Məhkəmə qərarları › İş №3(049)-475/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-475/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-475/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Daxili İşlər Nazirliyi BDYPİ 11-ci tağım YPX inspektoru X3 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 11ci Tağım YPX-in vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində VAZ 21074 markalı ** CC *** nömrəli avtomobilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Barəsində AR İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci Tağım YPX inspektoru, polis baş serjantı X4 məhkəmə iclasında tərtib edilmiş edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs avtoxuliqanlıq hərəkəti etdiyi məhkəməyə sübut kimi təqdim etdiyi CD diskdə olan videoçəkilişlə də təsdiqlənir. Şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətaları törətməkdə təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə və sürücülük vəsiqəsi olmadan dostu Siraca məxsus olan VAZ 21074 markalı 42CC161 nömrəli avtomobili idarə etməklə, Ələt-Astara yolunun 172 km yolunda Ələt-Astara istiqamətində yaxın dostunun toy karvanına qoşulub və təxminən onun aftomobilindən əlavə 3 avtomobillə həmin karvana yürüşə qoşulub ziqzaq hərəkətləri edib qabağ tərəfləri sağ və sol istiqamətində qaldırıb yürüşü davam etdirmişdir. Avtoxuliqanlıq etiyi üçün nəqliyyat axınına və sərnişinlərin həyatı üçün təhlükə yaratdığı üçün əməlindən peşmandır. Ona görə də ona barəsində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. CD diskdə olan video çəkilişə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilən zaman müəyyən edildi ki, radələrində VAZ 21074 markalı ** CC *** nömrəli avtomobil avtomagistralda avtomaşın karvanında idarəetmədədir. Həmin avtomaşının sürücüsü avtomaşını qəflətən sürətləndirməklə, sağa, sola hərəkət etdirir, avtomaşının qabaq təkərləri həmin hərəkət nəticəsində asfalt səthindən ayrılır və asfalt üzərində izlər yaranır. Şəxs məhkəmə iclasındakı izahatında video çəkilişdə olan radələrində VAZ 21074 markalı ** CC *** nömrəli avtomobilin onun tərəfindən idarə edildiyini bildirdi. “Elektron məhkəmə” informasiya sistemində olan çıxarışdan müəyyən edilir ki, Şəxs sürücülük vəsiqəsi mövcud deyildir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş X1 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 9 ay müddətinə məhdudlaşdırılmaqla barəsində 15 (on beş gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «03» iyun 2025-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar