Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-407/2023 22.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında cərimə edilmişdir. Göstərilən qərar 10 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında bildirdi ki, 09 yanvar 2023-cü il tarixdə dostu Vüsal Qasımovla birlikdə “Sarı” adlanan ərazidə yaşayan Füzuli adlı tanışının evinə getmişlər. Tanışının evinin qarşısında avtomaşını saxlayaraq onun evinə getmişdir. Füzulinin evində olduğu müddət ərzində dostu Sənan onu maşında gözləmişdir. Daha sonra Vüsalla birlikdə evə qayıtmaq üçün yola düşmüşlər. Yolda gələrkən Lənkəran rayonu Balıqçılar kəndinin ərazisində maşını saxlayaraq, yolun kənarında şəkil çəkdirmək qərarına gəlmişlər. Avtomaşını yoldan kənara çəkərək avtomaşından düşmüşlər. Maşının yük yerindən tüfəng və patron götürmüşlər. Patronların olduğu qatarı belinə bağlamışdır. Dostu Sənan da ov tüfəngini götürmüşdür. Həmin gün qar yağdığından məqsədləri qar yağdığı üçün tüfənglə şəkil çəkdirmək olmuşdur. Digər patronları və gecə fənərini idarə etdikləri maşında saxlamışlar. Həmin vaxt 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara qanunsuz ov etdiklərini onlara bildirmiş və bu barədə sənədləşmə aparmışlar. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara yaxınlaşarkən avtomaşınları onlardan təxminən 5- 10 metr aralı olmuş, həmin ərazi dənizdən 250 metr aralıda, yaşayış sahəsinə isə 50-60 metr məsafədə olmuşdur. İdarənin əməkdaşları tərəfindən onların avtomaşınlarına baxış keçirilərkən orada patronlar və gecə fənəri də aşkar edilərək götürülmüşdür. Qeyd olunanlar havanın işıqlı vaxtı, günorta saatlarında olmuşdur. Bundan bir gün sonra yəni, 10 yanvar 2023-cü il tarixdə onları ekologiya idarəsinə çağırmışlar və barələrində protokol tərtib edilərək min manat cərimə edilmişlər. Amma buna baxmayaraq o, heç vaxt həmin ərazidə ov etməmişdir. Bunu ekologiya idarəsinin əməkdaşlarına da bildirmişdir. Əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 nümayəndəsi Nümayəndə1 çıxışında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 qanunsuz ov etməsi faktının sübuta yetirilmədiyini, Sənan Hüseynovun ov silahı ilə qeyd edilən ərazidə olmasının onun qanunsuz ov etməsi kimi qiymətləndirilməsinin yanlış olduğunu, Sənan Hüseynovun ov etdiyi təqdirdə hadisə yerində ovlanmış quşların aşkar edilməli olduğunu, inzibati xəta haqqında protokolun inzibati xəta hadisəsi baş verdikdən 1 gün sonra tərtib edildiyini bildirərək göstərilənlərin nəzərə alınmasını, şikayətin təmin edilməsini və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 işin bildirdi ki, inzibati xəta haqqında iş üzrə araşdırma obyektiv aparılmış, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan, o, həmin maddə ilə təqsirli bilinib məsuliyyətə cəlb olunmuşdur. Belə ki, əməkdaşı olduğu idarənin əməkdaşları tərəfindən 09 yanvar 2023-cü il tarixdə “qanunsuz olaraq çöl quşlarını ovlayanlara qarşı mübarizə məqsədi ilə” Lənkəran rayonu “Kiçik Qızılağac” körfəzi, “Qızılağac” Milli Parkı və Xəzər dənizinin sahilində növbəti reyd keçirilmişdir. Reyd zamanı X4 X9 ilə birlikdə Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində qanunsuz ov etdiklərini müşahidə etmişlər. Bu zaman idarənin əməkdaşları həmin şəxslərə yaxınlaşmışlar və sorğu-sual aparmışlar. Həmin vaxt X9 və X4 hər ikisinin üzərində ov silahları olmuşdur. Bu zaman X5 olan 1 ədəd “İj” markalı, 16 kalibrli ov silahı və istifadəsi xüsusilə quş ovu üçün nəzərdə tutulmuş bir ədəd gecə nəfəri və 43 (qırx üç) ədəd patron aşkar edilərək iş üzrə maddi sübut kimi götürülmüşdür. Reyd zamanı X2 “İj” markalı, 16 kalibrli içərisində iki ədəd dolu patron olmuş ov silahı, X3 isə 1 ədəd “Stoger” markalı ******* nömrəli, 12 kalibrli ov silahı, 46 ədəd dolu patron və 1 ədəd gecə fənəri aşkar edilərək götürülmüşdür. Sözügedən reyd zamanı X9 və X4 qanunsuz ov etmələri barədə müvafiq akt tərtib edilmişdir. Bu barədə müvafiq prookol tərtib edilərək, həmin şəxlər barəsində cərimə tətbiq edilmişdir. Belə ki, X3 isə 1 ədəd “Stoger” markalı № ******* nömrəli, 12 kalibrli ov silahı, 46 ədəd dolu patron və 1 ədəd gecə fənərinin aşkar olması biləvasitə onu göstərir ki, Sənan Hüseynov quş izləməklə qanunsuz olaraq ev etmişdir. X1suz ov etdiyi ərazi ov üçün nəzərdə tutulmamışdır. Belə ki, Biləsuvar rayonundan İran sərhədinədək olan ərazi ov ərazisi kimi nəzərdə tutulmamışdır. Həmin ərazi, həmçinin “Qızılağac” qoruğunun sərhədi olmuşdur. Hadisə yerində fotoşəkillər çəkilmiş və həmin fotoşəkillərdən də aşkar görünür ki, Sənan Hüseynovun üzərində ov silahı olmuşdur. Həmin şəxslərin ümumiyyətlə ov etmək üçün heç bir xüsusi icazələri olmamışdır. Eyni zamanda götürülmüş silahların sənədləri ilə bağlı araşdırma zərurəti yarandığından inzibati xəta haqqında protokol 10 yanvar 2023-cü il tarixdə tərtib edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində iştirak edən X9 izahatında göstərdi ki, 09 yanvar 2023-cü il tarixdə dostu Sənan Hüseynovla birgə sonuncunun “Sarı” adlanan ərazidə yaşayan Füzuli adlı tanışının evinə getmişlər. Sənan Füzulinin evinə getmiş, o isə maşında Sənanı gözləmişdir. Sənan Füzulinin evindən çıxdıqdan sonra onunla birlikdə evə qayıtmaq üçün yola düşmüşlər. Həmin gün qar yağdığından yolda gələrkən Lənkəran rayonu Balıqçılar kəndinin ərazisində maşını saxlayaraq, yolun kənarında şəkil çəkdirmək qərarına gəlmişlər. Avtomaşını yoldan kənara çəkərək avtomaşından düşmüşlər. Maşının yük yerindən tüfəng və patron götürmüşlər. Sənan ov tüfəngini götürmüş və patronların olduğu qatarı belinə bağlamışdır. O da tüfəngi götürmüş, şəkil çəkdirərkən üzərində olan ov silahının içində iki patron olmuşdur. Qar yağdığından məqsədləri qarda tüfənglə şəkil çəkdirmək olmuşdur. Həmin vaxt 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara qanunsuz ov etdiklərini onlara bildirmiş və bu barədə sənədləşmə aparmışlar. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və məhkəmədə şahid qismində iştirak edən X6 izahatlarından görünür ki, 09 yanvar 2023-cü il tarixdə onlar birlikdə Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində idarə etdikləri avtomaşını saxlayıb düşmüşlər, üzərilərində ov silahları olmuş və həmin ov silahlarının içərisində, yəni “patron yuvası”nda patron olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş 09 yanvar 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfində keçirilmiş reyd zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, X4 çiynindən qoşa lüləli ov silahı asılmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əmkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 09 yanvar 2023-cü il tarixdə “qanunsuz olaraq çöl quşlarını ovlayanlara qarşı mübarizə məqsədi ilə” Lənkəran rayonu “Kiçik Qızılağac” körfəzi, “Qızılağac” Milli Parkı və Xəzər dənizinin sahilində növbəti reyd keçirilmişdir. Keçirilmiş reyd zamanı X7 1 ədəd “Stoger” markalı ******* nömrəli, 12 kalibrli ov silahı, 46 ədəd dolu patron və 1 ədəd gecə fənəri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmununa görə - Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmçinin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinin məzmununa əsasən - ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 2.1-ci bəndinin məzmununa əsasən - Quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinin tələbinə görə, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İşin faktiki hallarından müəyyən edilir ki, 09 yanvar 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı X4 üzərində ov silahının olması, həmin ov silahının patron yuvasında iki ədəd patronun olması və üzərində fənərin olması quşların “izlənməsi” kimi başa düşülür ki, bu hal da yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən “ovçuluq” fəaliyyətidir. Eyni zamanda sözügedən ərazi ov edilməsi üçün nəzərdə tutulmamışdır və Vüsal Qulamovun ov etmək üçün xüsusi icazəsi olmamışdır. Həmçinin of tüfəngi ilə ov ərazisində olmaq ova bərabər fəaliyyət hesab edilir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, X4 əməlinin Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-407/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-407/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver