Məhkəmə qərarları › İş №3(049)-423/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-423/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-423/2025 30.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Lənkəran rayon prokurorluğunun müstəntiqi X6 və barəsində inzibati xəta haqqımda qərar qəbul edilmiş Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran rayon prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən Şəxs barəsində 05 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və inzibati material baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda göstərilmişdir ki, Şəxs "xxxx" MMC-də iş icraçısı işləməklə ünvan 1 ünvanında yerləşən birmərtəbəli yardımçı tikilinin dam hissəsinə şifer təbəqələrinin vurulması işləri icra edilərkən, dam hissədə küləyin təsirinə qarşı tədbirlər görülmədən orada sürüşüb düşmə təhlükəsi olan bərkidilməmiş vəziyyətdə şifer təbəqənin saxlanılmasına yol verməklə, həmin işlərin təhlükəsiz icra edilməsinə cavabdeh şəxs kimi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”-nın 16.9-cu bəndinin və “İİİ-4-80 Tikinti Norma və Qaydaları”-nın 1 saylı Əlavəsinin 10-cu bəndinin “a” abzasının tələblərinə riayət etməyərək tikintidə fəhlə işləyən X1 bud nahiyəsində kəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət alması ilə nəticələnən əməyin mühafizəsi qaydalarını pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Lənkəran rayon prokurorluğunun müstəntiqi X6 göstərmişdir ki, "Geno Construction” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qeyd edilən müəssisədə iş icraçısı vəzifəsində işləyən Şəxs göstərişi əsasında ünvan 2 ünvanında yerləşən bir mərtəbəli yardımçı tikilinin dam hissəsinə şifer təbəqələrinin vurulması işlərini icra edərkən, dam hissədə küləyin təsirinə qarşı tədbirlər görülmədiyindən şiferin sürüşüb düşməsi nəticəsində sağ bud nahiyəsini kəsilməsi diaqnozlu dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Tərəfindən xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2025-ci il tarixdə həmin fakt üzrə Lənkəran rayon prrokuroru Azad Qarayevin qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Hazırda Şəxs qeyd edilən maddə ilə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilib diqqətsizlik etdiyini, belə bir nəticənin baş verə biləcəyini güman etmədiyini, iş icraçısı kimi lazimi ehtiyatı gözləmədiyini, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini, maddənin sanksiyasında göstərilmiş 1000 manat miqdarında cərimə edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materialları: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi ünvanı ünvan 3on” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli EL-991/2023 saylı Lisenziya əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə səlahiyyəti olan hüquqi şəxs kimi, eləcə də Lənkəran Şəhər İcra Hakimiyəti tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli 19 saylı Obyektin Tikintisinə dair icazə əsasında ünvan 2 ünvanında hündürmərtəbəli binaların tikintisi işlərini həyata keçirən vaxt, həmin müəssisədə fəhlə (qəlibçi) işləyən xx.xx.1961-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qeyd edilən müəssisədə iş icraçısı vəzifəsində işləyən Şəxs göstərişi əsasında ünvan 2 ünvanında yerləşən bir mərtəbəli yardımçı tikilinin dam hissəsinə şifer təbəqələrinin vurulması işlərini icra edərkən, dam hissədə küləyin təsirinə qarşı tədbirlər görülmədən orada sürüşüb düşmə təhlükəsi olan bərkidilməmiş vəziyyətdə şifer təbəqənin saxlanılmasına yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"-nın 16.9-cu bəndinin və “İİİ- 4-80 Tikinti Norma və Qaydaları”-nın 1 saylı Əlavəsinin 10-cu bəndinin “a” abzasının tələbi həmin işlərin təhlükəsiz icra edilməsinə cavabdeh olan iş icraçısı Şəxs tərəfindən pozulmuş, nəticədə yardımçı tikilinin üzərində olan şiferlərdən biri aşağıya düşərək ehtiyatsızlıqdan X1 bud nahiyəsini kəsərək sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Toplanmış 16C-25 nömrəli material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə (cinayət tərkibi olmadıqda) əsasən rədd edilmişdir. EMİS-dən çıxarışdan görünür ki, Şəxs (FİN:xxxxxxx) xx.xx.1960-cı il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 66 saylı eksprt rəyindən görünür ki, X2 bədəni üzərində - sağ bud nahiyyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi istisna edilmir, müddəti tibbi sənəddəgöstərilən tarixə xx.xx.2025-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/1687 nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən bir mərtəbəli yardımçı tikilinin dam hissəsinə şifer təbəqələrini verulması işləri icra edilərkən, dam hissədə küləyin təsirinə qarşı tədbirlər görülmədən orada sürüşüb düşmə təhlükəsi olan bərkildilməmiş vəziyyətdə şifer təbəqənin saxlanılması baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 16.9-cu bəndinin və “İİİ-4-80 Tikinti Norma və Qaydaları”nın 1 saylı Əlavəsinin 10-ci bəndinin “a” abzasının tələbi pozulmuşdur. ünvan 5 ünvanında yerləşən bir mərtəbəli yardımçı tikilinin dam hissəsinə şifer təbəqələrini verulması işləri icra edilərkən, dam hissədə küləyin təsirinə qarşı tədbirlər görülmədən orada sürüşüb düşmə əthlükəsi olan bərkildilməmiş vəziyyətdə şifer təbəqənin saxlanılmasına yol verildiyinə görə, hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 16.9-cu bəndinin və “İİİ-4-80 Tikinti Norma və Qaydaları”nın 1 saylı Əlavəsinin 10-ci bəndinin “a” abzasının tələbi həmin işlərion təhlükəsiz icra edilməsinə cavabdeh olan iş icraçısı tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş X3 tərəfindən qayda və təliçatların pozulması halı müəyyən edilmir. Həmin rəyin tədqiqi hissəsinə əsasən 24 oktyabr 2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin 20/01-005 №-li qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qadaları”-nın tələblərinə əsasən; bənd 16.9. “Damda materialları yalnız, icra planında nəzərdə tutulmuş yerlərdə, onların düşməsinə, o cümlədə küləyin təsirinə qarşı tədbirlər görülməklə yerləşdirməyə icazə verilir. İşdə fasilələr zamanı texniki qurğular, alətlər və materiallar bərkidilməli və ya damdan yığışdırılmalıdır. “İİ1-4-80 Tikinti Norma və Qaydaları”-nın 1 saylı Əlavəsi: 10 bəndi. “Tapşırılmış iş sahəsi dairəsində, iş icraçılarının və ustaların (usta- briqadirlərin) üzərinə aşağıdakı vəzifələr düşür: a) İşlər müvafiq qaydada təsdiq edilmiş texnoloji kartalar və ya iş icra layihəsinə uyğun təşkil etmək və fəhlələri işlərin təhlükəsiz aparılma üsulları ilə tanış etmək". Hadisə yerinə baxış keçirilməsi barədə 24.01,2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanın həyətinə girmək üçün darvaza quraşdırılmışdır. Həmin darvazadan həyətə daxil olduqda sağda iki metr məsafədə bir mərtəbəli yardımçı tikilinin olması aşkar edildi. Həmin yardımçı tikili mişar daşlarından hörülmüşdür, üzəri rənglənmişdir, mavi rənglidir. Həmin tikilinin üzərində isə şiferlərin quraşdırılması müşahidə edilir. Yarımçı tikilinin iki giriş qapısı vardır. Qeyd edilən tikilinin yerdən hündürlüyü ölçüldü və müəyyən edildi ki, onun hündürlüyü 3 (üç) metrdir. Baxışda iştirak edən X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə iş icraçısı Şəxs tapşırığına əsasən binaların tikilməsi ilə əlaqədar olmayan və həmin binaların yaxınlığında yerləşən yardımçı tikilinin üzərinə şifer vurmaq işlərini görmüşdür. Belə ki, yağış yağarkən həmin yardımçı tikilidən otaqlara su damırdı və həmin yardımçı tikilidə də Şəxs özü əyləşirdi. O, yardımçı tikiliyə şifer qaldırmaq üçün yardım tikilinin damından aşağıya düşdükdən sonra, yəni yerdə olarkən tikilinin üzərində olan şiferlərdən biri düşərək onun sağ bud nahiyəsini kəsmişdir. Mübariz Musayev hadisənin baş verdiyi yeri və yardımçı tikilini göstərdi. Bundan sonra müəyyən edildi ki, M.Musayevin göstərdiyi yerdə yaşıl rəngdə şiferlər vardır. Eləcə də müəyyən edildi ki, yardımçı tikilədən 60-70 metr məsafələrdə iki ədəd yeddi mərtəbəli binalar vardır. Həmin binalardan 15 metr məsafədə isə bir mərtəbəli yarımçıq, tikilməkdə olan bina vardır. Baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçiriləcək "xxxx" MMC-nin balansında olan bir ədəd “Təhlükəsizlik Texnikası üzrə təlimatların aparılmasının uçotu Jurnalı”-nın üzəri və arxası ağ rəngdədir. Jurnal 62 səhifədən ibarətdir. Üzərində yuxarıdan aşağıya doğru ardıcılıqla “Baş idarə Təşkilat (müəssisə) "xxxx" MMC Sex (sahə) Lənkəran şəhər, V.Nağıyev küçəsi sözləri, daha sonra “Təhlükəsizlik Texnikası üzrə təlimatların aparılmasının uçotu Jurnalı" sözləri, həmin sözlərin aşağısında isə “Başlanılıb iyun 2023-cü il Qurtarıb 20 -cü il” sözləri yazılmışdır. Jurnalın birinci səhifəsində yuxarıda “Təhlükəsizlik texnikası üzrə təlimatı aparan şəxsin adı, soyadı və imzası” sözləri, onun aşağısında birinci sırada isə diyircəkli qələmlə “Şəxs” sözləri və həmin sözlərin qarşısında müvafiq imzanın olması aşkar edildi. Bundan əlavə həmin səhifənin 24 sıradan ibarət olması və digər 23 sıranın boş olması aşkar edildi. Jurnalın içinə baxdıqda şaquli istiqamətdə sıra ilə “sıra №”, “təlimatı alan şəxsin adı, soyadı”, “tarix”, “peşəsi, sənədi’’, “təlimatın qısa məzmunu, növü və nömrəsi” və “İmzalar, təlimatı keçirən və təlimatı alan” xanalarının olması müşahidə edilir. 01 dekabr 2023-cü il tarixdə 24 nəfər müxtəlif vəzifədə olan işçilərə müxtəlif məzmunda təlimatın keçirilməsi görsənir. Həmin şəxslərin içində X2 adının olması aşkar edilmədi. Baxış davam etdirildi və müəyyən edildi ki, 2024-cü ilin oktyabr ayında 42 nəfər müxtəlif vəzifədə olan işçilərə müxtəlif məzmunda təlimatın keçirilməsi qeyd edilmişdir. 35-ci sırada Musayev Mübarizə 2024-cü ilin dekabr ayında qəlib və armaturlanma işləri zamanı təhlükəsizlik qaydaları növündə təlimat keçirilməsinin qeyd edilməsi və “təlimatı keçirən” və “təlimatı alan” qrafalarında müvafiq imzaların olması aşkar edildi. Baxış davam etdirildi və müəyyən edildi ki, 2024-cü ilin noyabr ayında 47 nəfər müxtəlif vəzifədə olan işçilərə müxtəlif məzmunda təlimatın keçirilməsi qeyd edilmişdir. 29-cu sırada Musayev Mübarizə 2024-cü ilin noyabr ayında armaturlanma və qəlib işləri zamanı təhlükəsizlik qaydaları növündə təlimat keçirilməsinin qeyd edilməsi və “təlimatı keçirən” və “təlimatı alan" qrafalarında müvafiq imzaların olması aşkar edildi. Baxış davam etdirildi və müəyyən edildi ki, 2025-ci ilin yanvar ayında 35 nəfər müxtəlif vəzifədə olan işçilərə müxtəlif məzmunda təlimatın keçirilməsi qeyd edilmişdir. 10-cu sırada Musayev Mübarizə 2025-ci ilin yanvar ayında qəlib işləri zamanı təhlükəsizlik qaydaları növündə təlimat keçirilməsinin qeyd edilməsi və “təlimatı keçirən” və “təlimatı alan” qrafalarında müvafiq imzaların olması aşkar edilmişdir. Baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçiriləcək "Geno Construction” MMC-nin balansında olan “X9”-nın üzəri və arxası ağ rəngdədir. Jurnal 42 səhifədən ibarətdir. Üzərində yuxarıdan aşğıya doğru ardıcılıqla "xxxx" MMC, Obyektin adı: "Akademik Nağıyev küçəsində tikilən 5 ədəd 7 mərtəbəli, 3 ədəd 9 mərtəbəli binaların tikintisi” sözləri, həmin sözlərin aşağısında "X9” sözləri, həmin sözlərin də aşağısında "Başlanğıc: " ”"” 20 -cü il” sözləri yazılmışdır. Jurnalın birinci səhifəsində yuxarıda "Titul vərəqəsi" sözləri, həmin sözlərin aşağısında yuxarıdan aşağıya doğru ardıcıllıqla “obyekt”, "obyektin ünvanı”, "bina, qurğu”, "sifarişçi”, “podratçı”, “Layihəçi” və “Nəzarətçi” sözləri yazılmışdır. “Obyektin ünvanı sözlərinin qarşısında diyircəkli qələmlə “Akademik Nağıyev 10 küçəsi” sözləri, "Bina, qurğu” sözlərinin qarşısında diyircəkli qələmlə “5 əd 7 mərtəbəli 3 əd 9 mərt. Binaların tikintisi” sözləri, “podratçı” sözlərinin qarşısında isə diyircəkli qələmlə “Geno konstruction” sözləri yazılmışdır. Digər xanaların qarşısında hər hansı bir sözün yazılmadğı müşahidə edilir. Jurnalın içinə baxdıqda yuxarıda “Tikinti işlərinin gedişi haqqında Məlumat" sözləri, aşağısında isə cədvəlin olması aşkar edildi. Cədvəldə şaquli istiqamətdə sıra ilə “№”, “tarix”, "hava şəraiti”, "yerinə yetirilmiş işlərin adı, həcmi”, “İmzalar, briqadir və iş icraçısı” xanalarının olması müşahidə edilir. Cədvəlin aşağısında isə “iş icraçısı” və həmin sözlərin qarşısında hər doldurulmuş səhifədə müvafiq imzaların olması müşahidə edilir. Cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrdə tikinti işlərinin gedişi haqqında məlumatlar qeyd edilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə günəşli havada 2-ci blokda işlərin görülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar