Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-406/2024 23.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, protokol tərtib etmiş şəxs: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X1 iştirakları ilə, 20 avqust 1979-cu il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan (FİN:xxxxxxx) X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4 -ci maddəsi ilə tərtib edilmiş 22 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Lerik Lənkəran avtomobil yolunun Lənkəran rayon Kərgəlan kəndində “50 qəpik” adlı avtoyuma məntəqəsinə dair ekoloji normativ sənədlər yerində yoxdur və yoxlama prosesində təqdim edilməmşdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş X5 bildirdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən protokolda qeyd olunan inzibati xəta törədilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Lənkəran rayon Kərgəlan kədində “50 qəpik” adlı avtoyuma məntəqəsinə dair ekoloji normativ sənədləri yoxdur və yoxlama prosesində təqdim edilməmşdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 aprel 2024-cü il tarixli, 00119 nömrəli aktdan görünür ki, X9 və digər sakinlər Kərgələn kəndində fəaliyyət göstərən X8 məxsus avtoyuma məntəqəsindən gələn səs-küy Kərgələn kənd sakinlərini narahat etdir. Məhkəmə, hazırkı iş üzrə aşağıdakı qeyd etməyi zəruri hesab edir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs inzibati xəta törədilməməsini sübut etməli deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 602.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyət o zaman yaranır ki, yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməsin, yazılı izahat verilməsin, yalnış məlumat verilsin, həmin əraziyə baxış keçirilməsinə mane olunsun. Lakin hazırki vəziyyətdə X2 hərəkətlərində İXM 602.4-cü maddəsinin tərkib əlamətlərinə rast gəlinmir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 xx.xx.2024-cü il tarixdə ölkə sərhəddini keçmiş və geri qaytımamışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 050 530-14-55 mobil nömrəsi X4 məxsusdur. Məhkəmə qeyd edir ki, hazırkı işdən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 araşdrımanın lap əvvəlindən onda hər hansı sənədin olmadığını bildirmişdir. Bu hal Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 aprel 2024-cü il tarixli, 00119 nömrəli aktında da aydın şəkildə göstərilmişdir. Həmin aktın sonunda göstərilmişdir ki, “Şəxs istifadəsində olan 050 530-14-55 nömrəsi ilə vatsap zəngi edilərək onunla əlaqə saxlanılıb məntəqəyə dair ekoloji normativ sənədlər tələb olundu. O, Rusiya Federasiyasında olduğu üçün araşdırmada iştirak edə bilməyəcəyini və məntəqəyə dair ekoloji normativ sənədinin olmadığını bildirdi”. Göründüyü kimi hələ araşdırmanın ilkin vaxtında müəyyən edilmişdir ki, mübahisə predmeti olan obyektin (indiki halda avtoyuma məntəqəsi) hər hansı ekoloji normativ sənədi yoxdur. Belə olan halda, yəni sənədin mövcud olmadığı halda olmayan sənədin tələb edilməsi və olmayan sənədin təqdim edilməməsinə görə inzibati məsuliyyətin müəyən edilməsi yolverilməzdir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 ölkə hüdudları daxilində olmamışdır. Belə olan halda isə onun hər hansı inzibati araşdrımaya mane ola bilməsi, hər hansı obyektə, avtomobilə, yaşayış sahəsinə araşdırma aparan orqanın nümayəndələrinin daxil olmasına mane ola bilməsində istisna edilir. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, X8 barəsində İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-406/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-406/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver