Məhkəmə qərarları › İş №3(049)-422/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-422/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-422/2025 06.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 tərtib etdiyi 06 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3998/2024 saylı, 10 dekabr 2024-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2198 manat pul və 42 manat dövlət rüsumu tutularaq, tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs həmin icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Eyni zamanda borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, çağırışlardan boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Borclu şöbəyə dəvət edilərək, onun iahatı alınmışdır və o, 25 fevral 2025-ci il tarixli izahatında bildirmişdir ki, tələbkara olan borcundan 28 fevral 2025-ci il tarixədək ən azı 500 manat ödəyəcəkdir. Hazıradək borclu icra sənədinə əsasən tələbkara cəmi 100 manat ödəniş etmişdir. Tələbkar isə icra sənədində qeyd edilən məbləği tam olaraq borcludan tələb edir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçıraraq, çağırışlara gəlməmişdir. Buna görə də onun barəsində axtarılması barədə qərar qəbul edilərək, icra edilməsi üçün polis orqanına göndərilmişdir. 06 may 2025-ci il tarixdə o, polis tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Protokolun təmin edilərək, borclu Şəxs olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədi ilə əlaqadar icra məmuru tərəfindən o, məlumatlandırılmışdır. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkara cəmi 100 manat ödəniş edə bilmişdir. Eyni zamanda qeydiyyatda olduğu Lənkəran rayonu Xanbulan kəndində yaşamır. 06 may tarixində polis tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. İcra məmurunun çağırışlarına gəlməməyinin səbəbi icra sənədinə əsasən borcunu ödəməyə maddi imkanının olmaması ilə əlaqədar olmuşdur. Borcunu hissə-hissə ödəməyə razıdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3998/2024 saylı, 10 dekabr 2024-cu il tarixli icra sənədinə əsasən, borclu Şəxs 2198 manat pul və 42 manat dövlət rüsumu tutularaq, tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar xx.xx.2025-ci il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun izahatları alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Borclu Şəxs icra məmurunun çağırışından boyun qaçırdığı üçün onun barəsində xx.xx.2025-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edilərək, icra edilməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə dair tələbkara 2.140 manat borcu qalmışdır. Tələbkar həmin məbləğin tam olaraq ödənilməsini borcludan tələb edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN 22323565 nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 may 2025-ci il saat 11:10-dan hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X3 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar