Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-397/2024 30.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən 30 aprel 2024-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)-17/2024 saylı 05 mart 2024-cü il tarixli qətnaməsinə dair verilmiş icra sənədinə əsasən, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1022/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək X2 övladları – xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00dək ünsiyyətdə olması müəyyən edilmişdir. Borclu Əhmədov X5 Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrasını təmin etmir. İşin məhkəmə baxışında iştirak edən Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahatında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)- 17/2024 saylı 05 mart 2024-cü il tarixli qətnaməsinə dair verilmiş icra sənədi Lənkəran rayon İcra və probasiya şöbəsinin icraatına 13 mart 2024-cü i tarixdə daxil olaraq, onun icraatına verilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqında” bildiriş tərtib edərək borclu və tələbkara göndərmişdir. 30 aprel 2024-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxs ona müraciət edərək borclu Şəxs icra sənədinin icrasını təmin etməyərək uşaqlarla görüşünə şərait yaratmadığını ona bildirmişdir. Həmin gün o, icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs şöbəyə çağıraraq icra sənədinin tələbini ona izah etmiş və izahatını almışdır. Borclu izahatında bildirmişdir ki, tələbkara uşaqları ilə görüşə öz evində icazə verir və onun uşaqları özü ilə aparmasına icazə vermir. Bu hərəkətləri ilə borclu icra sənədinin icrasından yayınaraq icra məmurunun tələblərini icra etməyərək inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixədək borclu şöbəyə çağırılmamışdır və tələbkardan icra sənədinin icrası ilə əlaqədar ona müraciət olmamışdır. İnzibati xəta haqqında protokolla əlaqədar qərar qəbul edilməsini mhkəmənin mülahizəsinə buraxdı. İş üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, məhkəmə qərarına əsasən, ona iki uşağı ilə hər həftənin şənbə və bazar günlərində saat 10:00-dan 18:00-dək görüş hüququ verilmişdir. İcra məmurunun bildirişi və qərarı onun ünvanına keçən həftə çatdırılmışdır. Bundan sonra Şəxs uşaqları ilə görüşmək istədiyini bildirmiş, Seymur isə onun bu müraciətinə əhəmiyyət verməmişdir. Bundan sonra 30 aprel 2024-cü il tarixdə icra məmuruna müraciət etmişdir. İcra məmuru Seymuru icra şöbəsinə çağırmışdır və o, bildirmişdir ki, uşaqları ilə görüşünə yalnız öz evində icazə verir və uşaqları özü ilə aparmasına icazə vermir. Uşaqları ilə görüş vaxtlarında ünsiyyətdə olmaq istəyir. Həmin görüşdə Seymurun özünün də iştirak etməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, hazırda Lənkəran rayon məhkəməsinin icraatında Zərərçəkmiş şəxs ilə aralarında olan nikahın pozulması ilə əlaqadar mülki iş vardır və yekun məhkəmə qərarı qəbul edilməmişdir. Həmin mülki iş üzrə Lənkəran şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası tərəfindən müvafiq rəy verilərək uşaqlarının ikisinin də nikah pozulduqdan sonra onun himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Uşaqların ikisi də onun himayəsindədir və onların bütün təminatlarını özü ödəyir. Zərərçəkmiş şəxs 4 ay bundan əvvəl uşaqlarını onun üstünə ataraq başqa bir şəxsə qoşulub evdən getmişdir və uşaqları ilə maraqlanmamışdır. Hazırki icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən o, yalnız 30 aprel 2024-cü il tarixdə icra və probasiya şöbəsinə çağırılmışdır. İcra məmuruna yazdığı izahatda tələbkarın uşaqları ilə onun evində icazə verdiyini bildirmişdir. Həmin vaxtadək nə icra məmuru onu çağırmışdır, nə də ki, tələbkar uşaqları ilə görüşməsi ilə əlaqədar ona müraciət etməmişdir. Hazırda tələbkarın uşaqları ilə görüşməsinə şərait yaratmağa razıdır. Belə ki, məhkəmənin müəyyən etdiyi görüş günlərində və saatlarında tələbkarla müəyyənləşdirdiyi yerə, kafeyə, parka və sair uşaqları gətirib tələbkarla görüşmələrinə dair şərait yaratmağa razıdır. Lakin görüş günləri məhkəmə qərarı ilə şənbə və bazar günləri kimi müəyyən edildiyindən hələ həmin vaxt çatmamışdır. Barəsində olan işin icraatına xitam verilməsini mhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsinin 16(049)-17/2024 saylı 05 mart 2024-cü il tarixli qətnaməsinə dair verilmiş icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1022/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək X2 övladları – xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)-17/2024 saylı 05 mart 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyevin xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, həmin bildirişdə Lənkəran Rayon Məhkəməsinin 16(049)-17/2024 saylı 05 mart 2024-cü il tarixli icra sənədi üzrə tələbkar Şəxs tələbin daima icrası barədə xəbərdar edilmişdir. Borclu Əhmədov X7 rayon İcra və probasiya şöbəsinə ünvanladığı izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə qərarına əsasən şənbə və bazar günlərində uşaqları ilə onun evində görüşməsinə razıdır, lakin uşaqları özü ilə aparmasına icazə verməyəcək. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məzmununa əsasən, “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən 30 aprel 2024-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İcra sənədinin icrası ilə əlaqadar borclu Şəxs icra məmuru tərəfindən ilk dəfə 30 aprel 2024-cü il tarixdə Lənkəran rayon İcra və probasiya şöbəsinə çağırılmış, o, icra məmurunun çağırışına gəlmiş, çağırışlardan yayınmamış və izahat vermişdir. Həmin tarixədək icra məmuruna icra sənədinin icrası ilə əlaqədar tələbkar tərəfindən heç bir müraciət edilməmişdir. Qeyd edilən faktları icra məmuru Gündüz Mehdiyev də məhkəmə iclasındakı izahatında təsdiq etmişdir. Borclu həmçinin icra sənədinin icrasından da yayınmamışdır. Belə ki, borclu icra məmuruna verdiyi ilkin izahatında tələbkarın uşaqları ilə görüşünə yalnız evində icazə verdiyini bildirməsinə baxmayaraq məhkəmə iclasında tələbkarın uşaqlarla görüşünə etiraz etmədiyini və görüş vaxtlarında onunla razılaşdırdığı yerə uşaqları gətirib görüşə şərait yaradacağını bildirmişdir. Hazırki vaxtadək tələbkarın məhkəmə qərarının icrası ilə əlaqadar uşaqlarla görüşmək istəməsi barədə ona müraciət etmədiyini, icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən ilk dəfə xx.xx.2024-cü il tarixdə çağırıldığı və çağırışdan yayınmadığını bildirmişdir. Həmçinin icra sənədində tələbkarın iki uşağı ilə hər həftənin şənbə və bazar günlərində saat 10:00-dan 18:00-dək ünsiyyətdə olması qeyd edildiyindən tələbkarın müraciəti əsasında icra sənədinin icrası ilə əlaqadar borclu icra məmuru tərəfindən ilk dəfə çağırıldığı gün həftənin çərşənbə axşamı olmuş və görüş vaxtı 04, 05 may 2024-cü il tarixlərinə təsadüf etmişdir. İcra məmuru tərəfindən məhkəmə qərarı ilə müəyyən edilmiş görüş günləri gözlənilmədən və həmin tarixlərdə tələbkarın uşaqları ilə ünsiyyətdə olmasına dair tədbir görülürək borclu tərəfindən həmin tarixlərdə icra sənədinin icrasından boyun qaçıracağı təqdirdə bu barədə müvafiq rəsmiləşdirmə (akt) aparılmadan tələbkarın ona müraciət etdiyi gündə borclunun izahatına əsaslanmaqla onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Eyni zamanda inzibati xəta haqqında protokola icra sənədinin icrası ilə əlaqadar “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surəti əlavə edilsə də həmin sənədlərin borclu Şəxs çatdırılması barədə sübut (qəbz, reyestr, xəbərnamə və s.) əlavə edilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-397/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-397/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver