstə olduğunu demişdir. Buna görə də o, bacısı Nuranə ilə həmin gün saat 19 radələrində Koroğlu küçəsi 66 ünvanında yerləşən ata evinin yerləşdiyi ünvana getmişlər. O və bacısı evə daxil olub anası Həqiqətin olduğu otağa yanına getmişlər. Qardaşı İlqar da onların olduqları otağa gəlmişdir. O, qardaşı İlqara nə baş verdiyini, xalasının anaları ilə maraqlanmadıqları barədə onlara irad bildirdiyini, anasının vəziyyəti barədə onların özünə məlumat verməsinin doğru olduğunu demişdir, İlqar isə yüksək səslə danışmağa başlamışdır. Həmin vaxt İlqarla onların arasında mübahisə yaranmışdır. İlqarın oğlu Rəşad onu otaqdan çıxarmışdır, İlqar otaqdan çıxdığı zaman onların ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra ortalıq sakitləşmiş və o və bacısı anası Həqiqətlə birlikdə otaqda oturub söhbət etməyə başlamışlar. Təxminən gecə saat 01 radələrində o, ata evindən çıxıb getmişdir. Bacısı Nuranə isə anasının yanında qalmaq üçün ata evində qalmaq qərarına gəlmişdir. Bir qədər sonra bacısı Nuranə ona zəng edərək qardaşı İlqar və onun ailə üzvlərinin anasına psixi təzyiq göstərdikləri barədə məlumat vermişdir. O, dərhal geri qayıtmışdır. Bacısı Nuranə onun evə daxil olması üçün qapını açmışdır. O və bacısı Nuranə evin ikinci mərtəbəsinə qalxdıqda qardaşı arvadı Günay mobil telefonla anasının otağından çıxaraq onları çəkməyə başlamış və qardaşı İlqar da qışqırıb onların evə basqın etdiklərini deyib, Günaydan onları videoya çəkməsini istəmişdir. O, Günaya nə üçün onları mobil telefonla çəkdiyini soruşub, çəkməməsini demişdir. Günay da heç nə deməyib gülümsəyərək onu qıcıqlandırmışdır. O da bundan əsəbiləşib Günayın üstünə gedib, əlini uzadıb mobil telefonla videoçəkiliş etməsinə mane olmağa çalışmışdır. Lakin Günay gülə-gülə çəkiliş etməyə davam edib onu əsəbiləşdirməyə davam etmişdir. O da Günayın üzərinə gedib mobil telefonunu ondan almaq üçün cəhdlər etdikdə bacısı Nuranə yaxınlaşıb onu Günaydan uzaqlaşdırmışdır. Həmin vaxt qardaşı İlqar polisə zəng edib, evdə münaqişə olması barədə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları ora gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra münaqişə sona çatmışdır. O, qardaşı arvadı Günaya heç bir fiziki zor tətbiq etməmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 22 dekabr 2024-cü il tarixdə saat 19 radələrində baldızları Nuranə və Təranə qaynanasını görmək, hal-əhvalını soruşmaq bəhanəsi ilə onların evinə gəlmişlər. Baldızları gəldikləri vaxtdan onun və əri İlqarın ünvanına nalayiq sözlər demişlər. Onlar isə baldızlarına əhəmiyyət verməmişlər. Həmin gecə saat 01 radələrində Nuranənin oğlu Əli maşınla həyət qapısının qarşısına gəldikdən sonra Nuranə və Təranənin maşına əyləşib getdiklərini düşünmüşlər. Ona görə də əri İlqar həyət qapısını bağlayıb evə keçmiş və anası Həqiqətin otaqda tək qalmaması üçün onun yanına getmişdir. Bir qədər sonra evdə otağında azyaşlı nəvəsini yatızdırdığı zaman dəhlizdən qışqırıq səsləri gəlməyə başlamışdır. Səsə dəhlizə çıxdıqda Nuranə və Təranənin dəhlizdə qışqıraraq əri İlqarın anasına təzyiq etdiyini dediklərinə və onun ünvanına kobud təhqiramiz sözlər işlətdiklərinə şahid olmuşdur. Təranə və Nuranə dəhlizdə onu və qışqırıq səslərinə otaqdan çıxmış gəlini Vəfanı görüb onların ünvanına da nalayiq təhqiramiz sözlər deməyə başlamışlar və üstünə hücum etmişlər. İlqar Təranəgilin hərəkətlərini görüb, ona mobil telefonla onları videoya çəkməyini demişdir. O da mobil telefonla Təranə və Nuranənin hərəkətlərini videoya çəkməyə başlamışdır. Nuranə münaqişə zamanı həyətdə olan oğlu Əlinin evə daxil olmasının qarşısını almaqdan ötrü evin giriş plastik qapısını kilidləmişdir. Baldızı Təranə mobil telefonla onların hərəkətlərini videoya çəkdiyini görüb üstünə hücum edərək, saçlarından tutub dartmağa başlamış, onu itələyib evin divarına çırpmış və sonra arxaya itələdikdə sağ ayağı dəhlizdə olan kreslonun taxta dəstəyinə dəymişdir. Əri İlqar və oğlu Rəşad yaxınlaşıb Təranəni tutub ondan uzaqlaşdırdıqda Nuranə sağ tərəfdən üstünə gəlib, sağ qolunu tutub sıxaraq mobil telefonu əlindən almağa çalışdığı zaman mobil telefonu əlindən yerə düşmüşdür. Təranə üstünə hücum edib, qışqıraraq ünvanına nalayiq sözlər dediyi zaman otağında olan azyaşlı nəvəsi X6 baş verənlərdən qorxub ağlayıb stress keçirmişdir. Gəlini Vəfa da öz otağında qışqırıq səslərindən qorxan azyaşlı uşağını sakitləşdirmişdir. X13 və Nuranənin hərəkətlərini görüb DİN-in “102 xidməti zəng mərkəzi”nə zəng edib, evdə münaqişə olması barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları ünvana gəlmiş və münaqişə başa çatmışdır. Münaqişə başa çatdıqdan sonra evinin giriş plasmas qapısının aşağı hissəsinin panelinin və eləcə də kilidinin sınmasını aşkar etmişlər. Nuranənin oğlu Əli evlərinə girmək istədikdə də təpiklə qapıya zərbələr vurmuş və nəticədə qapını zədələmişdir. Əvvəlcə baldızı Təranə üstünə hücum edib saçlarından tutub dartmağa başlamış, onu itələyib evin divarına çırpmış və sonra arxaya itələdikdə sağ ayağı dəhlizdə olan kreslonun taxta dəstəyinə dəymişdir. Daha sonra Nuranə sağ tərəfindən üstünə hücum edib, sağ qolunu tutub sıxaraq mobil telefonu əlindən almağa çalışmış və mobil telefonu əlindən düşdüyü üçün videoçəkilişi davam etdirə bilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şəxs şikayətçi olduğunu bildirərək onun barəsində qanunamüvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 HK-1-3736 nömrəli yoxlama materialı üzrə qəbul etdiyi 02 yanvar 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs və X3 barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş onlar barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi, X10 barəsində isə İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün həmin qərarın surəti şöbənin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 25 dekabr 2025-ci il tarixli, №-li 1164 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ bazu, sağ sağrı, sol kürək, boyun nahiyəsinin qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 2-3 gün evvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lənkəran ŞRPŞ-dən təqdim edilmiş “Əlilliyi olan şəxs barədə axtarış” üzrə portal məlumatından görünür ki, Şəxs 2-ci dərəcə əlilliyi olan şəxsdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd DVD diskdə olan görüntülərdən Şəxs videoçəkiliş aparan şəxsin üzərinə hücum edib ona fiziki zor tətbiq etməsi müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1-3736 №-li yoxlama materialı üzrə qəbul edilmiş 02 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, DVD diskdə olan görüntülər, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs ona istinad edilən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapdığından o, həmin maddə üzrə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər”. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarına əsasən müəyyən edilir ki, Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 HK-1-3736 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı 02 yanvar 2025-ci il tarixdə qəbul edilmişdir. Hazırki inzibati xəta haqqında material məhkəməyə 23 aprel 2025-ci il tarixdə, başqa sözlə cinayət işinin başlanmasının rədd edildiyi gündən 3 ay 21 gün sonra təqdim olunub. Məhkəmə araşdırması zamanı Şəxs ona istinad edilən Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapsa da, İXM-nin 38.3-cü maddəsinin tələbləri, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». İşin faktik hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.1.6-cı maddəsinə əsasən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-393/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-393/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver