Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-395/2025 25.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı oğlu X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 24 aprel 2025-ci il tarixdə saat 15:20 radələrində Lənkəran şəhəri, M.Ə.Sabir küçəsində yol kənarında ünvanlı nalayiq ifadələri işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə 24 aprel 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri, Sabir küçəsində yolun kənarında olduğu zaman iki nəfər tanımadığı şəxsin onun yaşadığı ünvanın qarşısında sözlü mübahisə edib söyüş söydüyünün şahidi olmuşdur. Onları sakitləşdirmək istəmişdir. Həmin zaman oradan keçən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, ondan qanunazidd əməlinin səbəbini soruşduqda o, mübahisə edən şəxsləri sakitləşdirdiyini, qaydanı pozmadığını bildirmişdir. Lakin polis əməkdaşları onu zorla avotmobilə mindirib polis şöbəsinə gətirmişlər. Avtomobilə minərkən əli toxunduğu üçün avtomobilin arxa qapısının şüşəsi sınmışdır. O, özünü qismən, yəni polis əməkdaşları onu şöbəyə dəvət edən vaxt onlara tabesizlik göstərdiyi üçün təqsirli bilir. Əlilliyi yoxdur, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət-axtarışı bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirir ki, xx.xx.2025-ci il tarix saat 15:20-də iş yoldaşı polis polkovnik-leytenantı Rahid Əskərov ilə birlikdə bir nəfər şəxsin başqa bir şəxslə mübahisə edib yolun kənarında ucadan nalayiq küçə söyüşləri söydüyünü görmüşdür. Ona yaxınlaşıb mübahisə edib söyüş söyməsinin səbəbini soruşduğu zaman sonradan şəxsiyyəti müəyyənləşdirilən Şəxs adlı şəxs kəskin şəkildə üzərlərinə qışqıraraq onları təhqir etmiş, ünvanlarına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Onlar onu xidmət avtomaşına dəvət edib polis şöbəsinə aparmaq istədikdə həmin şəxs fiziki güc tətbiq edərək avtomobilin arxa qapısının şüşəsini sındırmışdır. Əlavə qüvvə çağırılmış, həmin şəxs Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid X2 şahid X4 ilə oxşar məzmunlu izahat verdi. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Lənkəran şəhəri, Sabir küçəsi ev 58 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞnin növbətçi hissəsində olan kartotekasında son bir ildə inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmışdır. Lənkəran ŞRPŞ-nin UQ və SİQ-nin operatoru, polis baş serjantı Yadigar Quliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, DİN-nin Vahid Məlumat- Axtarış Sistemində (VMAS) Şəxs əlilliyi aşkar edilməmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə üzrə xx.xx.2025-ci il tarixli, 000546 №-li protokoldan görünür ki, müayinə zamanı Şəxs sərxoşluq aşkar edilməmişdir. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10:00-da tutmadan azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:20 radələrində ünvan 3 ünvanına nalayiq ifadələr işlətməklə, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun qismən etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2025-ci il tarixdən saat 12:00-dan hesablanmalı, Şəxs inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci tarixdə saat 18:00-dan xx.xx.2024-cü il tarixdə saat 10:00-dək tutmada saxlanıldığı 16 saat müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2025-ci il tarixdə saat 20:00-da başa çatmış hesab edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 15 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Şəxs inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci tarixdə saat 18:00-dan xx.xx.2024-cü il tarixdə saat 10:00-dək tutmada saxlanıldığı 16 saat müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2025-ci il tarixdə saat 20:00-da başa çatmış hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-395/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-395/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver