Məhkəmə qərarları › İş №3(049)-459/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-459/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-459/2024 10.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Lənkəran şəhər-rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, subay, ali təhsilli, Lənkəran Rayon Məhkəməsinin böyük məsləhətçisi vəzifəsində işləyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciəti əsasında toplanmış HK-1/730 nömrəli material üzrə Lənkəran şəhər-rayon X6 Bölməsinin təhqiqatçısı Emil Nurizadənin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs döymüşdür. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Lənkəran şəhər-rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərkən hər hansı araşdırma aparmamış, yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara istinad etmişdir. Həmin qərarda Şəxs Zərərçəkmiş şəxs qəsdən döyməsi qeyd edildiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Lənkəran Rayon Məhkəməsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin məhkəmənin icraatında olan müəyyən işlər üzrə tərəf və ya nümayəndə qismində iştirak edən şəxs kimi tanımışdır. Zərərçəkmiş şəxs tərəf olduğu işlərlə əlaqədar dəfələrlə onun qəbulunda olmuş, qeyd olunan işlərin icraatı ilə bağlı həmin şəxsin qarşılaşdığı problemlərlə bağlı qanunamüvafiq tədbirlər görülmüşdür. Məhkəmənin icraatında X2 adlı şəxs barəsində olmuş inzibati iş üzrə Zərərçəkmiş şəxs anası Şahid1 zərərçəkmiş şəxs qismində tanınmış və Zərərçəkmiş şəxs da həmin iş üzrə anasının etibarnamə üzrə nümayəndəsi qismində iştirak etmişdir. Qeyd olunan iş üzrə xx.xx.2024-cü il tarixdə yekun məhkəmə qərarı qəbul edilmiş, həmin gün məhkəmə prosesi yekunlaşdıqdan sonra saat 16:30 radələrində Zərərçəkmiş şəxs anası Şahid1 ilə birgə məhkəmənin inzibati binasının üçüncü mərtəbəsində yerləşən qəbul otağına icazəsiz və aqressiv şəkildə daxil olaraq yüksək səslə qışqırmaqla məhkəmə sədri tərəfindən qəbul olunmasını tələb etmişdir. Həmin vaxt məhkəmənin sədri Kamran Süleymanov özünün icraatında olan başqa bir işlə əlaqədar müşavirədə olduğuna görə Zərərçəkmiş şəxs gözləməli olduğu, həmçinin, məhkəmədə qəbul qaydaları onun özü tərəfindən izah edilmiş və məhkəmə sədrinin qəbul otağında bu cür qanunazidd hərəkətlərə son qoyması tövsiyə edilmişdir. Bundan sonra o özü qəbul otağından çıxmış, lakin Zərərçəkmiş şəxs səs-küyünün bir qədər də artdığını eşidib onun sakitləşmədiyini başa düşərək yenidən geri qayıtmışdır. Qəbul otağına qayıtdıqda Zərərçəkmiş şəxs vahiməli bir səslə qışqıraraq həmin otaqda masanın üzərində olan komputer avadanlığını yerə çırpmaq istədiyini görmüş, həmin vaxt orada olan Şahid1 komputer avadanlığını tutub saxlayaraq yerə düşməsinə imkan verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs otaqdakı masanın üzərində olan digər texniki avadanlığa əl ataraq onu götürməyə cəhd etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt otaqda olan əməkdaşlara, həmçinin, onu sakitləşdirmək istəyən anasına da məhəl qoymadan ucadan və çox yüksək səslə qışqıraraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Binanın birinci mərtəbəsində olan mühafizə polisi qəbul otağına çağırılmış, bundan sonra o, həm Zərərçəkmiş şəxs, həm də onun anası Şahid1 inzibati binadan kənarlaşdırılmalarını, müqavimət göstəriləcəyi təqdirdə polis əməkdaşlarının çağırılmasını tapşırmışdır. Mühafizə polisi Şahid4 Zərərçəkmiş şəxs sakitləşdirmiş, onun hərəkətlərinin qarşısı alınmış və Zərərçəkmiş şəxs anası ilə birlikdə mühafizə polisi vasitəsilə məhkəmənin inzibati binasından kənarlaşdırılmışdır. Zərərçəkmiş şəxs hərəkətləri 3-4 dəqiqə davam etmiş, həmin vaxt orada Zərərçəkmiş şəxs, onun anası Şahid1, məhkəmənin əməkdaşlarından Şahid3, Şahid2, mühafizə polisi Şahid4 və o özü olmuşlar. Bu zaman binanın digər otaqlarındakı əməkdaşlardan Zərərçəkmiş şəxs səs-küyünü eşidib qəbul otağının qarşısındakı dəhlizə toplaşan şəxslər olsa da, həmin əməkdaşların konkret olaraq kimlər olduğunu hazırda xatırlamır. Zərərçəkmiş şəxs hərəkətləri barədə müvafiq akt tərtib edilərək Lənkəran şəhər-rayon Polis Şöbəsinin araşdırma orqanına təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək onun barəsində şikayət etmişdir. O, Zərərçəkmiş şəxs vurmamış və ona hər hansı şəkildə xəsarət yetirməmiş, habelə, onu və ya anasını həbs etdirməklə hədələməmiş, tutduğu vəzifəyə aid olan səlahiyyətlər çərçivəsində belə bir hərəkətlərin edilməsi ağlabatan da deyildir. Ümumiyyətlə, həmin vaxt otaqda onun dayandığı yer ilə Zərərçəkmiş şəxs dayandığı yer arasında həm bir qədər məsafə, həm də fiziki olaraq digər şəxslər, o cümlədən Şahid1 özü olmuşdur. Onun tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, dayısı Eytibar Nəhmətli barəsində Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş inzibati iş üzrə onun anası Şahid1 zərərçəkmiş şəxs qismində tanınmış və o özü həmin iş üzrə anasının etibarnamə üzrə nümayəndəsi qismində iştirak etmişdir. Qeyd olunan iş üzrə xx.xx.2024-cü il tarixdə hakim Rəşad Məmmədov tərəfindən yekun məhkəmə qərarı qəbul edilərək işin icraatına xitam verilmişdir. Bundan sonra o və anası Şahid1 hakim Rəşad Məmmədov işə obyektiv baxdığına görə onun barəsində təşəkkür bildirmək üçün, əvvəllər həmin işə baxmış və qərarı apellyasiya qaydasında ləğv edilmiş hakim Muradağa Qasımov barəsində isə şikayət etmək üçün məhkəmə sədri Kamran Süleymanovun qəbuluna gəlmişlər. Onlar qəbul otağına daxil olaraq orada əyləşən Şahid2 adlı əməkdaşa məhkəmə sədrinin qəbulunda olmaq istədiklərini bildirmişlər. Şahid2 otaqda olan telefonla məhkəmənin sədrinə zəng etmək istədikdə məhkəmənin böyük məsləhətçisi Şəxs həmin otağa daxil olaraq onlardan nə üçün gəldiklərini soruşmuşdur. Onlar məhkəmə sədrinin qəbuluna gəldiklərini dedikdə Şəxs sədrin onları qəbul edə bilməyəcəyini deyərək Şahid2 zəng etməməsini tapşırmışdır. Şəxs onlarla yüksək səs tonu ilə danışdığına görə o da ucadan danışmış və məhkəmə sədri tərəfindən qəbul olunacağını yüksək səslə qışqıraraq bildirmişdir. Bundan sonra həmin otağa adlarını bilmədiyi şəxslər də gəlmiş, Şəxs isə Şahid2 mühafizə polisinə zəng edib həmin otağa çağırmasını tapşırmışdır. Az sonra məhkəmənin mühafizə polisi vəzifəsində işləyən Şahid4 adlı şəxs oraya gəlmişdir. Bu zaman Şəxs onun sol qolunun yuxarı hissəsindən tutaraq itələyib çölə atmış, həmin vaxt yıxılmaması üçün anası Şahid1 onun qolundan tutmuşdur. Bundan sonra onlar məhkəmənin inzibati binasını tərk etmişlər və o, məhkəmə binasının qarşısında olarkən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Şəxs barəsində şikayət etmişdir. O, məhkəmə sədrinin qəbul otağında olarkən yüksək səslə danışıb qışqırsa da, masanın üzərində olan komputeri və ya digər hər hansı texniki avadanlığı vurub sındırmağa, yerə atmağa cəhd etməmişdir. Həmçinin qeyd etdi ki, Şəxs onu döydüyünə görə hazırda da ondan şikayətçidir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutlan inzibati həbs cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir ki, heç olmasa minimum həddə cərimə cəzası tətbiq edilsin. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, qardaşı Eytibar Nəhmətli barəsində Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və qızı Zərərçəkmiş şəxs həmin iş üzrə onun etibarnamə üzrə nümayəndəsi qismində iştirak etmişdir. Qeyd olunan iş üzrə xx.xx.2024-cü il tarixdə hakim Rəşad Məmmədov tərəfindən yekun məhkəmə qərarı qəbul edilərək işin icraatına xitam verilmişdir. Bundan sonra o və qızı məhkəmə sədri Kamran Süleymanovun qəbuluna gəlmişlər. Onlar qəbul otağına daxil olduqdan sonra qızı Zərərçəkmiş şəxs həmin otaqda əyləşən Şahid2 adlı əməkdaşa məhkəmə sədrinin qəbulunda olmaq istədiklərini bildirmişdir. Şahid2 otaqda olan telefonla məhkəmənin sədrinə zəng etmək istədikdə məhkəmənin böyük məsləhətçisi Şəxs həmin otağa daxil olaraq onlardan nə üçün gəldiklərini soruşmuşdur. Onlar məhkəmə sədrinin qəbuluna gəldiklərini dedikdə Şəxs sədrin onları qəbul edə bilməyəcəyini deyərək Şahid2 zəng etməməsini tapşırmışdır. Şəxs onlarla yüksək səs tonu ilə danışdığına görə qızı Zərərçəkmiş şəxs da ucadan danışmış və məhkəmə sədri tərəfindən qəbul olunacağını yüksək səslə qışqıraraq bildirmişdir. Bundan sonra həmin otağa adlarını bilmədiyi iki nəfər hündür boylu oğlan gəlmiş, Şəxs isə Şahid2 mühafizə polisinə zəng edib həmin otağa çağırmasını tapşırmışdır. Az sonra oraya məhkəmənin mühafizəçiləri də gəlmişlər. Lakin heç kim onları məhkəmə sədrinin qəbuluna dəvət etməmiş, orada olan hər kəs Şəxs göstərişlərinə əməl etmişdir. Şəxs onları həmin otaqdan çıxarmış, bundan sonra onlar məhkəmənin inzibati binasını tərk etmişlər və qızı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Şəxs barəsində şikayət etmişdir. Məhkəmə sədrinin qəbul otağında olarkən, qızı Zərərçəkmiş şəxs yüksək səslə danışdığına görə o, həqiqətən də, bir ana kimi öz qızını sakitləşdirməyə çalışmış, onun əllərindən tutmuşdur, lakin qızı masanın üzərində olan komputeri və ya digər hər hansı texniki avadanlığı vurub sındırmağa, yerə atmağa cəhd etməmişdir. Şahid1 məhkəmə iclasında şahid qismində izahat verdikdən sonra hadisənin baş vermə şəraitini, hadisə zamanı Zərərçəkmiş şəxs və Şəxs bir-birinə nəzərən hansı istiqamətdə dayandıqlarını və sonuncunun Zərərçəkmiş şəxs bədəninin hansı hissələrindən və necə vurduğunu məhkəmə iclas zalında məhkəmə eksperimenti şəklində digər şəxsin üzərində əyani olaraq göstərməsi məhkəmə tərəfindən Şahid1 təklif edilmiş, bu zaman o, həmin şəxsin (şərti olaraq Zərərçəkmiş şəxs) sağ qol və sağ kürək nahiyələrini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Lənkəran Rayon Məhkəməsinin inzibati binasının mühafizə polisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində inzibati binanın birinci mərtəbəsində öz xidmət yerində olduğu zaman binanın üçüncü mərtəbəsində yerləşən qəbul otağından zəng edilərək Zərərçəkmiş şəxs və onun anası Şahid1 orada səs-küy salaraq məhkəmənin iş rejimini pozduqları bildirilmiş və həmin otağa gəlməsi ondan xahiş edilmişdir. O, təxminən 1 dəqiqə ərzində binanın üçüncü mərtəbəsindəki qəbul otağına gəlib çatmış və bu zaman Zərərçəkmiş şəxs və onun anası Şahid1 orada olduqlarını, ucadan danışaraq səsküy saldıqlarını görmüşdür. O, həmin şəxsləri nizam-intizama dəvət etmiş və onları sakitləşdirməyə çalışmışdır. Bu zaman otqada həmin şəxslərdən başqa məhkəmənin əməkdaşlarından Şəxs, Şahid3 və Şahid2 da olmuşdur. Şəxs həm Zərərçəkmiş şəxs, həm də onun anası Şahid1 inzibati binadan kənarlaşdırılmalarını, müqavimət göstəriləcəyi təqdirdə polis əməkdaşlarının çağırılmasını tapşırmışdır. O da Zərərçəkmiş şəxs otaqdan çıxmalarını demiş, bu zaman otaqdan çıxmağa istiqamətverici şəkildə əli ilə Zərərçəkmiş şəxs, həm də Şahid1 qoluna yüngülcə toxunsa da, onların heç birinin əlini, qolunu sıxmamış, onları itələməmiş, xəsarət yetirməmiş və fiziki təsir göstərməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs anası ilə birlikdə otaqdan çıxmış və onlar məhkəmənin inzibati binasından kənarlaşdırılmışlar. Şəxs, Şahid3, Şahid2 və onun özünün iştirakı ilə Zərərçəkmiş şəxs hərəkətləri barədə müvafiq akt tərtib edilmişdir. O, həmin otaqda Şəxs Zərərçəkmiş şəxs və ya onun anası Şahid1 qolundan tutmasını, onları itələməsini və ya hər hansı şəkildə fiziki təsir göstərməsini görməmişdir. O, otağa daxil olanda Zərərçəkmiş şəxs və Şahid1 qəbul otağının bayıra çıxış qapısının yanında, Şəxs isə həmin şəxslərdən, təxminən, 2 metr kənarda, qəbul otağından məhkəmə sədrinin otağına doğru açılan giriş qapısının qarşısında olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Lənkəran Rayon Məhkəməsində tərcüməçi vəzifəsində işləyir. Onun iş yeri məhkəmə sədrinin otağının qarşısındakı otaqdır. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində öz iş otağında olduğu zaman Zərərçəkmiş şəxs anası Şahid1 ilə birgə həmin otağa daxil olaraq məhkəmə sədrinin qəbuluna gəldiklərini bildirmişlər. O, həmin şəxslərə sədrin qəbuluna icazəsiz girmələrinin mümkün olmadığını, bu barədə sədrə məlumat verməli olduğunu demiş, lakin Zərərçəkmiş şəxs qışqırmağa başlayaraq məhkəmə sədri tərəfindən qəbul olunmalarını tələb etmişdir. Şahid1 da səs-küylə danışmağa başlamışdır. O, Zərərçəkmiş şəxs və Şahid1 sakitləşdirməyə çalışsa da, Zərərçəkmiş şəxs qışqırmaqda davam etmişdir. Bu zaman məhkəmənin böyük məsləhətçisi Şəxs həmin otağa daxil olaraq nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs məhkəmə sədrinin qəbuluna keçmək istədiklərini bildirmişdir. Şəxs həmin şəxslərə məhkəmədə qəbul qaydalarını izah edərək səbirli olmalarını və gözləməli olduqlarını bildirmiş və otaqdan çıxmışdır. Lakin Zərərçəkmiş şəxs “mən içəri keçəcəyəm, yoxsa buraları sındıracağam” deyərək həmin otaqda masanın üzərində olan komputer avadanlığını əli ilə vuraraq aşırmaq istəmiş, həmin vaxt orada olan anası Şahid1 komputer avadanlığını tutub saxlayaraq yerə düşməsinə imkan verməmişdir. Bu zaman Şəxs yenə də həmin otağa qayıtmışdır. Bundan sonra Zərərçəkmiş şəxs otaqdakı masanın üzərində olan printer aparatına əl ataraq onu götürməyə cəhd etmiş, yenə də Şahid1 və otağa daxil olan Şahid3 ona mane olmuşlar. Şahid1 “sakit ol, məni peşman eləmə” ifadələrini işlədərək qızını sakitləşdirməyə çalışmış, lakin Zərərçəkmiş şəxs həmin vaxt otaqda olan əməkdaşlara, həmçinin, onu sakitləşdirmək istəyən anasına da məhəl qoymadan ucadan və çox yüksək səslə qışqırmaqda davam etdirmişdir. Şəxs ona məhkəmənin mühafizə polisinə zəng edib həmin otağa çağırmasını tapşırmış, o da zəng edərək binanın birinci mərtəbəsində olan mühafizə polisini qəbul otağına çağırmışdır. Mühafizə polisi Şahid4 həmin yerə gələrək Zərərçəkmiş şəxs sakitləşdirmiş, onun hərəkətlərinin qarşısı alınmış və Zərərçəkmiş şəxs anası ilə birlikdə məhkəmənin inzibati binasından kənarlaşdırılmışdır. Zərərçəkmiş şəxs hərəkətləri, təxminən, 3 dəqiqə davam etmiş, həmin vaxt orada Zərərçəkmiş şəxs, onun anası Şahid1, məhkəmənin əməkdaşlarından Şəxs, Şahid3, mühafizə polisi Şahid4 və o özü olmuşlar. Hadisədən sonra Zərərçəkmiş şəxs hərəkətləri barədə müvafiq akt tərtib edilmişdir. Hadisə baş verən vaxt həmin otaqda o öz iş masasının arxasında olmuş, Zərərçəkmiş şəxs masanın qarşısında, onun anası Şahid1 isə öz qızının sol tərəfində olmaqla, qızının hərəkətlərinin qarşısını almağa çalışmışdır. Şəxs həmin vaxt orada Zərərçəkmiş şəxs və ya Şahid1 qolundan tutmamış, onları itələməmiş, həmin şəxslərlə hər hansı şəkildə fiziki təmasda olmamışdır. Ümumiyyətlə, Şəxs Zərərçəkmiş şəxs və ya Şahid1 yaxınlaşmamış, otaqda olduğu vaxtda da həmin şəxslərdən 1-2 metr kənarda olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Lənkəran Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləyir. Məhkəmənin sədri Kamran Süleymanovun icraatında olan mülki işlərdən biri üzrə xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə baxış iclasında o, məhkəmə iclas katibi kimi iştirak etmişdir. Qeyd olunan məhkəmə prosesi məhkəmənin 4 nömrəli iclas zalında keçirilmiş və həmin zal məhkəmə sədrinin iş otağına yaxın olan zaldır. Qeyd olunan məhkəmə prosesi, təxminən, saat 16:20 - 16:30 radələrinədək davam etmiş və bundan sonra hakim Kamran Süleymanov müşavirəyə çıxmışdır. O özü isə tərəflərlə birgə məhkəmə iclas zalında qalmış, zalın qapısı açıq vəziyyətdə olmuşdur. Az sonra o, məhkəmə sədrinin qəbul otağı tərəfdən yüksək səs-küy gəldiyini eşidib nə isə pis bir hadisə baş verdiyini, kimə isə nəsə olduğunu zənn edərək dərhal zaldan çıxıb həmin otağa tərəf getmişdir. Qəbul otağına daxil olduğu zaman Zərərçəkmiş şəxs anası Şahid1 ilə birgə həmin otaqda olduqlarını, çox yüksək səslə qışqırdıqlarını görmüşdür. Məhkəmənin əməkdaşı Şahid2 da orada öz iş masasının arxasında dayanmış vəziyyətdə həmin şəxsləri sakitləşdirməyə çalışmışdır. Lakin Zərərçəkmiş şəxs sakitləşməmiş, otaqdakı masanın üzərində olan komputer avadanlığını əli ilə vuraraq aşırmaq istəmiş, həmin vaxt orada olan anası Şahid1 komputer avadanlığını tutub saxlayaraq yerə düşməsinə imkan verməmişdir. Bu zaman Şəxs da həmin otağa gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs otaqdakı masanın üzərində olan printer aparatına əl ataraq onu götürməyə cəhd etmiş, yenə də Şahid1 və o özü Zərərçəkmiş şəxs mane olmuşlar. O, Zərərçəkmiş şəxs sol bilək nahiyəsindən tutaraq saxlamış və digər avadanlıqları dağıtmasına imkan verməmiş, Şahid1 isə “sakit ol, məni peşman eləmə” ifadələrini işlədərək qızını sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs həmin vaxt çox əsəbi və emosional vəziyyətdə olduğundan otaqda olan əməkdaşlara, həmçinin, onu sakitləşdirmək istəyən anasına da məhəl qoymadan ucadan və çox yüksək səslə qışqırmaqda davam etdirmişdir. Şəxs Şahid2 məhkəmənin mühafizə polisinə zəng edib həmin otağa çağırmasını tapşırmış, Şahid2 da zəng edərək binanın birinci mərtəbəsində olan mühafizə polisini qəbul otağına çağırmışdır. Mühafizə polisi Şahid4 həmin yerə gələrək Zərərçəkmiş şəxs sakitləşdirmiş, onun hərəkətlərinin qarşısı alınmış və Zərərçəkmiş şəxs anası ilə birlikdə məhkəmənin inzibati binasından kənarlaşdırılmışdır. Zərərçəkmiş şəxs hərəkətləri, təxminən, 3-4 dəqiqə davam etmiş, həmin vaxt orada Zərərçəkmiş şəxs, onun anası Şahid1, məhkəmənin əməkdaşlarından Şəxs, Şahid2, mühafizə polisi Şahid4 və o özü olmuşlar. Hadisədən sonra Zərərçəkmiş şəxs hərəkətləri barədə müvafiq akt tərtib edilmişdir. O, qəbul otağına daxil olan zaman Şahid2 həmin otaqda öz iş masasının arxasında, Zərərçəkmiş şəxs masanın qarşısında, onun anası Şahid1 isə öz qızının sol tərəfində dayanmış vəziyyətdə olduqlarını görmüşdür. Şəxs isə otağa daxil olduqdan sonra otağın əks tərəfində qapının qarşısında dayanmış, Zərərçəkmiş şəxs və ya Şahid1 yaxınlaşmamış, həmin şəxslərdən 1-2 metr kənarda olmuşdur. Şəxs həmin vaxt orada Zərərçəkmiş şəxs və ya Şahid1 qolundan tutmamış, onları itələməmiş, həmin şəxslərlə hər hansı şəkildə fiziki təmasda olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Lənkəran şəhər-rayon Polis Şöbəsində toplanmış material üzrə qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın əsaslandırmaya aid son hissəsində qeyd edilmişdir ki, təhqiqat materialı üzrə toplanmış bütün sübutların məcmusuna, onların sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə, eləcə də əməli törətmiş şəxsə inzibati məsuliyyət elan olunması üçün onların kifayət etməsinə əsasən qiymət verilərək toplanmış sübutlar İnzibati Xətalar Məcəlləsi, cinayət prosessual-qanunvericilik və vicdan rəhbər tutularaq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla daxili inama görə qiymətləndirilərək mötəbər və yekun nəticəyə gəlinmişdir. Belə ki, təhqiqat zamanı əməli törətmiş Şəxs törətdiyi inzibati xəta məhkəmə-tibbi ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd olunan materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli 276 nömrəli ekspert rəyində isə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarından, eyni zamanda, hazırki inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 məhkəmə iclasında verdiyi izahatının məzmunundan da göründüyü ki, qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilərkən hər hansı araşdırma aparılmamış, yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024cü il tarixli qərara istinad edilmişdir. Həmin qərarın məzmunundan isə təhqiqatçının mötəbər sübut kimi yalnız məhkəmə-tibbi ekspertizasının rəyinə istinad etməklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olması qənaətinə gəldiyi və qərarın surətinin qeyd olunan əsasla müvafiq tədbir görülməsi üçün aidiyyəti orqana göndərildiyi müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən istinad edilən ekspert rəyinin məzmunundan göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarətlərin qəsdən və ya hadisənin axarı zəminində digər şəraitdə yetirilmiş ola bilməsi, həmçinin, xəsarətlərin özü-özünə yetirilməyə xarakterik olub-olmaması araşdırma zamanı təhqiqat orqanı və ya inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən ekspertin qarşısında sual olaraq qoyulmadığı kimi, həmin sualların cavabı ekspert rəyində də öz əksini tapmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs digər şəraitdə xəsarət alması, həmçinin emosional vəziyyətdə və ya sonradan digər niyyətlə özüözünə xəsarət yetirmiş ola bilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş, bazu nahiyəsinin sıyrığı kimi xəsarətlərin xx.xx.2024-cü il tarixdə qeyd edilən şəraitdə əmələ gəlməsi, yəni həmin xəsarətlərin ona digər şəxs tərəfindən yetirilmiş olması inandırıcı deyildir. Eyni zamanda, xx.xx.2024-cü il tarixdə - ilin soyuq ayları olduğu və hələ qış fəslinin davam etdiyi bir dövrdə, yəni kimsənin, o cümlədən, Zərərçəkmiş şəxs qolsuz və ya qısaqol geyimdə olması ehtimalının olmadığı bir şəraitdə şəxsin bazu nahiyyəsinə (yəni qolun yuxarı hissəsinə) onun əynindəki paltarın üzərindən əl ilə (yəni küt hesab edilə biləcək əşyanın təsiri ilə) sıyrıq xəsarətlərinin yetirilə bilməsi mümkünsüz qədər çətindir. Belə ki, sıyrıq xəsarətləri bədənin üst dəri qatının zədələnməsi, cızılması ilə müşayiət olunan xəsarətlər sırasına aiddir ki, həmin xəsarətlərin əl ilə toxunulma, hətta itələnmə zamanı əmələ gəlməsi inandırıcı deyildir. Sıyrıq xəsarəti əlin dırnaq hissəsinin bədənə təmasından yarana bilərdi ki, bu xəsarətin də bədənlə birbaşa təmasda olmadan, yəni paltarın üzərindən, xüsusən də qış geyminin üzərindən yetirilə bilməsi qeyri-mümkündür. Tibbi müayinənin nəticələrinə dair tərtib edilmiş ekspert rəyində isə Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu nahiyəsində qançır, əzilmə və ya sıxılma kimi əl ilə yetirilə biləcək xəsarətlərin deyil, məhz sıyrıq xəsarətlərinin olduğu qeyd edilmişdir. Bu səbəbdən həmin xəsarətlərin Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə qeyd edilən şəraitdə onun kənarlaşdırılması məqsədi ilə qolundan tutulması zamanı əmələ gəlməyə xarakterik olması da istisna edilir. Hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas hesab edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qeyd olunan ekspert rəyinə və Şahid1 izahatında qeyd etdiklərinə istinadən qəbul edilmiş olsa da, qərarda göstərilən xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Baş vermiş hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət və ya hər hansı fiziki ağrı yetirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şəxs barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda da Şəxs Zərərçəkmiş şəxs hansı üsulla döyərək xəsarət və ya fiziki ağrı yetirməsi qeyd edilməmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən şəxslərdən, Şahid1 istisna olmaqla, heç biri Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi faktını təsdiq etməmiş, bu xüsusatla bağlı izahat verən yeganə şəxs Şahid1 isə Zərərçəkmiş şəxs öz anası olmaqla yanaşı, hadisənin detalları ilə bağlı öz qızının izahatı ilə də kifayət qədər ziddiyyət təşkil edən məzmunda izahat vermişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəmə araşdırması zamanı verdiyi izahatında Şəxs onun sol bazu nahiyyəsindən tutub itələyərək bayıra çıxardığını, bu zaman yıxılmaq təhlükəsi ilə üz-üzə qaldığını, anası Şahid1 onun qolundan tutduğuna görə yıxılmadığını bildirsə də, Şahid1 məhkəmə iclasında şahid qismində izahat verərkən bu faktları (itələmə, səndirləmə və ya yıxılma həddinə çatma) təsdiq etməmişdir. Eyni zamanda, Şahid1 məhkəmə sədrinin qəbul otağında olarkən qızı Zərərçəkmiş şəxs yüksək səslə danışdığını, hətta qışqırdığını, buna görə də, bir ana kimi öz qızını sakitləşdirməyə çalışmışdığını, onun əllərindən tutduğunu da inkar etməmişdir. Hadisənin baş vermə şəraitini məhkəmə eksperimenti şəklində məhkəmə iclas zalında digər şəxsin üzərində əyani olaraq göstərməsi Şahid1 təklif edildikdə isə o, həmin şəxsin sağ qol və sağ kürək nahiyələrini göstərmişdir. Bununla da, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəmənin inzibati binasında olarkən ona Şəxs və ya digər hər hansı şəxs tərəfindən xəsarət yetirilmiş olması faktı Zərərçəkmiş şəxs və onun öz anasının izahatlarındakı kifayət qədər zifddiyyətli xüsusatlarla təkzib edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin vaxt aqressiv və emosional hərəkətlər nümayiş etdirən Zərərçəkmiş şəxs orada olan şəxslər, ilk növbədə onun öz anası sakitləşdirməyə çalışmış, bu zaman onun əllərindən tutmuş və qoluna da toxunmuşlar. Bu zaman Zərərçəkmiş şəxs əlində və ya qolunda dərəcəsi təyin edilməyən hər hansı zədə və ya xəsarət izi də qala bilərdi. Zərərçəkmiş şəxs sakitləşdirməyə və onu kənara çəkməyə çalışan şəxslərin, o cümlədən, onun öz anasının ehtiyatsızlıqdan həmin şəxsə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilməsinə səbəb olması isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində “döymə” dedikdə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə nəzərdə tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs Zərərçəkmiş şəxs qarşı döymə və sair zorakı hərəkətlərlə müşayiət olunan, qəsdən fiziki ağrı yetirməyə yönələn hərəkətlər etməmişdir. Şəxs, məhkəmənin böyük məsləhətçisi vəzifəsində işləyən şəxs kimi, Zərərçəkmiş şəxs anası ilə birlikdə məhkəmənin inzibati binasından kənarlaşdırılması barədə göstəriş verdiyi halda, bunu fiziki olaraq özü icra edib Zərərçəkmiş şəxs qolundan tutmaqla və ya itələməklə binadan çıxarmış olması da məntiqli görünmür və ağlabatan deyildir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə Lənkəran şəhər-rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar