Məhkəmə qərarları › İş №3(049)-408/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-408/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-408/2024 03.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, şikayət vermiş şəxs X10, qərarından şikayət verilən orqanın nümayəndəsi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinin inspektoru X7 iştirakı ilə, X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinin 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinin 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran-Astara Mədəniyyət İdarəsi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində direktor vəzifəsində işləyir. 08 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası FHN-nin DövlətYanğın Nəzarəti Xidməti Cənub regional X13 İdarəsinin əməkdaşları idarəyə gələrək yoxlama aparmış, Lənkəran Tarix- Diyarşünaslıq Muzeyində yanğın təklükəsizliyi norma və qaydaların əməl edilməməsi ilə bağlı nöqsanlar aşkar edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında 04 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında o, yəni Lənkəran Tarix-Diyarşünaslıq Muzüyinin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası FHN-nin X13 Xidməti Cənub regional X13 İdarəsinə çağırılmışdır. Daha sonra növbəti protokol əsasında xx.xx.2024-cü il, MN № ******* qərar qəbul edilmiş və həmin qərar əsasında o, yəni Lənkəran Tarix-Diyarşünaslıq Muzüyinin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 350 man məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilməmiş hüquq pozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən etmişdir. Həmin qərarın surəti icra etmək üçün göndərilmişdir. Bununla bağlı o, onlara məktub ünvanlayaraq qeyd etmişdir ki, 04 aprel 2024-cü il tarixli 18-76/2- 2748/24 nömrəli məktubua aidiyyəti üzrə Lənkəran şəhər Lənkəran Tarix- Diyarşünaslıq Muzeyində baxılmışdır. Məlumat üçün bildirmək istəyir ki, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində yanğın təhlükəsizliyi norma və qaydaların əməl edilməməsi ilə bağlı aşkar edilmiş nöqsanlara görə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru X8 tərtib olunmuş 04 aprel 2024-cü il tarixli protokol Muzeyin və Muzeyin direktorunun səlahiyyətinə aid olmadığı hallarda tərtib edilmişdir. Belə ki, Muzeylər haqqında Əsasnamədə və səlahiyyətlərində muzeyin maliyyələşdirilməsi Lənkəran- X9 İdarəsi tərəfindən aparılır. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi müstəqil olaraq muzeyin özünə hər hansısa bir invertar avadanlıq və digər yanğın xəbərverici «siqnalizasiya qurğularının quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı mal-materialın alınması səlahiyyətinə sahib deyil. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin şəxsi mühasibatlığı və büdcəsi mövcud deyil. Buna görə də, hər hansı bir qeyd edilən tədbirin və ya nöqsanların aradan qaldırılması Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi və direktorunun səlahiyyətləri xaricindədir. Qeyd etdilən nöqsanların aradan qaldırılması X2 İdarəsinin səlahiyyətlərinə daxildir. Buna görə də 04 aprel 2024-cü il tarixli, 3-18-76/2-2748/24 nömrəli tərtib olunmuş protokolun Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi və onun direktoru X1 aid olmadığındanı əsas gətirərək ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin məktubu 19 aprel 2024-cü il tarixində 10 nömrə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsin rəisi, Bəxtiyar Qılıncova ünvanlamış və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsinin 22 aprel 2024-cü il tarixli 200 nömrəli məktubu ilə cavab almışdır. Ona görə də o, yuxarıda qeyd olunanlara əsasən barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərar qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Ona görə də o, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edib həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 izahatında göstərdi ki, o, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində direktor vəzifəsində işləyir. Həmin vəzifəyə 2023cü ilin sentyabr ayında təyin edilmişdir. Onun direktor kimi heç bi maddi gəliri olmamış, bu sahədə də hər hansı səlahiyyəti də olmamışdır. Onun sadəcə muzeyə gələn turistlərə muzey və muzeydə olan eksponatlar barəsində məlumat vermək vəzifəsi olmuşdur. Onun muzeyə yanğı təhlükəsizliyi ilə bağlı hər hansı avadnlıq almaq, həmin avadanlığın sazlığına nəzarət etmək kimi vəzifəsi olmamış, habelə belə büdcəsi də mövcud deyildir. Onun barəsində inzibati protokol tərtib edildikdən sonra aidiyyatı üzrə tabe olduğu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsinə məktubla müraciət etmiş, həmin idarədən isə ona maliyyət vəsaiti olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X11 göstərdi ki, 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı X3 Azərbaycan Respublikası Qanunun 6-cı bəndinə əsasən qəbul edilmişdir. Şikayətçi müəssisənin direktoru kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan əvvəl də onlar tərəfindən həmin müəssisəsinin əvvəlki direktoru barəsində eyni məzmunlu qərar qəbul edilmiş və icraya yönəldilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin edilməməsini və 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran- Astara Mədəniyyət İdarəsi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində 04 aprel 2024-cü il tarixdə keçirilən nəzəri YTM zamanı qaydaların pozulması məlum olduğu üçün X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 350 manat cərimə tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 04 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 aprel 2024-cü il tarixdə keçirilən nəzəri YTM zamanı YTQ-nin 0022 nömrəli, 08 yanvar 2024-cü il tarixli tələblərinin yerinə yetirilmədiyinə görə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran-Astara Mədəniyyət İdarəsi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin 19 aprel 2024-cü il tarixli, 10 nömrəli məktubdan görünür ki, Muzey tərəfindən Lənkəran-Astara Mədəniyyət İdarəsinə müraciət olunaraq muzeydə olan yanğına qarşı çatışmazlıqların aradan qaldırılması üçüm köməklik göstərilməsi xahiş edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran-Astara Mədəniyyət İdarəsinin 22 aprel 2024-cü il tarixli, 200 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran-Astara Mədəniyyət İdarəsinin 2024-cü ilin büdcəsində yanğın təhlükəsizliyi avandalıqlarının alınması üçün maliyyə vəsaiti ayrılacağı təqdirdə aktda qeyd olunan nöqsanların aradan qaldırılması təmin ediləcəkdir. Məhkəməyə qərar qəbul etmiş orqan tərəfindən təqdim edilmiş və və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 08 yanvar 2024-cü il tarixli, 022 nömrəli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinin inspektoru X11 tərəfindən Lənkəran Şəhər Tarix Diyarşünaslıq Muzeyinə yanğın təhlükəsizliyi ilə bağlı göstərişlər verilmişdir. Məhkəməyə qərar qəbul etmiş orqan tərəfindən təqdim edilmiş və və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 04 aprel 2024-cü il tarixli “Yanğın texniki müayinə” aktından görünür ki, Lənkəran Şəhər Tarix Diyarşünaslıq Muzeyində keçirilmiş yanğın texniki müayinəsi zamanı YTQ tələblərinin pozulması müəyyən edilmişdir: - muzey binasında mövcud olan yanğın səs siqnalizasiya sistemi mütəxəssis tərəfindən yoxlanılamayıb - obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb - muzeyin layihəsində nəzərdə tutulmuş taxta konstruksiyalı elementlər odadavamlı məhlullar hopdurulmayıb - muzeyə çəkilmiş elektrik naqillərinin izolyasiya qatının gərginliyə qarşı müqaviməti yoxlanılmamışdır. X4 imza etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, qərar qəbul edən orqan, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsi baş vermiş inzibati xətaya görə məsuliyyət daşımalı olan subyekti düzgün müəyyən etməmişdir. Məhkəmə, şikayəti sırf bu istiqamətdə tamamilə haqlı hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsi tərəfindən tam araşdırma aparılmadan şəxsi inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Lənkəran-Astara Mədəniyyət İdarəsinə tabeliyindədir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 19 aprel 2017-ci il tarixli, 06 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tarix-diyarşünaslıq muzeylərinin nümunəvi əsasnaməsinin “Muzeyion fəaliyyətinin təşkili və idarə olunması” adalanan 5-ci bölməsinin 6-cı hissəsi Muzey direktorunun vəzifələrini müəyyən edərək göstərmişdir ki: 5.1. Direktor: 5.1.1. Muzeyin səmərəli fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir; 5.1.2. Muzeyin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür; 5.1.3. İdarənin nomenklaturasına daxil olmayan işçiləri müəyyən olunmuş qaydada vəzifəyə təyin və vəzifədən azad edir, onları mükafatlandırır, onlar barədə həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, işçilər arasında vəzifə bölgüsü aparır; 5.1.4. Qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təmin edir və icrasına nəzarəti həyata keçirir, muzeyin iş planını təsdiq edir, onun icrasına nəzarət edir; 5.1.5. Muzeyin daxili intizam qaydalarını təsdiq edir; 5.1.6. Muzeyin illik və digər iş planlarının tərtib olunmasını təmin edir; 5.1.7. Bütün inzibati, təsərrüfat və ictimai idarə və təşkilatlarda muzeyin adından çıxış edir, məhkəmədə iddiaçı və cavabdeh qismində iştirak edir, bu Əsasnaməyə müvafiq olaraq muzeyin təsərrüfat fəaliyyətinə rəhbərlik etmək üçün bütün əməliyyatları həyata keçirir; 5.1.8. Muzeyin baş fond mühafizi direktorun təqdimatı ilə İdarənin əmrinə əsasən işə təyin və işdən azad edilir. Baş mühafiz ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün məsuliyyət daşıyırlar. Göründüyü kimi, muzey direktorunun vəzifələri sahəsində yanğın təhlükəsizliyi sahəsində hər hansı vəzifəsi müəyyən edilməmişdir. “X3” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaqsürtgü materialları, habelə qida məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Məhkəmə, qanun “yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək” bağlı tələbi ilə bağlı qeyd edir ki, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi müstəqil olaraq hər hansı maddi təminata malik deyil və Muzeyin maddi təminatı tabe olduğu qurum tərəfindən təmin edilir ki, yuxarıda şərh olunan 22 aprel 2024-cü il tarixli, 200 nömrəli məktubla qeyd olunan vəsaitin olmaması dolayı yolla göstərilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, yəni müstəqil büdcəyə malik olmayan müəssisədən, xüsusilə maddi təminatı baxımından tabe olduğu qurumdan asılı olan müəssisəsinin rəhbərinin üzərinə vzifə qoyulmayan hərəkətləri etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Digər tərəfdən, işin hallarından müəyyən olunur ki, Muzey direktoru inzibati məsuliyyətə yanğın təhlükəsizliyi avadanlıqlarının olmamasına görə yox, mövcud olan yanğın təhlükəsizliyi avandlıqlarının nasaz olmasına görə cəlb edilmişdir. Bununla bağlı da, məhkəmə qeyd edir ki, həmin vasitələrin saz vzəiyyətə saxlanılması üçün maddi vəsait tələb olunur ki, bu maddi təminat da Muzeyin özü tərəfindən deyil onun tabe olduğu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran-Astara Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilir. Şərh olunanlar baxımından məhkəmə hesab edir ki, şikayət bu hissədə əsaslıdır. Məhkəmə, şikayətçinin “Muzeylər haqqında Əsasnamədə və səlahiyyətlərində muzeyin maliyyələşdirilməsi Lənkəran- X9 İdarəsi tərəfindən aparılır. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi müstəqil olaraq muzeyin özünə hər hansısa bir invertar avadanlıq və digər yanğın xəbərverici «siqnalizasiya qurğularının quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı malmaterialın alınması səlahiyyətinə sahib deyil. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin şəxsi mühasibatlığı və büdcəsi mövcud deyil. Buna görə də, hər hansı bir qeyd edilən tədbirin və ya nöqsanların aradan qaldırılması Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi və direktorunun səlahiyyətləri xaricindədir” hissəsi ilə tam razılaşaraq qeyd edir ki, bu tələb qanunvericilik baxımından da tamamilə əsaslıdır. “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilmişdir ki, dövlət muzeyləri dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bundan başqa, şikayətin məzmunundan aydın olur ki, şikayətçi tərəfindən qeyd edilən hallar şifahi formada qərar qəbul edilən orqana bildirilmiş, lakin bu hallar tam araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə- fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Yuxarıda şərh olunanları, habelə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinin 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinin 18 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidmətinin Cənub Regional X13 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar