Məhkəmə qərarları › İş №3(049)-445/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-445/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-445/2025 14.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əkrəm oğlunun iştirakı ilə, xx.xx.1954-cü ildə Lənkəran rayonu, Şürük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Əkrəm oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Əkrəm oğlu xx.xx.2025-ci il tarixdə, saat 17:32 radələrində DİN-nin 102 xidməti zəng mərkəzinin operatoru ilə danışan zaman dövlət rəmzlərinə və rəhbərlərin ünvanına təhqiredici söyüş söymüş, xx.xx.2025-ci il tarixdə, saat 10 radlərində barəsində şikayət vermiş şəxsin ünvanına söyüş söyməklə polisin qanuni tələbinə qəsdən tabe olmamadığına görə sonuncunun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 14 may 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs Əkrəm oğlu izahat verərək bildirmişdir ki, iki oğlu 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. May ayının 1-də, 71 yaşının tamam olması ilə əlaqədar qohumlarla təşkil etdiyi şənlikdə içki qəbul edərək sərxoş olmuşdur. Həmin gün axşam Gəncədə hərbi xidmətdə olan nəvəsinin Beyləqan qospitalına aparıldığı xəbərini alıb və içkili olmasına baxmayaraq gecə çox narahat olub. Səhəri gün maşın tutub Beyləqana getsə də, onu nəvəsi ilə görüşməyə buraxmayıblar. Qayıtdıqdan sonra pivə qəbul edib və polisdən kömək istəmək üçün 102 xidmətinə zəng edib. Başında travma var və həmin gün nə danışdıqlarını xatırlamır. 2 gün sonra nəvəsinin sağlam olduğu xəbərini eşidib təkrar 102 xidmətini yığaraq səhv etdiyini bildirmiş və dəfələrlə üzrxahlıq etmişdir. Lakin sonda özündə olmadığı üçün təhqirə yol vermişdir. Dövlətə, rəhbərliyə və bayrağa qarşı böyük hörməti var. Əlavə olaraq bildirdi ki, may ayının 14-də sonu 33-44 olan mobil telefon nömrəsi ilə zəng olunaraq onu polisə dəvət etmişlər və o, taksiyə əyləşib könüllü olaraq polisə getmişdir. Polisin inzibati binasında heç bir qanunsuz hərəkətə yol verməmişdir. özünü təqsirli bilir. Əməlindən peşmandır. Barəsində inzibati tənbeh növündə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:32-də, Şəxs Əkrəm oğlu sərxoş vəziyyətdə istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək dövlət bayrağını, həmçinin dövlət rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu gün isə barəsində edilən şikayətlə bağlı onun ünvanına gedən polis əməkdaşlarını yenidən nalayiq ifadələrlə təhqir etmiş və polisin qanuni tələbinə tabe olmadığına görə İXM-nin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 14 may 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin hər hansı psixatrik xəstəxanada qeydiyyata yoxdur. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Lənkəran ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili işləyir. Şəxs əvvəllər tanımayıb və onunla ədavəti və ya düşmənçiliyi yoxdur. Şəxs barəsində Lənkəran ŞRPŞ-yə daxil olmuş məktubda onun 102 xidmətinə zəng edərək nalayiq ifadələr işlətdiyi qeyd edilmişdir. Həmin məktub əsasında Bürhan Əhmədovu polis şöbəsinə dəvət etmək üçün onun ünvanına getmişlər və sonuncu orada yenidən uca səslə nalayiq sözlər işlədib onları etiraz etmişdir. Daha sonra Polis əməkdaşları onu məcbur maşına əyləşdirib şöbəyə gətirmiş və barəsində tədbir görülməsi üçün raport tərtib etmişlər. Məhkəmə iclasında digər şahid X1 da əvvəlki şahid Ruhid Şəriflinin izahatının məzmununa uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: İnzibati iş üzrə icraatın başlanması barədə qərardaddan görünür ki, Lənkəran ŞRPŞnin İTB-nin sahə rəisi Məmməd Əhmədov tərəfindən, əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan Şəxs Əkrəm oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdıdr. DİN-nin Baş Cinayət Axtarış İdarəsinin verdiyi arayışdan görünür ki, Lənkəran şəhər sakini Şəxs Əkrəm oğlu xx.xx.2025-ci il tarixdə saat 17:32-də ***-***-**-** nömrəli mobil telefondan DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək MN-nin N saylı hərbi hissəsində xidmət edən nəvəsinin döyüldüyünü bildirib təhqiredici ifadələr işlətməsi ilə bağlı X2 Xidmətində raport hazırlanmış və rəhbərlik tərəfindən nəzarətə götürülmüdür. Lənkəran Şəhər-Rayon Polis İdarəsinin Arayışından görünür ki, Lənkəran rayon, Şürük kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları qismən, yəni özünü yalnız İXM-nin 510-cu maddəsi ilə təqsirli bilsə də, onun İXM-nindiggər maddəsi olan 535.1-ci maddəsi ilə təqsili olması şahid izahatları, inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs Əkrəm oğlu İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs Əkrəm oğluna qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs Əkrəm oğluna qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal onun təqəüdçü olmaqla ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, əməlindən səmimi peşmançılıq hissi keçirməsidır. İXM-nin 33.1.7-ci maddələrinə əsasən Şəxs Əkrəm oğlu tərəfindən inzibati xətanın sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.2-ci maddələrinə əsasən altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Şəxs Əkrəm oğlunun təqsirləndirldiyi hər iki maddənin sanksiyasında inzibati həbs nəzərdə tutlsa da, o, 71 yaşında olduğundan, onun barəsində inzibati həbs seçilə bilməz. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs Əkrəm oğlu barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Əkrəm oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs Əkrəm oğlu barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar