Məhkəmə qərarları › İş №3(049)-456/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-456/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-456/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Lənkəran şəhəri, Qalayçılar küçəsində ictimai yerdə ucadan, ünvansız nalayiq ifadələr işlətməklə ərazidə xədmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X3 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X6 bildirdi ki, icraatında polis serjantı Elnur Qulamovun raportu əsasında xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Qalayçılar küçəsində yerləşən məsçidin qarşısında əvvəllər tanımadığı Şəxs yaxınlaşaraq barəsində olan materialla əlaqədar onlarla polis şöbəsinə gəlməsini tələb etmiş, lakin o, buna əsəbləşib ucadan nalayiq söyüşlər söyməyə, başlamışdır. Polisin nizam-intizama çağırışına riayət etməyərək əməlinə davam etdiyi üçün o, Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Şahid qismində dindirilən Lənkəran ŞRPŞ-nin polis əməkdaşı X5 məhkəmə iclasında qeyd etmişdir ki, yazdığı raport əsasında xx.xx.2024-cü il tarixdə, 23:00 radələrində sahə rəisi Əmral Babayevlə birlikdə əvvəllər tanımadığı Şəxs Qalayçılar küçəsində yaxınlaşıb barəsində olan inzibati materialla əlaqədar onlarla polisə getməyə dəvət etmişlər. Lakin o, ünvansız söyüşlər söyərək polsin qanuni tələbinə məhəl qoymadan öz əməllərinə davam etdiyi üçün polis şöbəsinə gətirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 23:00 radələrində Lənkəran şəhəri, Qalayçılar küçəsində ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, polisin xidməti iş ahənginin pozulmasına səbəb olmuş hərəkətlərə yol vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun etirafedici izahatı ilə yanaşı şahidlərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda həmin Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 may 2024-cü il tarixdən saat 12:25-dan hesablansın. Həbsin sonu 01 iyun 2024-cü il tarixdən saat 12:25-dan hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar